Trampdan İran, İsrail və Yaxın Şərqlə bağlı geniş açıqlamalar
ABŞ prezidenti Donald Tramp İran, İsrail və Yaxın Şərq siyasətinə dair bir sıra sərt və diqqətçəkən bəyanatlar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, İranın bombalanmasına çağırış edənləri tənqid edərək bildirib ki, belə çağırışlar yalnız ağılsız insanlar tərəfindən edilir. Donald Tramp əlavə edib ki, heç bir ölkə bizə gəlib zəhmət olmasa bombalamağa davam edin demir.
Tramp həmçinin İranın yeni rəhbərliyini çox ağıllı insanlar kimi qiymətləndirib və İranla yaxın zamanda razılaşma imzalanmasının mümkün olduğunu, bunun hətta yaxın günlərdə baş verə biləcəyini bildirib.
İsraillə münasibətlərə toxunan Donald Tramp ABŞ-nin İsrailin böyük tərəfdaşı olduğunu, İsrailin isə nisbətən kiçik tərəfdaş kimi çıxış etdiyini deyib. O, həmçinin keçmiş ABŞ administrasiyalarının İran sazişi ilə bağlı qərarlarında öz rolunu vurğulayaraq İsraili xilas etdiyini iddia edib.
Tramp dondurulmuş İran aktivləri ilə bağlı da danışaraq, bu vəsaitlərin İrana məxsus olduğunu və onların geri qaytarılmalı olduğunu bildirib. Əks halda bunun ABŞ dollarına etibara zərər verə biləcəyini qeyd edib.
ABŞ prezidenti çıxışında əlavə olaraq Rusiya prezidenti Vladimir Putin və Çin lideri Xi Cinpinə İran məsələsində neytral mövqelərinə görə təşəkkür edib.
O, həmçinin İranın blokadasının hərbi bombardmanlardan daha təsirli olduğunu, ABŞ-nin isə əvvəlki əməliyyatlarda milyardlarla dollar dəyərində sursat xərclədiyini bildirib.
Tramp İsrailin Beyruta endirdiyi zərbələri də tənqid edərək onları lazımsız adlandırıb. İranın Minab şəhərində məktəbə edilən zərbə ilə bağlı isə səhvlər olur deyərək hadisənin araşdırıldığını bildirib.
Sonda o qeyd edib ki, İranla razılaşma öhdəliklər yerinə yetirildikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv etməyi planlaşdırır.
23:20 17.06.2026
Oxunuş sayı: 50