100 yaşlı britaniyalı uzunömürlülüyünün sirrini açıqladı: Poker oynayın
Böyük Britaniyada 100 yaşını qeyd edən Ayvor Parker uzunömürlü olmasının əsas səbəblərindən birinin poker oyunu olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
Məlumata görə, Parker pokerlə ilk dəfə 1940-cı ildə, 14 yaşı olarkən tanış olub. O vaxtdan bəri kart oyunu onun həyatının ayrılmaz hissəsinə çevrilib.
Britaniyalının sözlərinə görə, poker insan beynini daim işləməyə məcbur edir. Oyun zamanı qalib gəlmək ehtimalını hesablamaq, rəqiblərin davranışını analiz etmək və düzgün qərarlar vermək zehni aktiv saxlayır.
Parker illər ərzində oyunçuların davranışındakı ən kiçik dəyişiklikləri belə müşahidə etməyi öyrəndiyini deyib. Onun fikrincə, məsələn, sakit oturan bir oyunçunun kartları aldıqdan sonra qəfil irəli əyilməsi güclü kombinasiyaya sahib olduğunu göstərə bilər.
100 yaşlı britaniyalı hesab edir ki, poker xüsusilə yaşlı insanlar üçün həm beyin məşqi, həm də sosial aktivliyi qorumaq baxımından faydalıdır. O bildirib ki, təqaüdə çıxdıqdan sonra bir çox insan cəmiyyətdən uzaqlaşır, halbuki müntəzəm ünsiyyət və zehni fəaliyyət sağlam qocalmanın vacib şərtlərindəndir.
Parker yeni başlayanlara məğlubiyyətlərə görə ruhdan düşməməyi də tövsiyə edib.
"Əgər oyunu uduzdunuzsa, onu keçmişdə qoyun və növbəti oyuna köklənin", – deyə o bildirib.
Qeyd edək ki, Ayvor Parker ilk poker oyunundan 86 il keçməsinə baxmayaraq, bu gün də oynamağa davam edir və hesab edir ki, daim düşünmək, hesablamaq və insanları müşahidə etmək onu 100 yaşında belə fəal saxlayır.
00:34 28.07.2026
Oxunuş sayı: 34