107 illik şərəfli yol: Azərbaycan sərhədçiləri Vətənin keşiyində
Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107 illiyidir.
107 il... Bu rəqəmin arxasında bir xalqın müstəqillik arzusu, dövlətçilik iradəsi və nəsildən-nəslə ötürülən and dayanır.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunu qəbul edir. Gənc Cümhuriyyət üçün bu sadəcə bir qanun deyildi. Bu, dünyaya verilən mesaj idi: "Bizim sərhədlərimiz var və biz onu qorumağı bacarırıq." Həmin gün sərhəd mühafizəsinin hüquqi əsası qoyuldu. 2000-ci ildən bu tarix rəsmi olaraq sərhədçilərimizin peşə bayramı kimi qeyd olunur.
Çünki sərhəd xəritədəki xətt deyil. Sərhəd dövlətin nəfəs aldığı yerdir. Sərhəd suverenliyin, təhlükəsizliyin, müstəqilliyin başladığı nöqtədir. Və o nöqtənin keşiyində dayanmaq ən ağır, ən şərəfli vəzifədir.
AXC daha ilk günlərdən başa düşürdü: dövlət olmazsa, sərhəd də olmaz. Ona görə də 1918-ci il iyunun 22-də Poylu stansiyasında ilk sərhəd postu yaradıldı. Sonra Salahlı, Şıxlı... 1919-cu ildə isə artıq 99-a yaxın sərhəd postunun yaradılması nəzərdə tutulurdu.
Təəssüf ki, Cümhuriyyətin ömrü qısa oldu. Amma o dövrdə qoyulan təməl dağıla bilmədi. O iradə nəsillərə miras qaldı.
Müstəqilliyi bərpa edəndən sonra 1991-ci il dekabrın 9-da “Dövlət sərhədi haqqında” Qanun, dekabrın 16-da Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradılması ilə yeni mərhələ başladı. Ən böyük dönüş isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra oldu. 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində üçrəngli bayrağımızın qaldırılması təkcə bir bayraq sancmaq deyildi. Bu, "Biz qayıtdıq" demək idi.
2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətinin müstəqil qurum kimi formalaşması ilə Azərbaycan sərhəd mühafizəsi artıq müasir, peşəkar bir orduya çevrildi.
Bu gün Azərbaycan sərhədçisi təkcə avtomat tutan əsgər deyil. O, texnologiyanı bilən, strateji düşünən, Vətənə and içmiş peşəkardır. O, təkcə quru sərhədlərdə deyil, Xəzərin dalğalı sularında da xidmət edir.
Müasir zastavalar, müşahidə sistemləri, yeni texnika... Bütün bunlar vacibdir. Amma ən vacibi insandır. Çünki sərhədçi ailədən, evdən uzaqda, soyuqda, istidə, dumanlı dağlarda, kimsəsiz sərhəd xəttində 24 saat sayıqlıq edir. Onun xidmətinin nəticəsi çox vaxt görünmür. Görünməməsi də yaxşıdır. Çünki görünmürsə, deməli sərhəddə sakitlikdir.
2020-ci il. 44 gün.
Vətən müharibəsində sərhədçilərimiz də ön cəbhədə idilər. Onlar təkcə qorumaq üçün yox, azad etmək üçün vuruşdular. İşğaldan azad olunan torpaqlarda, dövlət sərhədimizdə yenidən üçrəngli bayrağı qaldıran məhz onlar oldular.
Bu gün Qarabağda, Şərqi Zəngəzurda, bir vaxtlar ayaq basmağa qorxduğumuz sərhəd boyu indi Azərbaycan sərhədçisi dayanır. Bu mənzərə 107 illik tarixə ən gözəl cavabdır.
Sərhədçi olmaq peşə deyil, taledir. Bu, səbrdir, dözümdür, sayıqlıqdır. Bu, ailənin də fədakarlığıdır. Çünki sərhədçi xidmətdə olanda arxada onu gözləyən ana, ata, övlad da bu andın yükünü daşıyır.
107 il bizə bir şeyi öyrətdi: nə qədər dövlətimiz varsa, sərhədimizin keşiyində də o qədər məğrur sərhədçi dayanacaq.
Bugün Azərbaycan Sərhəd Mühafizəsinin 107 illiyidir!
Bütün sərhədçilərimizi ürəkdən təbrik edirəm!
Vətən sərhədində ayıq-sayıq dayanan hər birinizə möhkəm can sağlığı, çətin xidmətinizdə uğurlar arzulayıram. Allah sizi qorusun.
Şərəfli yolunuz daim açıq olsun. Üçrəngli bayrağımız isə sərhədlərimizin hər qarışında əbədi dalğalansın!
Nigar Xəlilli
11:05 18.08.2026
Oxunuş sayı: 67