CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: FED

16:09 14.10.2026

ABŞ dollarının bahalaşması dayanıb: Bazarlar inflyasiya göstəricilərini gözləyir

72

ABŞ dollarının indeksi son günlərdə müşahidə olunan yüksəlişdən sonra sabitləşib. İnvestorlar Federal Ehtiyat Sisteminin (FED) gələcək pul-kredit siyasətinə təsir göstərə biləcək inflyasiya məlumatlarını gözləyirlər. Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, dollar indeksi çərşənbə axşamı 0,4 faiz azalaraq 102,2 bənd səviyyəsində qərarlaşıb. Bu göstərici 2025-ci ilin aprelindən bəri qeydə alınmış ən yüksək səviyyə olan 102,6 bənddən bir qədər aşağıdır. Çərşənbə günü saat 11:00 GMT-də indeks 102,2 bənd ətrafında sabit qalıb. Proqnozlara əsasən, ABŞ-də illik ümumi inflyasiyanın 3,4 faizdən 3,6–3,7 faizə, baza inflyasiyasının isə 2,4 faizdən 2,5 faizə yüksələcəyi gözlənilir. İnflyasiyanın proqnozları üstələməsi FED-in sərt pul-kredit siyasətini davam etdirməsi ehtimalını gücləndirə bilər. Pul bazarlarında bu ay faiz dərəcələrinin dəyişməz saxlanılması ehtimalı 80 faiz, dekabrda artırılması ehtimalı isə 92 faiz qiymətləndirilir. Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Uilyams bildirib ki, cari ildə bir dəfə faiz artımından sonra əlavə sərtləşdirməyə ehtiyac yaranmaya bilər. Onun sözlərinə görə, inflyasiyanın zəifləməsinə təsir edən amillər qalmaqdadır və gələn il qiymət artımının səngiməsi gözlənilir. “Rabobank”ın baş valyuta strateqi Ceyn Foli bildirib ki, Avropa iqtisadiyyatındakı struktur problemlər, enerji idxalından asılılıq və siyasi qeyri-müəyyənlik avroya təzyiq göstərir. Onun fikrincə, Almaniya və Fransada siyasi risklərin artması dolların təhlükəsiz aktiv kimi mövqeyini gücləndirir. “Societe Generale” bankının valyuta strategiyası üzrə rəhbəri Kit Caks isə dolların bahalaşmasını Yaxın Şərqdəki münaqişə, neft qiymətlərinin yüksəlməsi, ABŞ iqtisadiyyatında süni intellektin inkişafı və qlobal istiqraz bazarlarındakı dəyişikliklərlə əlaqələndirib. Analitiklər hesab edirlər ki, ABŞ-də açıqlanacaq inflyasiya göstəriciləri dolların növbəti istiqamətinin müəyyənləşməsində həlledici rol oynayacaq. Gözləntilərdən yüksək inflyasiya dolların yenidən möhkəmlənməsinə səbəb ola bilər. Ekspertlərin fikrincə, Avropadakı siyasi və iqtisadi qeyri-müəyyənlik, eləcə də qlobal geosiyasi risklər yaxın aylarda dolların güclü mövqeyini qorumasına şərait yarada bilər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR