RAND Corporation hesabatı: ABŞ–İran strategiyası və nəticələr
ABŞ-nin İrana qarşı son illərdə yeritdiyi siyasət və Yaxın Şərq strategiyası ilə bağlı yayılan RAND Corporation hesabatında regiondakı güc balansına dair bir sıra qiymətləndirmələr yer alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, Vaşinqtonun İranla bağlı əsas tələbləri — xüsusilə nüvə proqramının məhdudlaşdırılması və ballistik raket imkanlarının dayandırılması tam şəkildə reallaşmayıb. Sənədə görə, Tehran nüvə proqramını saxlayıb və regiondakı mövqelərini qorumağa davam edib.
Təhlildə həmçinin ABŞ-nin İranın Rusiya və Çinlə əməkdaşlığını ciddi şəkildə məhdudlaşdıra bilmədiyi, bunun isə Tehranın beynəlxalq manevr imkanlarını genişləndirdiyi vurğulanır. Eyni zamanda, İranın dəstəklədiyi regional qüvvələrin fəaliyyəti və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) təsirinin regionda daha da artdığı iddia olunur.
Hesabatda İsrail və ABŞ-ın çəkindirmə (deterrence) imkanlarının müəyyən sahələrdə təzyiq altında qaldığı, İranın isə müxtəlif vasitələrlə regionda təsir gücünü artırmağa çalışdığı qeyd edilir.
Bununla belə, RAND analitikləri ABŞ strategiyasının tam uğursuzluq kimi qiymətləndirilməsinin mübahisəli olduğunu bildirir və prosesin hələ də davam edən geosiyasi rəqabət kontekstində dəyərləndirilməli olduğunu vurğulayır.
RAND Corporation əlavə olaraq qeyd edir ki, ABŞ–İran qarşıdurması hələ yekun nəticəyə çatmayıb və regiondakı güc balansı dəyişkən olaraq qalır.
22:20 16.06.2026
Oxunuş sayı: 55