CROSSMEDIA - Nizaminin türkcə divanı
Elm və təhsil

Nizaminin türkcə divanı

Bu günlərdə akademik Nizami Cəfərovun layihə rəhbəri oldugu “Divani Seyx Nizami” kitabı çapdan çıxdı. Tədqiqatçı Dr. Sədyar Vəzifənin (Eloğlunun) tapıb üzə çıxardıgı əlyazmanın öyrənilməsi, mütəxəssislərin müzakirəsinə verilməsi və əlyazmanın mükəmməl təhlili istiqamətində mühüm bir addım atıldı.

Nizaminin Azərbaycan dilində (türkcə) divanı haqqında ilk söhbətlər hələ 1970-ci illər, sovetlər dövründə gündəmə gəlmişdi. O zaman Misirin Xədəviyyə kitabxanasında tapılmış əlyazma ilə əlaqədar xeyli söhbətlər getdi. Kitabı görən də danışırdı, görməyən də. Hamı “Nizamişünas” olmuşdu. Bir nəticəsi də olmadı, hətta kitabın əlyazmasını tapıb çap da etmədilər. Dedilər ki, bu türkiyəli Nizamidir. Olsun türkiyəli Nizami, məgər o zaman kitab  çap olunmur. Konyalı Nizami də bizim üçün əhəmiyyətli deyil məgər?

Nəhayət, müstəqillik illərində kitab tapıldı, Azərbaycana gətirildi və çap da olundu. Tədqiqatçı Eloğlunun zəhmətləri ilə kitabın mətnşunaslıq təhlili də edildi və məlum oldu ki, cavab birmənalı deyil, kitabın ciddi təhlilə ehtiyacı var, son qərarın verilməsindən öncə ciddi araşdırmalar aparılmalıdır. Eləcə də Nizaminin adına qeydiyyata alınmış digər əlyazmaları da tapılmalı, çap edilməli, mətnlər müqayisə və təhlil edilməlidir.


Nəhayət Nizami Gəncəvinin Azərbaycan (türk) dilində divanının yeni bir əlyazması da üzə çıxdı. Bu əlyazmanı da Eloğlunun zəhmətləri ilə əldə etdik, kitabın üzü köçürüldü, çapa hazırlandı və nəhayət ilk nəşri qarşımızdadır. Bütün ədəbiyyatsevənlərin gözü aydın olsun.

Son yüz ildə hər bir azərbaycanlıya  dərs deyen ədəbiyyat müəllimi, Nizami Gəncəvi və onun yaradıcılığı haqqında nə deməsindən asılı olmayaraq, mütləq qeyd edib ki, Nizami azərbaycanlıdır və onun Azərbaycan dilində əsərləri olub, itirilib. Bir çox ədəbiyyat dərsi deyənlərin ola bilsin ki, şairin “Pedər bər pedər mərəmra tork bud  -   ke hər yek be nıru yeki qorg bud” (Atam və onun atası türk idilər, hər biri bir qurd (canavar) kimi idilər) beytindən də xəbəri olmamışdır. Lakin bir “genetik kod” daim bizə xatırladırdı ki, Nizaminin Azərbaycanca divanı mütləq mövcuddur və bir gün onu tapıb üzə çıxaracağıq.


Yeni tapılmış əlyazmanın ilk səhifəsində şübhələri aradan götürən “divane Şeyx Nizami” sözləri yazılıb və bu da onu göstərir ki, ədəbiyyat aləmində yalnız bir şeyx Nizami olub. Konyalı Nizami 28 yaşında dünyasını dəyişmiş bir gənc şair idi və şeyx Nizami olaraq adlandırıla bilməzdi.


Nizaminin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Hər birimiz erkən yaşlarımızdan “Kərpickəsən kişinin rəvayətini, Sultan Səncərə nəsihət edən qarının həyat nümunələri ilə tərbiyə olunmuşuq. Odur ki, Nizami əsərlərindən hər bir azərbaycanlının da bir gözləntisi var. Nizaminin  Azərbaycanca divanı dedikdə mexaniki olaraq “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”, və ya “Pəmbeyi dage cunun içrə nihandır bədənim” kimi, klassik üslublu misralar təsəvvürümüzdə  forma və modellər yaradır. “Axı biz Nizamini tanıyırıq”, Nizami məhz belə olmalıdır düşüncəsi  istəklərimizdə kök salıb. Nizamini yalnız tərcümələr vasitəsi ilə oxumuş ədəbiyyatçılar da Nizami haqqında müəyyənləşmiş, heykəlləşmiş, formalaşmış bir fikirə malikdirlər. Divanın çapa hazırlanması zamanı əldə olunan ilk parçalarla səbirsizliklə tanış olan ədəbiyyatseverlərin baxışlarında anında bir məyusluq özünü göstərirdi. Hiss  olunur ki, hətta hazırlıqlı ədəbiyyat bilicisi belə öz məyusluğunu gizlədə bilmirdi. Sanki, “Nizami ümüdlərimizi doğrultmadı...”


Son 10-15 ildə Nizami Gəncəvi  haqqında yazılan əsərlərdə bir tendensiya özünü göstərməkdədir. Sanki bu tədqiqatçılar Azərbaycan oxucusunu inandırmağa çalışır ki, “Nizami türkcə əsər yazmayıb...” Tədricən bu fikirlər elmiləşir, hətda ziyanlı mənbələrdən dəlil-sübutlar da gətirilir. Məgər Azərbaycan oxucusu sübut etməlidir ki, bu əlində olan “Divani Şeyx Nizami” həmin Gəncəli Nizamidir, yoxsa farslar, ərəblər və bəluclar bunu bizim üçün subut etməlidir ki, bu divan o divan deyil...


Haqqında söhbət gedən əlyazmanın ayətullah Qolpayəqaninin şəxsi kitabxanasında saxlanılması haqqında məlumat verilib. Maraqlı fakt odur ki, bu Qolpayəqani o kitab haqqında heç vaxt və heç nə deməyib. 1898-ci ildə İsfahan yaxınlıgında, Qolpayeqan deyilən kənddə anadan olmuş bu şəxs 95 il yaşayıb və 1993-cü ildə vəfat edib. Onun Nizami haqqında nəsə deməsini heç kim xatırlamır. Ölümündən sönra şəxsi kitabxanası Qum şəhərində yerləşən islam akademiyasının kitabxanasına verilir və orada bu şəxsi kolleksiya biblioqrafiyalaşır. Kataloqda kitab “Nizamie Təbrizi” kimi qeyd olunur və bu da onu göstərir ki, kataloqlaşmanı edən  də farsdır və kitabın mahiyyətini o qədər də anlamayıb. Əlyazamada türkcə şerləri görüb anlamadığına görə onu ənənəvi olaraq Təbrizə bağlamaq İranda bir üsuldur.


Azərbaycan şərqşunasları, türkoloqları, dilçi və ədəbiyyatşünas alimlər bu “Divani Şeyx Nizami” əlyazması haqqında öz fikirlərini yəqin ki, deyəcəklər. Biz ədəbiyyatsevərlər üçün divanın Konyalı Nizami (Qaramanlı Nizami) ya da Şeyx Nizamiyə (Nizami Gəncəvi) aid olmasından asılı olmayaraq bu kitab əzizdir, möhtərəmdir və bizim milli-mədəni mirasımızdır.


Ədəbiyyatsevərlərin yadındadır, 90-cı illərin əvvəllərində Qurban Səidin “Əli və Nino” əsəri çap olunaraq Azərbaycanda dövriyyəyə yenicə daxil olmuşdu ki, bu əsərin Yusif Vəzir Çəmənzəminliyə aid olması haqqında müzakirələr  qızışdı. Bu müzakirələr uzun illər heç bir nəticə verməsədə “Əli və Nino” əsəri milyonlarla tirajla dünyaya yayıldı və yayıldıqca da bizi dünyada təmsil etdi, bizimlə birlikdə həm Qurban Səidi, hən də Yusif Vəzir Çəmənzəminlini.


Pərviz Kazımi


Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru




 

12:04 01.02.2025

Oxunuş sayı: 4378

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR