ABŞ İranla bağlı 14 bəndlik memorandumun tam mətnini açıqladı
ABŞ administrasiyası İranla imzalanmış 14 bəndlik “Qarşılıqlı Anlaşma Memorandumu”nun (MoU) tam mətnini dərc edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sənəd ABŞ və İran arasında yekun razılaşmanın əldə olunmasına yönəlmiş 60 günlük danışıqlar prosesinin əsasını təşkil edir.
Memoranduma əsasən, ABŞ, İran və onların müttəfiqləri bütün istiqamətlər üzrə, o cümlədən Livanda hərbi əməliyyatları dərhal və daimi olaraq dayandırmağa razılaşıblar.
Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəklərini, daxili işlərə müdaxilə etməyəcəklərini öhdələrinə götürüblər. Həmçinin 60 gün ərzində yekun sazişin hazırlanması və imzalanması üçün danışıqlar aparılacaq.
Sənədə görə, ABŞ dəniz blokadasının aradan qaldırılmasına dərhal başlayacaq və bu proses 30 gün ərzində tam başa çatdırılacaq. İran isə Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etməyə çalışacaq.
Memorandumda ABŞ və regional tərəfdaşlarının İranın bərpası və iqtisadi inkişafı üçün minimum 300 milyard dollar dəyərində plan hazırlaması da nəzərdə tutulur.
Eyni zamanda, Vaşinqtonun İrana qarşı tətbiq edilən bütün sanksiyaların, o cümlədən BMT, MAQATE və ABŞ-ın birincili və ikincili sanksiyalarının ləğvinə çalışacağı bildirilir.
İran isə nüvə silahı hazırlamaq və əldə etmək niyyətindən imtina etdiyini təsdiqləyib. Bundan əlavə, zənginləşdirilmiş nüvə materialları ilə bağlı məsələlərin MAQATE-nin nəzarəti altında həllinə razılıq verib.
Sənədə əsasən, yekun razılaşma əldə edilənədək İran nüvə proqramının hazırkı statusunu qoruyacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgədə hərbi iştirakını artırmayacaq.
Memorandumun digər müddəaları İran neftinin ixracına icazələrin verilməsini, dondurulmuş aktivlərə çıxışın təmin olunmasını və razılaşmanın icrasına nəzarət mexanizminin yaradılmasını əhatə edir.
Qeyd olunur ki, yekun saziş əldə olunacağı təqdirdə, o, BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnaməsi ilə təsbit ediləcək
09:28 18.06.2026
Oxunuş sayı: 49