Diqqət - İtirilmiş orqan funksiyalarını geri qaytara bilərsiniz
Müasir tibb artıq yalnız xəstəliyi müalicə etməklə kifayətlənmir, xəstəlik və ya travma nəticəsində itirilmiş funksiyaların mümkün qədər bərpa olunmasına da çalışır. Orqanların funksiyasının zəifləməsi və ya tamamilə itirilməsi insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Lakin son illərdə tibbi texnologiyaların inkişafı bu sahədə yeni imkanlar yaradıb. Amputasiya olunmuş ətrafların funksiyasını qismən bərpa edən müasir protezlər, müxtəlif orqanların fəaliyyətini dəstəkləyən implantlar və süni orqan texnologiyaları bunun nümunələrindəndir. Artıq bəzi hallarda insanın itirdiyi mexaniki funksiyaların kompensasiya edilməsi ilə yanaşı, orqanların əsas fizioloji fəaliyyətlərinin əvəzlənməsi istiqamətində də ciddi elmi araşdırmalar aparılır. Xüsusilə ürək, qırtlaq və digər həyati əhəmiyyət daşıyan orqanlarla bağlı texnologiyalar tibbin imkanlarını genişləndirir. Bununla belə, hər hansı orqanın funksiyasının tam şəkildə bərpası hələ də mürəkkəb elmi məsələ olaraq qalır. Çünki insan orqanizmində orqanların fəaliyyəti bir-biri ilə sıx bağlıdır və xüsusilə beyin, şüur və psixika ilə əlaqəli funksiyaların əvəzlənməsi daha böyük çətinliklər yaradır. Bəs müasir tibb xəstəlik və travmalardan sonra itirilmiş funksiyaları nə dərəcədə geri qaytara bilir və bu istiqamətdə hansı imkanlar mövcuddur?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib:
“İstənilən xəstəlikdən sonra orqanizmin funksionallığının mümkün qədər bərpa olunması əsas şərtdir. Yəni bütün orqanlar və beyindəki bütün funksiyalar — istər mexaniki hərəkətlər, istərsə də şüur və psixika ilə bağlı proseslər — müəyyən bir fizioloji və funksional tutuma malikdir. Travmalar və ya xəstəliklər nəticəsində yaranan məhdudiyyətlər, eləcə də bu fizioloji tutumun itkisi və azalmasının bərpası üçün günümüzdə çox genişmiqyaslı işlər görülür. Məsələn, amputasiya olunmuş ətrafların yerinə hərəkəti xeyli aktivləşdirən və xəstəyə böyük rahatlıq bəxş edən müasir protezlər mövcuddur. Bununla yanaşı, qırtlaq xərçəngi zamanı orqanın xaric edilməsi ilə bağlı onun funksiyasını əvəz edən yeni implantlar meydana gəlmişdir. Ürək protezlərini də misal göstərmək olar; hazırda heyvan mənşəli, məsələn, donuzdan alınan bu protezlərin daha uzunömürlü və keyfiyyətli olması istiqamətində addımlar atılır".

Professor qeyd edib ki, bütün bunlar böyük elmi nailiyyətlərdir və onların hər birinin tətbiqi xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Zeynəb Həsən
16:30 16.09.2026
Oxunuş sayı: 49