Türkiyədə İtaliyanın SAMP-T hava hücumundan müdafiə sistemi yerləşdiriləcək
Türkiyə Müdafiə Nazirliyi Konya şəhərində yerləşən hərbi hava bazasında İtaliyaya məxsus SAMP-T hava hücumundan müdafiə sisteminin yerləşdiriləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, NATO-nun daimi müdafiə planı çərçivəsində SAMP-T sisteminin bir batareyası Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Bazasında yerləşdiriləcək. Məqsəd alyansın regiondakı hava müdafiə imkanlarını gücləndirməkdir.
Bildirilib ki, sözügedən sistem İtaliya Silahlı Qüvvələrinə məxsusdur və Türkiyə ərazisində NATO-nun kollektiv müdafiə mexanizmi çərçivəsində müvəqqəti olaraq yerləşdirilir.
Rəsmi açıqlamada vurğulanıb ki, bu addım Türkiyə ordusunun yeni silah sistemi alması anlamına gəlmir. Söhbət müttəfiq ölkəyə məxsus hava hücumundan müdafiə kompleksinin müvəqqəti dislokasiyasından gedir.
Qeyd olunur ki, Konya uzun illərdir Türkiyə Hərbi Hava Qüvvələrinin və NATO-nun Mərkəzi Anadoludakı əsas hərbi infrastruktur mərkəzlərindən biri hesab olunur. Yeni yerləşdirmə ilə bazanın hava müdafiəsinin daha da gücləndirilməsi nəzərdə tutulur.
13:20 17.06.2026
Oxunuş sayı: 46