İran–ABŞ danışıqları mərhələlərə bölündü
İranın xarici işlər naziri Abbas Əraqçı xarici ölkələrin səfirləri və müvəqqəti işlər vəkilləri ilə görüş zamanı İran və Amerika Birləşmiş Ştatlar arasında aparılan danışıqların detalları barədə məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, danışıqlar iki əsas mərhələyə bölünüb. O bildirib ki, mövcud mürəkkəb vəziyyət — o cümlədən İsrail və ABŞ ilə bağlı hərbi gərginlik fonunda — tərəflər prosesi mərhələli şəkildə aparmaq barədə razılığa gəliblər.
Birinci mərhələdə əsas müzakirə mövzuları kimi müharibənin dayandırılması, Hörmüz boğazı ətrafında vəziyyət, dəniz blokadasının aradan qaldırılması, İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi və yenidənqurma məsələləri qeyd olunub. Bu mərhələnin nəticəsi olaraq tərəflər arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Əraqçı əlavə edib ki, bundan sonra 60 günlük yeni danışıqlar mərhələsi başlayacaq. Həmin mərhələdə nüvə proqramı və sanksiyaların ləğvi kimi əsas məsələlərin müzakirə ediləcəyi bildirilir.
22:42 16.06.2026
Oxunuş sayı: 76