Silah əldə etmək istəyənlər üçün XƏBƏR var: yaş senzi dəyişdirilir - AÇIQLAMA

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün yaş məhdudiyyəti hazırda 18-dir. “Xidməti və mülki silah haqqında” qanunda yenilik edilməsi təklif olunub. Dəyişiklik layihəsinə əsasən, Azərbaycanda vətəndaşların mülki odlu silah əldə etmək hüququnun yaş həddinin 21-ə qaldırılması nəzərdə tutulur.
Qanunvericilikdə yaş məhdudiyyətinin dəyişdirilməsinə səbəb olan amillərlə bağlı hüquqşünas Yalçın Hacızadə Crossmedia.az-a açıqlama verib.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətlər “Xidməti və mülki silah haqqında” qanunla tənzimlənir: “Bu qanuna əsasən, silahlar istifadə təyinatına görə xidməti silah, mülki silah, döyüş silahı, soyuq silah, odlu silah, pnevmatik silah, qaz silahı, özünümüdafiə silahı, ov silahı, idman silahı, təlim silahı və s. olaraq ayrılır. Bunların əldə olunması, saxlanılması, gəzdirilməsi və istifadə qaydaları fərqlidir”.
Y. Hacızadənin sözlərinə görə, mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olmaq üçün nəzərdə tutulmuş, ümumi uzunluğu 800 millimetrdən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən silahdır: “Hal-hazırda qüvvədə olan, 1997-ci ildə qəbul olunmuş qanuna görə, mülki silah əldə etmə yaşı 18-dir. Həmin qanuna müəyyən dəyişikliklər edilməsi üçün müzakirə olunan layihədə bu yaş həddinin 21-ə qaldırılması nəzərdə tutulur. Qanunlara dəyişikliklər sosial sifariş, ictimai qaydanın və asayişin daha da yaxşı tənzimlənməsi və digər zərurətlərdən irəli gəlir. Hesab edirəm ki, mülki silah əldə etmə yaşının artırılması silahdan istifadədə mövcud olan nöqsanların qarşısını almaq və daha yetişkin insanların belə silahları əldə etməsini təmin etmək məqsədini daşıyır”.
Fidan Hacızadə
13:27 24.01.2025
Oxunuş sayı: 6913