Xətt danışanda…
“Xəttin şifrəsi”… – Bu, bir kitab adıdır. Budur, kitaba verilmiş ad özü ayrıca bir fəlsəfi traktat təsiri bağışlayır.
İlk söz – ilk nöqtə, ilk işarə, ilk xətlə maddiləşib.
Biz indi xəttin şifrəsindən danışırıq, oysa, xətt və şifrə ayrılıqda bir aləmdir; bu iki sözün arasında minilliklər yatır.
Xətt… Şifrə…
Xətt görünəndir, şifrə görünməyəndir.
Xətt formadır, şifrə məna.
Xətt əldən çıxır, şifrə ağıldan.
Xətt gözə görünür, şifrə yalnız yaddaşa…
Azərbaycanın Əməkdar rəssamı, professor Məmmədhüseyn Hüseynovun “Xəttin şifrəsi” kitabını vərəqlədikcə, müəllifin xətt çəkmədiyi, xətt oxuduğu hiss olunur. Daha doğrusu, o, nənə-babaların çəkdiyi xətləri yenidən danışdırır.
Bax, bu, artıq sənətşünaslıqdan bir qədər fərqli (böyük) hadisədir.
Biz çox zaman yazının tarixindən danışarkən mixi yazını, heroqlifləri, Orxon-Yenisey daş bitiklərini yada salırıq.
Ancaq doğal olaraq belə sual doğur:
Bəs yazı yalnız abedən – yəni əlifbadanmı başlanır?
Yoxsa yazı ondan öncə də vardı?
Əgər yazını “anlamın işarə ilə ötürülməsi” kimi qəbul etsək, onda xalça da yazıdır. – Elə deyilmi? – Palaz da, kilim də yazıdır, qayaüstü təsvir də, damğa da, naxış da yazıdır.
Və… xətt onların abesidir.
Müəllif kitab boyu bax bunu göstərməyə çalışmırmı?..
Nə üfüqi xətt təsadüfdür, nə şaquli; nə maili xətt təsadüfidir, nə qırıq xətt… Nöqtə belə təsadüfi deyil, nöqtə.
Bu gün biz onları bəzək elementi kimi qəbul edirik.
Dədələrimiz-nənələrimiz isə onları
duyğu-düşüncə, fikir və ismarıc daşıyıcısı kimi işlədirdi – onlara xarakter verirdi.
Əslində qədim insanın qarşısında bizim malik olduğumuz imkanlar yox idi; onun “Facebook”u, “WhatsApp”ı yox idi; elektron poçtu yox idi. Mətbəəsi, qəzeti yox idi. Kitabxanaları da yox idi.
Lakin onun yaddaşı vardı, yaddaşı.
O yaddaşın dili vardı.
Həmin dil isə xalı-xalçalarda, kilimlərdə, palazlarda, keçələrdə yaşayırdı.
Qabların üzərində yaşayırdı, qayaüstü rəsmlərdə, damğalarda yaşayırdı yaddaş.
Bir sözlə, ulusun bütün maddi mədəniyyəti eyni zamanda ismarıc, bilgi daşıyıcısı idi.
Bu gün biz sosial şəbəkələr üzərindən xəbər göndəririk; əcdad isə ilmə ilə, naxışla xəbərləşirdi.
Biz kod yazırıq, onlar naxış toxuyurdu.
Biz şifrələnmiş fayl göndəririk, onlar şifrələnmiş xalça…
Biz “bulud” yaddaşından danışırıq, onlar isə kollektiv yaddaşı xalçanın üzərinə köçürürdü...
Bu baxımdan “Xəttin şifrəsi” kitabı dekorativ sənət araşdırmasından daha üstün əsərdir.
Bu kitab qədim türk bağqurma (kommunikasiya) sisteminin mümkün modelidir.
Özünüz təsəvvür edin: bir xalça Borçalıdan yüklənib Tovuza yetişdirilir, Tovuzdan qaldırılıb Gəncəyə daşınır, oradan çıxarılıb, Bakıda axşamlayır, Bakıdan danüzü Təbrizə çatdırılır, oradan Kərkükə, Kərkükdən Anadoluya, Anadoludan Balkanlara yolçu edilir…
Yolboyu gömrüklər dəyişir, sınırqoruyucular dəyişir, dil, üslub, yöntəm dəyişir; ancaq dəyişməyən bir nəsnə vardır – o da xalçanın üzərindəki işarələr, işarələrdə yatan ruh diliydi...
Onu yalnız eyni mədəni yaddaşa sahib insanlar tam oxuya bilir.
Bu anlamda xalça həm sənət əsəridir, həm pasportdur;
həm məktubdur, həm qutsal mətn,
həm də, necə deyərlər, kirmişcə danışıq...
Məmmədhüseyn Hüseynov bu kitabda maraqlı bir metodoloji xətt qurur.
O, həndəsəni mifologiya ilə birləşdirir, riyaziyyatı etnoqrafiya ilə danışdırır. Sənətşünaslığı semiotika ilə qovuşduran sənətkar, arxeologiyanı da xalçaşünaslıqla bağlayır, folkloru ornamentlə üz-üzə gətirir.
Beləliklə, xətt artıq sadəcə həndəsə olmaqdan çıxır; yeni anlamlar qazanmağa haqqı çatdığını nümayiş etdirir.
Bəli, xətt semantik hadisəyə çevrilir.
Kitabın diqqət çəkən cəhətlərindən biri də müəllifin istinad dairəsidir.
Fərqli dillərdə yüzə yaxın qaynaqdan yararlanması, Pazırık xalısından Qobustan təsvirlərinə, qədim damğalardan Azərbaycan Milli Xalça Muzeyinin eksponatlarına qədər geniş material bazasına söykənməsi araşdırmanın hissiyyatdan daha çox, elmi təmələ söykəndiyini aydın göstərir.
Bax, bu, özlüyündə kitabın dəyərini artıran önəmli cəhətdir.
Bununla belə, mənim üçün kitabın ən maraqlı tərəfi bir başqa yerdədir.
Müəllif xətti keçmişin qalığı kimi “çəkmir” (göstərmir), onu gələcəyin açarı kimi tanıdır. Bu, olduqca vacib yanaşmadır. Çünki rəqəmsal yüzillik əslində yenidən işarələr dönəminə qayıdır. Qərinələr öncə yol işarələri ilə başlamış spiralvari “xətti dönüm” çağımızda emojilər… piktoqramlar… QR kodları… bar-kodlar… və ya süni intellektin vektor dilləri şəklində təcəlli etmirmi?.. – Bəs elə bunların hamısı yeni dönəmin işarələridir...
Deməli, insanlıq abedən sonra yenidən işarə mədəniyyətinə qayıdır.
Bu anlamda qədim damğalarla rəqəmsal kodlar arasında gözlənilməz bir körpü yaranır.
Və “Xəttin şifrəsi” həmin körpünün qədim dayaqlarını göstərən parlaq kitablardan biridir.
Gəlin bu yerdə bir həqiqəti də vurğulamadan keçməyək: mədəniyyət heç vaxt yalnız muzeylərdə yaşamır. O, öncə insanın düşüncəsində yaşayır. Düşüncə isə işarə yaradır. İşarə xəttə çevrilir. Xətt naxış olur. Naxış yaddaşa çevrilir. Yaddaş ulusu yaşadır… Ulusun qutsal ismarıclardan uzaqlaşdığı anlar ola bilər, ancaq ondan qopa bilməz…
Elə buna görə də bu kitabın əsas qəhrəmanı nə xətdir, nə xalça…
Bu kitabın əsas qəhrəmanı ulusun kodlaşmış yaddaşıdır. Ən azı Yada daşı qədər qədim, Ürək daşı qədər umudlu, Orxon bitikləri qədər sarsılmaz, Qobustan qayaları qədər səssiz, Pazırık xalısı qədər danışqan bir yaddaş…
Məmmədhüseyn Hüseynov “Xəttin şifrəsi” ilə oxucunu sadəcə xalça naxışlarını öyrənməyə çağırmır; o, bizi öz mədəniyyətimizi yenidən oxumağa səsləyir.
Bəzən bir ulusun ən böyük kitabı kağız üzərində yazılmır.
Biz özümüzdən bilirik, o kitab xalçada toxunur; daşda həkk olunur o kitab.
Tarixə enərsən, bir də görərsən, kitab dediyin gil qabın üzərinə çəkilmişdir… damğada yaşamışdır.
Nəhayət, nəsildən-nəslə ötürülərək ulusun “dərin mədəniyyət” koduna çevrilir. – Səməd Vurğunun diləzbəri misralarını xatırlayaq:
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən-nəsilə bir yadigardır…
Əcdadlarımız heç vaxt təsadüfi xətt çəkməmiş, heç vaxt səbəbsiz nöqtə qoymamışdır. Onların hər xətti bir fikir, hər nöqtəsi bir başlanğıc, hər naxışı isə zamanın o üzündən gələn səssiz bir kəlam olmuşdur.
Bu anlamda “Xəttin şifrəsi” Azərbaycan dekorativ sənətinin, türk mədəni yaddaşının və milli semiotik düşüncəsinin açarlarından birini təqdim edən ciddi elmi əsərdir. O, xətti həndəsədən mədəniyyətə, ornamenti bəzəkdən mətnə, xalçanı məişət əşyasından sivilizasiya bəlgəsinə yüksəldir. Bax, elə bunlara görə “Xəttin şifrəsi” əsəri xalçabiliciləri ilə yanaşı, kulturoloqların, folklorşünasların, tarixçilərin, filosofların, semiotika araşdırmaçılarının və bütövlükdə ulus yaddaşının gələcəyi ilə ilgilənən hər bir oxucunun masaüstü kitablarından biri olmağa layiqdir.
Çünki ulusun həqiqi tarixi salnamələrlə birgə, bir ilmədə, bir damğada, bir xətdə də yaşaya bilir. Professorun “Xəttin şifrəsi” həmin dərin keçmişin dilini öyrədən kitablardandır. O, “Xəttin şifrəsi” ilə xətti yalnız izah etməyib, onu yenidən düşüncəyə cəlb edib. Bu isə hər bir ciddi elmi əsərin çata biləcəyi ən yüksək nəticələrdən biridir…
Əkbər QOŞALI
16:16 27.07.2026
Oxunuş sayı: 73