16:52 04.03.2026
Azərbaycana yeni investorların cəlb olunması gözlənilir
717
Azərbaycan son illərdə enerji strategiyasında bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Bu istiqamətdə ölkənin uzunmüddətli məqsədlərindən biri enerji istehsalında alternativ mənbələrin payını artırmaq və enerji təhlükəsizliyini daha da gücləndirməkdir. Prezident İlham Əliyev də çıxışlarında qeyd edir ki, bərpa olunan enerji potensialının genişləndirilməsi həm iqtisadi inkişaf, həm də enerji resurslarından daha səmərəli istifadə baxımından böyük əhəmiyyət kəsb edir.
Dövlət başçısının bildirdiyinə görə, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat həcmində elektrik enerjisi əldə etməyi planlaşdırır. Bu enerji potensialı ölkənin daxili tələbatının ödənilməsi, sənaye və texnologiya sahələrinin inkişafı, eləcə də artıq qalan enerji resurslarının ixracı üçün mühüm imkanlar yaradacaq. Xüsusilə kommunikasiya sektoru, süni intellekt və məlumat mərkəzlərinin inkişafı baxımından elektrik enerjisinin artırılması strateji əhəmiyyət daşıyır.