Peskov: “İstəklilər koalisiyası” müharibəni qızışdıran qüvvədir
Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinin proqramı, Ukrayna müharibəsi, Qərbin siyasəti və Rusiya mədəniyyəti ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Peskov bildirib ki, Prezident Vladimir Putin bu gün Ümumrusiya Xalq Cəbhəsinin "Qələbə üçün hər şey" forumunda iştirak edəcək və təşkilatın rəhbərliyi ilə görüşəcək.
O qeyd edib ki, Xalq Cəbhəsi prezidentin "birbaşa xətti"nə daxil olan müraciətləri il ərzində sonadək işləyir.
Kremlin sözçüsü vurğulayıb ki, Xalq Cəbhəsi Ukrayna müharibəsində iştirak edən hərbçilərin təminatı və onlara yardım məsələlərinin həllində mühüm rol oynayır.
Peskov "İstəklilər koalisiyası"nı müharibəni qızışdıran koalisiya adlandırıb.
O əlavə edib ki, Kreml "İstəklilər koalisiyası"nın görüşünü diqqətlə izləyəcək.
Peskov bildirib ki, həmin koalisiya Rusiyaya strateji məğlubiyyət yaşatmağın mümkün olduğuna inanmaqla dərin yanlış təsəvvür içindədir.
Kremlin sözçüsü qeyd edib ki, Azov dənizində gəmiçiliyə dair məsələlər Rusiya Nəqliyyat Nazirliyinin səlahiyyətinə daxildir.
O vurğulayıb ki, Rusiya mədəniyyəti Avropada ciddi təzyiqlə üzləşib.
Peskov Venesiya Biennalesinin təşkilatçılarına Rusiya pavilyonunun açılmasına görə təşəkkürünü ifadə edib.
Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya Qərbin ölkənin mədəniyyətini ləğv etməyə yönəlmiş cəhdlərini davam etdirməsindən təəssüflənir.
14:24 13.07.2026
Oxunuş sayı: 58