“Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır
Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
Crossmedia.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstan çempionu "Uypeşt"lə üz-üzə gələcək.
Matç Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qarşılaşmanı fransalı Viktor Şe idarə edəcək. Ona latviyalı Sergey Saçmans və İqor Yaçeviç kömək göstərəcəklər. Görüşün "timekeeper"i polşalı Dominik Lorke, hakim-inspektoru almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.
10:02 27.10.2026
Oxunuş sayı: 49