ABŞ və İran arasında mümkün razılaşmanın şərtləri məlum oldu
ABŞ və İran arasında 14 maddədən ibarət anlaşma memorandumu hazırlandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya" telekanalı yayıb.
Sənədə əsasən, tərəflər memorandumun imzalanacağı təqdirdə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını, bir-birinə qarşı düşmənçilik hərəkətlərindən çəkinməyi, həmçinin güc tətbiqi və ya bununla hədələməmək öhdəliyini üzərlərinə götürəcəklər.
Memorandumda ABŞ və İranın bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, daxili işlərinə qarışmaması, həmçinin yekun sülh sazişinin əldə olunması üçün maksimum 60 gün müddətində danışıqlar aparması nəzərdə tutulur.
Sənədə görə, ABŞ memorandumun imzalanmasından dərhal sonra dəniz blokadasını ləğv etməli, maksimum 30 gün ərzində dəniz nəqliyyatını tam bərpa etməli və son razılaşmadan sonra qoşunlarını qonşu ərazilərdən çıxarmalıdır.
İran isə Fars körfəzi və Oman dənizində kommersiya gəmiçiliyinin bərpası üçün lazımi addımlar atacaq və texniki maneələrin aradan qaldırılması, eləcə də minaların təmizlənməsindən sonra bu fəaliyyətin müharibədən əvvəlki səviyyəyə qaytarılmasını təmin edəcək.
Memorandumun diqqətçəkən bəndlərindən biri ABŞ və regional tərəfdaşları tərəfindən İran iqtisadiyyatının bərpası və inkişafı üçün ən azı 300 milyard dollar həcmində maliyyələşdirmənin nəzərdə tutulmasıdır. Bildirilir ki, bu planın icra mexanizmi yekun razılaşma ilə paralel şəkildə hazırlanacaq.
Sənəddə ABŞ-nin İrana qarşı tətbiq olunan bütün mövcud sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarları əsasında qəbul edilən məhdudiyyətləri, həmçinin birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməsi də əksini tapıb.
Bununla yanaşı, İran nüvə silahı hazırlamaq niyyətində olmadığını bir daha bəyan edir. Yekun razılaşma əldə olunana qədər İran nüvə proqramını hazırkı vəziyyətdə saxlayacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və regiondakı hərbi mövcudluğunu artırmayacaq.
Sənədə əsasən, ABŞ İranın dondurulmuş aktivlərinin açılmasını, İran nefti və neft-kimya məhsullarının ixracı üçün lazımi lisenziyaların verilməsini də öhdəsinə götürür.
Tərəflər, həmçinin razılaşmanın icrasına nəzarət edəcək xüsusi mexanizmin yaradılması barədə razılığa gəliblər. Yekun sazişin isə BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur.
06:34 17.06.2026
Oxunuş sayı: 66