Vens: İran öhdəliklərini yerinə yetirsə, qlobal iqtisadiyyata qayıda bilər
ABŞ-in vitse-prezidenti Cey Di Vens bildirib ki, İran əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edərsə, Vaşinqton bu ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasına şərait yaratmağa hazırdır.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Vens İsveçrədə imzalanması gözlənilən memorandumun mahiyyətini bir cümlə ilə belə ifadə edib: “Əgər İran bu saziş çərçivəsində öz öhdəliklərinə əməl edərsə, Amerika Birləşmiş Ştatları bu ölkənin qlobal iqtisadi arenaya qayıtması üçün zəmin yaratmağa hazırdır”.
ABŞ vitse-prezidenti vurğulayıb ki, Prezident Donald Tramp heç vaxt məqsədinin Reza Pahləvini İranda hakimiyyətə gətirmək olduğunu bildirməyib. Onun sözlərinə görə, Trampın əsas məqsədi İranın nüvə fəaliyyəti ilə bağlı təhlükələrin aradan qaldırılması olub.
Vens qeyd edib ki, İranla müharibənin davam etdirilməsini tələb edənlər Trampın Amerika xalqına verdiyi vədlərlə ziddiyyət təşkil edən mövqe sərgiləyirlər. O bildirib ki, ABŞ administrasiyası uzunmüddətli hərbi qarşıdurmadan daha çox diplomatik həllə üstünlük verir.
Vitse-prezident, həmçinin xüsusi vurğulayıb ki, İranın əldə edə biləcəyi iqtisadi faydalar heç bir halda ABŞ-nin maliyyə vəsaitləri və ya aktivləri hesabına təmin edilməyəcək. Onun sözlərinə görə, Tehran razılaşmanın bütün müddəalarına əməl edərsə, Vaşinqton sanksiyaların ləğvi və xarici investisiyaların cəlb olunması üçün imkanlar yaradacaq.
10:36 18.06.2026
Oxunuş sayı: 56