Rusiya Kostyantinovkada təzyiqi artırır
Ukraynanın Donetsk vilayətində yerləşən Kostyantinovka şəhəri ətrafında vəziyyətin Ukrayna Silahlı Qüvvələri üçün çətinləşdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları demək olar ki, bütün istiqamətlərdən şəhərin kənarlarına yaxınlaşıb və müdafiə mövqelərini gücləndirməklə irəliləyişini davam etdirir. Bildirilir ki, Rusiya piyadaları şərqdən Novodmitriyevka istiqamətində görünür, həmçinin Berestok və İlyinovka ərazilərindən də irəliləyiş qeydə alınıb.
Belə ki, Rusiya ordusu tələb olunan mövqelərə çatdıqdan sonra şəhərin uzunmüddətli nəzarətə götürülməsi istiqamətində fəaliyyətini genişləndirə bilər. Analitiklər bunun Pokrovsk istiqamətində tətbiq edilən taktika ilə oxşarlıq təşkil etdiyini qeyd edirlər.
Əsas təhlükələrdən biri isə Rusiya qoşunlarının şəhərin şimal hissəsində yerləşən dar quru zolağına çatmaq cəhdidir. Belə olacağı təqdirdə, Kostyantinovkanın mərkəzi və cənub hissələrinin təchizat imkanları ciddi şəkildə məhdudlaşa bilər.
Eyni zamanda, şəhərin intensiv atəşə məruz qaldığı və ciddi dağıntılarla üzləşdiyi bildirilir. Analitiklərin fikrincə, Kostyantinovkanın müdafiəsi zaman keçdikcə daha da çətinləşə bilər.
Qeyd olunur ki, Kostyantinovka Slavyansk-Kramatorsk aqlomerasiyasına gedən əsas istiqamətlərdən biri hesab olunur. İddialara görə, şəhərin Rusiya qüvvələrinin nəzarətinə keçəcəyi təqdirdə, növbəti hədəflər Drujkovka və Kramatorsk ola bilər.
06:55 17.06.2026
Oxunuş sayı: 61