Rusiyanın “Oreşnik” raketi hədəfdən onlarla kilometr yayınma riski daşıyır
Rusiyanın “möcüzə silahı” kimi təqdim etdiyi “Oreşnik” raket kompleksində ciddi texniki problemlərin olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, "Dallas Analytics" analitik mərkəzinin araşdırmasına görə, raketin əsas zəif tərəfi onun tuşlama sistemidir.
Araşdırmada qeyd olunur ki, “Oreşnik” müxtəlif sovet dövrü layihələrinin elementlərindən formalaşdırılmış bir sistemdir. Raketin naviqasiya sisteminin əsas komponentlərindən biri olan GU-503 giroskop bloku 1970-ci illərin texnologiyalarına əsaslanır. Həmin avadanlığın istehsalı və sazlanması üçün istifadə olunan texnologiyaların bir hissəsi artıq köhnəlib, bəzi detallar isə ümumiyyətlə istehsal olunmur.
Analitiklərin hesablamalarına görə, hipersəs sürəti ilə hərəkət edən raket üçün cəmi 0,5 dərəcəlik istiqamət xətası belə onun hədəfdən onlarla kilometr uzağa düşməsinə səbəb ola bilər.
Hesabat müəllifləri son aylarda qeydə alınan bəzi uğursuz zərbələri də bununla əlaqələndirirlər. İddia olunur ki, may ayında raketin döyüş bloklarından biri Ukraynanın Bila Tserkva şəhərində qaraj kooperativinə düşüb, digəri isə Donetsk vilayətinin işğal altındakı hissəsi üzərində itib.
Araşdırmada həmçinin bildirilir ki, Kreml tərəfindən istehsalçılara göstərilən təzyiq və qısa vaxt tələbləri səbəbindən bəzi standart keyfiyyətə nəzarət prosedurlarından imtina edilib.
Dallas Analytics-in məlumatına görə, ilk istehsal partiyasına daxil olan “Oreşnik” raketlərindən hazırda yalnız birinin döyüş qabiliyyətini qoruyub saxlaması ehtimal edilir.
Qeyd edək ki, bu məlumatlar Dallas Analytics-in araşdırmasına əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib. Rusiya tərəfi isə bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
11:54 17.06.2026
Oxunuş sayı: 56