Milli yaddaşın bədii salnaməsi – Əzim Əzimzadə
Azərbaycan təsviri sənət tarixində elə sənətkarlar var ki, onların yaradıcılığı estetik dəyər daşımaqla yanaşı, həm də bir xalqın ictimai yaddaşını, düşüncə tərzini və dövrünün gerçəkliklərini özündə yaşadır. Xalq rəssamı Əzim Əzimzadə məhz belə sənətkarlardan biridir. O, satiranı rəssamlıqla birləşdirərək cəmiyyətin ağrılarını, sosial ziddiyyətlərini və insanların gündəlik həyatını bədii dillə təsvir etməyi bacaran nadir sənət ustası kimi Azərbaycan mədəniyyətində silinməz iz qoyub.
Bu gün doğum gününü böyük ehtiramla yad etdiyimiz Əzimzadə yalnız fırçası ilə deyil, düşüncəsi, vətəndaş mövqeyi, xalq ruhuna bağlılığı ilə milli mədəniyyətimizin inkişafında silinməz iz qoymuş böyük sənət adamıdır. Azərbaycan realist qrafikasının və karikatura məktəbinin banisi hesab edilən sənətkarın yaradıcılığı bir əsrdən artıq zaman keçməsinə baxmayaraq bu gün də aktuallığını, təsir gücünü və bədii dəyərini qoruyub saxlayır.
Əzim Əzimzadənin adı çəkilən kimi göz önündə yalnız rəsmlər deyil, bütöv bir dövr canlanır. Köhnə Bakının küçələri, məişət səhnələri, insanların gündəlik həyatı, cəmiyyətin sosial ziddiyyətləri, cahillik və fanatizmə qarşı sərt etiraz, qadın azadlığı ideyaları, xalq yumoru və satira onun əsərlərində xüsusi bədii ifadə ilə əksini tapırdı. Çünki o, dövrünün ictimai düşüncəsini fırçası ilə danışdıran sənətkar idi.
Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ yaradan Əzimzadə peşəkar rəssamlıq təhsili almamışdı. Lakin bu, onun fitri istedadının qarşısını ala bilmədi. Əksinə, həyat müşahidələri, xalq mühiti, gördüyü hadisələr və daxilindəki sənət eşqi onu böyük sənətkar zirvəsinə yüksəltdi. Uşaqlıq illərindən şəkil çəkməyə böyük maraq göstərən Əzim sonradan öz üzərində çalışaraq rəngin, xəttin və obrazın dilini mükəmməl mənimsədi. Onun yaradıcılıq yolu əslində iradənin, zəhmətin və sənət sevgisinin təntənəsi idi.
Novxanı kəndində dünyaya gələn Əzim Əzimzadə ilk təhsilini mollaxanada almışdı. Lakin həyatını dəyişən əsas məqam təsadüfən gördüyü sulu boyalar oldu və həmin gündən rənglər onun taleyinə çevrildi. O, divarlara kömürlə rəsmlər çəkir, gördüyü insanları yaddaşında saxlayaraq sonradan kağız üzərinə köçürürdü. Ətrafındakıların etirazı, ailə təzyiqləri, mollaların qınağı belə onu bu yoldan döndərə bilmədi. Çünki onun daxilində artıq sənətkar doğulmuşdu.
Sonralar rus-tatar məktəbində oxuması Əzimzadənin dünyagörüşünün formalaşmasına mühüm təsir göstərdi. Burada o, müxtəlif dilləri öyrənməklə yanaşı, müəllimlər üçün əyani vəsaitlər hazırlayır, bədii əsərlərə illüstrasiyalar çəkirdi. Maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməsə də, sənətdən ayrılmamış, əksinə, həyatın qazandırdığı müşahidələr onun gələcək yaradıcılığının əsas mövzusuna çevrildi.
Əzimzadənin sənət aləminə daxil olması dövrün satirik mətbuatı ilə bağlı oldu. Xüsusilə Molla Nəsrəddin jurnalı onun yaradıcılıq taleyində xüsusi rol oynadı. Məhz bu jurnal sənətkarın satirik düşüncəsini formalaşdırdı, onu realist sənət yoluna istiqamətləndirdi. Əzimzadə burada dərc olunan karikaturaları ilə qısa müddətdə böyük şöhrət qazandı. Sonralar “Zənbur”, “Kəlniyyat”, “Baraban”, “Məzəli”, “Babayi-Əmir” kimi nəşrlərdə də çıxış edən rəssam cəmiyyətin sosial problemlərini kəskin satira ilə təsvir edirdi.
Onun yaradıcılığının əsas mövzularından biri xalqın ağır güzəranı, sosial ədalətsizlik və cəhalət idi. Əzim Əzimzadə dini deyil, din adı altında yayılan fanatizmi, geriliyi və insan azadlığını məhdudlaşdıran düşüncə tərzini tənqid edirdi. O, qadın hüquqsuzluğunu, patriarxal münasibətləri, savadsızlığı və ikiüzlü ictimai münasibətləri böyük ustalıqla ifşa edirdi. “Varlı evində toy” və “Kasıb evində toy” əsərlərindəki kontrastlar, “Mirasın bölüşdürülməsi”, “Kəndirbaz”, “Kos-kosa”, “Tonqaldan atlanırlar” kimi tablolar xalq həyatının həm məişət rəngarəngliyini, həm də sosial ziddiyyətlərini əks etdirirdi.
Əzimzadənin əsərlərində yumor xüsusi yer tuturdu. Lakin bu yumor sadəcə güldürmək üçün deyildi. O, insanı düşündürən, cəmiyyətin eyiblərini üzə çıxaran, ictimai qüsurları göstərən sənət dili idi. Rəssam mimika və jestlər vasitəsilə obrazın xarakterini elə dəqiq ifadə edirdi ki, tamaşaçı həmin rəsmdə bütöv bir hekayəni görə bilirdi. Bu baxımdan onun karikaturaları Azərbaycan satirik təsviri sənətinin zirvəsi hesab olunur.
Böyük sənətkarın yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə də sıx bağlı idi. Xüsusilə Mirzə Ələkbər Sabir yaradıcılığı ilə Əzimzadənin sənəti arasında dərin mənəvi yaxınlıq hiss olunur. Rəssamın “Hophopnamə”yə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikasının ən dəyərli nümunələrindən hesab edilir. O, Sabirin satirik ruhunu rəsmlərdə o qədər canlı ifadə etmişdi ki, həmin şeirləri bu illüstrasiyalarsız təsəvvür etmək çətindir. Ümumilikdə sənətkar Sabirin əsərlərinə onlarla illüstrasiya çəkmiş, həmçinin Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və digər klassiklərin əsərlərinə bədii tərtibat vermişdi.
Əzim Əzimzadə yalnız qrafika ustası deyildi. O, teatr rəssamlığı sahəsində də mühüm xidmətlər göstərmişdi. Azərbaycan Dövlət Dram Teatrında müxtəlif tamaşalara dekor və geyim eskizləri hazırlayan sənətkar milli səhnə sənətinin formalaşmasında yaxından iştirak etmişdi. Onun hazırladığı səhnə tərtibatlarında milli koloritin, dövrün ruhunun və obrazların xarakterinin yüksək bədii həllini görmək mümkündür. Xüsusilə Hüseyn Cavid və Cəfər Cabbarlı əsərlərinə hazırladığı eskizlər bu gün də sənət nümunəsi kimi dəyərləndirilir.
Rəssamın fəaliyyəti yaradıcılıqla məhdudlaşmırdı. O, Azərbaycan təsviri sənətinin təşkilatlanması və inkişafı istiqamətində də böyük işlər görmüşdü. Maarif Komissarlığının İncəsənət şöbəsinə rəhbərlik etmiş, ölkədə ilk rəssamlıq məktəbinin direktoru olmuş, milli rəssamlıq kadrlarının yetişdirilməsində mühüm rol oynamışdı. Azərbaycan rəssamlarının ilk nəsli məhz Əzimzadə məktəbinin yetirmələri hesab olunur. Bu mənada onun fəaliyyəti yalnız bir rəssamın deyil, bütöv bir sənət məktəbinin tarixidir.
İkinci Dünya müharibəsi illərində də Əzimzadənin fırçası susmadı. O, faşizmə qarşı mübarizəni satirik plakat və karikaturalarında əks etdirərək insanlığa qarşı törədilən faciələri sərt şəkildə ifşa edirdi. “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Şir və pişik balası”, “Vurulmuş kartlar” kimi əsərlərində rəssamın nifrəti, etirazı və vətəndaş mövqeyi açıq hiss olunur.
Əzim Əzimzadənin yaradıcılığı milli koloritin, xəlqiliyin və həyat həqiqətlərinin sənətə çevrilmiş ifadəsidir. Onun əsərlərində Azərbaycan insanının xarakteri, düşüncə tərzi, gündəlik həyatı və mənəvi dünyası yaşayır. Buna görə də bu irs yalnız təsviri sənət nümunəsi deyil, həm də milli yaddaşın bədii salnaməsidir.
Əzim Əzimzadə – bu ad Azərbaycan mədəniyyət tarixində realist sənətin, satirik qrafikanın və milli rəssamlıq məktəbinin simvoluna çevrilib. Əzim Əzimzadə öz dövrünü rənglərlə danışdıran, xalqın ağrı-acısını sənətə çevirən və zamanın fövqünə yüksələn böyük sənətkardır. Onun yaratdığı obrazlar, çəkdiyi karikaturalar və sənətə gətirdiyi yeni nəfəs Azərbaycan təsviri sənətinin yaddaşında əbədi yaşayacaq.
Bu gün sənətkarın yaratdığı irs muzeylərdə, arxivlərdə, kolleksiyalarda qorunur, araşdırılır və yeni nəsillərə ötürülür. Bu baxımdan Əzim Əzimzadənin ev-muzeyi xüsusi əhəmiyyət daşıyır.
Əzim Əzimzadənin zəngin yaradıcılıq irsi bu gün də böyük ehtiramla qorunur, gələcək nəsillərə çatdırılır. Bu baxımdan Əzim Əzimzadənin Ev Muzeyi xüsusi əhəmiyyət daşıyır. Muzey təkcə görkəmli rəssamın yaşadığı məkan deyil, həm də onun sənət dünyasını, həyat tərzini, düşüncə mühitini və yaradıcılıq atmosferini yaşadan mənəvi ocaqdır.
Rəssamın xatirəsini əbədiləşdirmək, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini layiqincə qiymətləndirmək məqsədilə sənətkarın ailəsi ilə birlikdə yaşadığı ev əsasında mənzil-muzeyi yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli qərarına əsasən təşkil olunan muzey 1968-ci ildən fəaliyyətə başlayıb. Lakin illər keçdikcə qədim konstruksiyalı binanın texniki vəziyyəti ağırlaşdı. Divarlarında çatlar yaranan, quyular üzərində inşa edilən bu tarixi tikilini əvvəlki formada qorumaq mümkün olmadığından Mədəniyyət Nazirliyinin qərarı ilə bina yenidən tikildi. Aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra muzey müasir ekspozisiya konsepsiyası əsasında formalaşdırıldı. 2019-cu ildə yenidən qapılarını açan muzey bu gün Əzim Əzimzadə irsinin yaşadıldığı mühüm mədəniyyət ünvanlarından biridir.
Muzeyə daxil olan kimi insan sanki XX əsrin əvvəllərinin sənət mühitinə düşür. Girişdə ilk diqqəti çəkən görkəmli heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış büstdür. Bu büst 1968-ci ildə muzey açılarkən təqdim edilib və illərdir ziyarətçiləri ilk olaraq məhz Əzim Əzimzadənin düşüncəli baxışları qarşılayır. Giriş hissəsində həmçinin Ümummilli Lider Heydər Əliyevin rəssam haqqında söylədiyi məşhur fikirlər xüsusi yer tutur. 1980-ci ildə sənətkarın 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli tədbirdə Heydər Əliyev Əzim Əzimzadə haqqında demişdi: “Azərbaycanda rəssamlıq sənətinin banisi dahi rəssam Əzim Əzimzadə xalqın qəlbində daim yaşayacaqdır”. Bu sözlər muzeyin divarında xüsusi ehtiramla yerləşdirilib və sanki bütöv muzeyin ideya xəttini müəyyənləşdirir.
Giriş hissəsində quraşdırılmış monitorlarda rəssamın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunur. Digər monitorda isə onun müxtəlif janrlarda yaratdığı onlarla əsər – peyzajlar, portretlər, ornamentlər, karikaturalar ardıcıl şəkildə təqdim edilir. Otağın mərkəzində yerləşdirilmiş dairəvi masa və üzərindəki bənövşəyi güldan isə keçmiş Bakı ziyalı evlərinin ruhunu yaşadan incə detallardandır.
Muzeyin ən maraqlı və emosional bölmələrindən biri Əzim Əzimzadənin iş otağıdır. Bu otağa daxil olan kimi sanki zaman dayanır. Rəssamın çalışma masası bu gün də olduğu kimi qorunub saxlanılır. Məhz həmin masa arxasında Azərbaycan təsviri sənətinin tarixində xüsusi yer tutan yüzlərlə karikatura, plakat və eskiz yaranıb. Masanın üzərində sənətkara aid şəxsi əşyalar nümayiş olunur. Burada onun istifadə etdiyi karandaşlar, siqaret müştükləri, təqvim, mürəkkəb qabları, alışqan, stolüstü saat, tütün qutusu, çay fincanı və digər məişət əşyaları qorunur.
Ən diqqətçəkən eksponatlardan biri isə xüsusi sifarişlə hazırlanmış palitra formalı qızıl üzükdür. Üzük brilliant, almaz, zümrüd, sapfir, dağ bülluru kimi qiymətli daşlarla bəzədilib və sənətkarın yaradıcılığına verilən yüksək dəyərin simvolu hesab olunur. Burada həmçinin onun müxtəlif mükafatları, o cümlədən 1937-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında aldığı “Şərəf nişanı” ordeni də nümayiş etdirilir.
Lakin otaqdakı ən təsirli eksponat şübhəsiz ki, sınmış eynəkdir. Məlumata görə, İkinci Dünya müharibəsində döyüşən oğlunun ölüm xəbəri Əzim Əzimzadəyə çatanda sənətkar ağır sarsıntı keçirib. Həmin an gözündəki eynək yerə düşərək sınıb. Bu çatlamış eynək böyük sənətkarın yaşadığı ata ağrısının səssiz şahididir.
İş otağında rəssamın molbertinin üzərində “Molla Nəsrəddin” məktəbinin ruhunu əks etdirən əsərlərdən biri yerləşdirilib. Divarlarda isə onun müxtəlif dövrlərə aid orijinal işləri sərgilənir. Burada “Xoruz döyüşü”, “Kəndli torpaqlarının bəylər tərəfindən işğalı”, “Kərbəladan dönmə”, “Novxanı bağları”, “Məhərrəmlik məclisi” kimi əsərlərlə yanaşı, müharibə illərində yaratdığı “Vurulmuş kartlar”, “Süngüyə keçirilmiş köpək”, “Hitlerin özünü rəhbərliyə yüksəltməsi”, “Avropa zəhmətkeşlərinin tükənmiş səbri” kimi antifaşist karikaturalar da nümayiş olunur. Bu əsərlərdə həm satira, həm də dövrün ağrısı açıq şəkildə hiss edilir.
Muzeyin qonaq otağı isə Əzim Əzimzadənin ziyalı mühitini əks etdirən ən maraqlı məkanlardan biridir. Burada vaxtilə dövrün görkəmli yazıçıları, aktyorları, rejissorları, bəstəkarları toplaşar, sənət müzakirələri aparardılar. Otaqda rəssamın ailə fotoları, xüsusilə qızı Pəricahan xanımın şəkli diqqət çəkir. Bu portret 1941-ci ildə rəssamın qızının ad günü münasibətilə sənətkar Mikayıl Abdullayev tərəfindən hədiyyə olunub.
Əzim Əzimzadə yalnız rəssamlıqla deyil, dramaturgiya, ədəbiyyat və fəlsəfə ilə də yaxından maraqlanırdı. Rəssamın kitab rəfi də onun zəngin dünyagörüşündən xəbər verir. Burada Azərbaycan və dünya ədəbiyyatına aid çoxsaylı kitablar yer alır. O, Azərbaycan, rus, fars və erməni dillərində sərbəst oxuyub-yaza bilirdi.
Otaqda yerləşən piano da xüsusi diqqət çəkir. Musiqini çox sevən rəssam işləyərkən tez-tez zümzümə edər, övladlarının piano ifasını dinləyərdi. Kiçik qızı Zəhra xanımın pianoda ifa etdiyi melodiyalar altında Əzimzadənin rəsm çəkməsi ailə xatirələrində xüsusi yer tutur. Pianonun üzərində isə rəssamın “Kommunist” qəzetində işlədiyi dövrdə çəkilmiş fotoşəkli yerləşdirilib.
Muzeyin son otaqlarından birində qədim İçərişəhərin böyük maketi nümayiş etdirilir. Heykəltəraşlar tərəfindən hazırlanmış bu kompozisiyada Əzim Əzimzadənin əsərlərində yer alan Bakı tipləri, milli geyim nümunələri və köhnə şəhər atmosferi canlandırılıb.
Bu muzeyin ən böyük özəlliyi ondadır ki, burada yalnız eksponatlar nümayiş olunmur. Burada bir insanın həyatı, bir dövrün ruhu, Azərbaycan mədəniyyətinin bütöv bir mərhələsi yaşayır, hər detal Əzim Əzimzadənin sənətə, həyata və xalqa bağlılığını hiss etdirir.
Muzeyin direktoru, sənətşünas İradə Əzimzadə söhbət zamanı Crossmedia.az-la fikirlərini bölüşərkən bildirib ki, bu ev-muzeyi ölkəmizdə yaradılan ilk rəssamlıq ev muzeyi olmaqla yanaşı, milli mədəniyyət tarixində xüsusi bir mərhələdir.

Direktor uzun illərdir muzeydə fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, Əzim Əzimzadə karikatura ustası kimi təqdim olunsa da, onun yaradıcılığı daha genişdir:
“Sənətkarın peyzaj, portret və ornament əsərləri də var və bu nümunələr onun çoxşaxəli sənət dünyasını göstərir. Muzey fondunda 2000-dən çox eksponat qorunur və bunların hər biri sənətkarın yaradıcılıq yolunun müxtəlif mərhələlərini əks etdirir. Bununla yanaşı, bir çox əsərlərini İncəsənət Muzeyi, Tarix Muzeyi və Teatr Muzeyinə hədiyyə edib ki, gələcək nəsillər onun sənət dünyası ilə tanış ola bilsin”.
Muzeydə qorunan eksponatlar arasında İradə xanım üçün ən simvolik olanlardan biri köhnə telefondur. O izah edir ki, bu telefon Əzimzadənin dövründə baş verən mühüm hadisələrin şahididir. Sənətkarın məhz bu telefon vasitəsilə siyasi rəhbərliklə əlaqə saxlaması, oğlunun müharibəyə göndərilməsi ilə bağlı yaşananlar bu eksponatı muzeyin ən emosional detalına çevirib:
“Əzimzadə müharibə illərində üç oğlunu da vətən uğrunda cəbhəyə göndərmişdi. Daha sonra bu telefon vasitəsilə etdiyi müraciət zamanı o, tək bir istəyini ifadə etmiş və Mir Cəfər Bağırovdan gələcəkdə tanınmış rəssam olacaq Mikayıl Abdullayevin arxa cəbhədə saxlanılmasını xahiş etmiş, bu müraciət qəbul olunmuşdur.
Həmin telefon illər sonra qara xəbərin şahidinə çevrilir. Müharibədə oğlunun itkisi xəbərini alan Əzimzadə böyük sarsıntı keçirir və bundan sonra sağlamlığı ciddi şəkildə zəifləyir. Məhz bu telefon onun həyatında həm ümid, həm də faciənin kəsişdiyi nöqtəni simvolizə edir”.
O vurğulayıb ki, muzeyin əsas gücü onun canlılığıdır. Burada hər üç aydan bir ekspozisiyalar yenilənir, fondda saxlanılan materiallar növbəli şəkildə təqdim olunur və hər ziyarətçi eyni məkanda fərqli bir Əzimzadə ilə tanış olur.
Bundan başqa, burada tez-tez sərgilər, tədbirlər və gənc rəssamların təqdimatları keçirilir ki, bu da Əzim Əzimzadə irsinin yeni nəsil üçün canlı şəkildə ötürülməsinə xidmət edir.
Əzim Əzimzadənin irsi isə təkcə Azərbaycan sərhədləri daxilində deyil, beynəlxalq miqyasda da tanınır. Onun əsərləri müxtəlif ölkələrdə nəşr olunan kataloqlarda, jurnallarda və sərgilərdə yer alıb. Bu isə sənətkarın qlobal mədəniyyət tarixində də öz yerini təsdiqləyir.
İradə xanım sonda xüsusi olaraq vurğulayır ki, Əzim Əzimzadənin yaradıcılığı yalnız keçmişi əks etdirmir, həm də bu günü izah edir. Onun əsərlərindəki sosial mesajlar, müharibə motivləri, satira və insan taleyi mövzuları bu gün də aktualdır və yeni oxunuş tələb edir.
P.S. Layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Əzim Əzimzadə ev-muzeyinin rəhbərliyinə təşəkkür edirik!
18:48 07.05.2026
Oxunuş sayı: 66