Azərbaycan fikir tarixinin unudulmaz siması: Cəlil Məmmədquluzadə
4 yanvar 1869-cu il Naxçıvanda Azərbaycan ədəbiyyatında və mədəniyyətində unudulmaz iz qoymuş böyük yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadə dünyaya göz açıb. Məmmədquluzadə gənc yaşlarından elmə, maarifə və yaradıcılığa olan marağı ilə seçilirdi. O, kasıb və dindar ailədə dünyaya gəlsə də, biliyə olan həvəsi ilə özünü daim inkişaf etdirərək həm Azərbaycanda, həm də beynəlxalq arenada tanınmış bir şəxsiyyətə çevrildi.
Ailəsinin dindar olması Cəlil Məmmədquluzadənin təhsil həyatında da özünü göstərmişdi. Belə ki, o, 1873–1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877–1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə xatirələrində qeyd etmişdir:
"7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm."
Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Mirzə Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə az yer verilirdi. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin müəllimlərinin böyük rolu olmuşdur.
Mirzə Cəlilin publisistik fəaliyyəti
İlk nömrəsi 1906-cı il aprelin 20-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, "Molla Nəsrəddin" adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. Cəlil Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar.
Başqa mollanəsrəddinçilər kimi, Cəlil Məmmədquluzadə də irtica və qaragüruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. Lakin o, öz fəaliyyətini dayandırmır, xalqına xidmət vəzifəsini qürurla və layiqincə davam etdirirdi.
Mirzə Cəlilin qələmə aldığı "Anamın kitabı" əsəri XX əsr Azərbaycan ədəbiyyatının ən aktual problemlərindən birini işıqlandıran əsərlərindəndir. Əsər XX əsr Azərbaycan mühitini tam şəkli ilə oxucuya izah edir, Azərbaycan daxilindəki əqidə cəhətdən bölünməklə parçalandığımızı izah etməyə çalışırdı.
Azərbaycan mətbuat və ədəbiyyat tarixinə öz imzası ilə adını qızıl hərflərlə yazdıran Mirzə Cəlil, 100 il bundan əvvəl yazıb-yaratmasına baxmayaraq, bu gün üçün də oxunaqlı və aktualdır.
Ayhan Ağarzayev
12:05 04.01.2025
Oxunuş sayı: 5103