ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalara hazırlaşır
ABŞ Prezidenti Donald Tramp İranın iqtisadiyyatına qarşı təzyiqləri daha da sərtləşdirəcəyini açıqlayıb. Vaşinqtonun Tehrana qarşı indiyədək görülməmiş tədbirlər tətbiq etməyə hazırlaşdığı bildirilir. Yeni sanksiyaların əsas hədəfinin İranın neft gəlirləri və maliyyə imkanları olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ABŞ Maliyyə naziri Skott Bessent yeni tədbirlərin gələn həftədən etibarən tətbiq oluna biləcəyini deyib. Tramp administrasiyasının İran neftini alan Çinin müstəqil neft emalı zavodlarına, eləcə də Tehranın neft gəlirlərinin dövriyyəsində iştirak edən Çin banklarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi bildirilir.
Bundan başqa, İranın sanksiyalardan yayınmasına kömək edən şirkət və şəxslərin, həmçinin neft daşıyıcılarının və valyuta mübadiləsi ilə məşğul olan qurumların hədəfə alınması mümkündür. ABŞ rəsmiləri İranın ticarət imkanlarını məhdudlaşdırmaq üçün aviasiya sektoruna qarşı əlavə tədbirləri və mümkün quru blokadası variantını da nəzərdən keçirirlər.
16:37 16.08.2026
Oxunuş sayı: 52