Uşaqların erkən yaşlardan telefon və internetə yönləndirilməsi onların davranış modelinə birbaşa təsir göstərir - Psixoloq
Müasir təhsil sistemi artıq yalnız akademik göstəricilərlə deyil, şagirdlərin şəxsiyyət kimi formalaşması, emosional və psixoloji inkişafı ilə də qiymətləndirilir. Elm və təhsil naziri Emin Əmrullayevin də çıxışlarında vurğuladığı kimi, uşaqların təlim-tərbiyə prosesində real ehtiyaclarının nəzərə alınması və ailə-məktəb əməkdaşlığının gücləndirilməsi dayanıqlı təhsil mühitinin əsas şərtlərindən biridir. Bu baxımdan dəyərlərə əsaslanan yanaşmanın formalaşdırılması və valideynlərin prosesdə fəal iştirakı xüsusi aktuallıq daşıyır.

Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova Crossmedia.az-a bildirib ki, hörmətli nazirimizin bu məzmunda fikirlər səsləndirməsi təsadüfi deyil:
"Son dövrlərdə məktəblərdə müşahidə olunan zorakılıq halları, bullinqə məruz qalma, eləcə də müəllim-şagird münasibətlərində yaranan ünsiyyət problemləri bu məsələnin aktuallığını daha da artırıb. Əvvəlki illərlə müqayisədə artıq yalnız dərs göstəriciləri zəif olan deyil, yüksək akademik nəticələr əldə edən şagirdlər arasında da davranış pozuntularına rast gəlinir. Bu isə onu göstərir ki, məktəb mühitində zorakılıq və müxtəlif münaqişə formaları daha geniş yayılmağa başlayıb.Bu prosesdə əsas səbəblərdən biri ailənin tərbiyə funksiyasının zəifləməsidir".
Onun fikrincə, müasir dövrdə uşaqların həyatında valideyn nəzarətini tədricən sosial şəbəkələr və rəqəmsal mühit əvəzləyir: “Uşaqların erkən yaşlardan telefon və internetə yönləndirilməsi onların davranış modelinə birbaşa təsir göstərir. Beləliklə, tərbiyə prosesində valideyn rolunu sosial media və virtual məkan əvəz etməyə başlayır. Media vasitəsilə bu cür hadisələrin daha geniş işıqlandırılması ictimaiyyətin diqqətini artırır və bəzən bu davranışların təkrarlanmasına da dolayı təsir göstərir. İkinci mühüm məqam ailə ilə məktəb arasında gözləntilərin uyğun olmamasıdır. “Bəzi valideynlər tərbiyə funksiyasını tamamilə məktəbin üzərinə yükləyir. Halbuki məktəbin əsas missiyası tədris və təlimdir. Tərbiyə ilk növbədə ailədə formalaşmalıdır".
Psixoloq qeyd edib ki, şəxsiyyətin formalaşmasının əsası erkən yaş dövründə qoyulur: “Psixologiyada da qəbul olunur ki, 5 yaşına qədər şəxsiyyətin təməli formalaşır, 18 yaşa qədər isə bu proses davam edir. Buna görə də tərbiyə ailədən başlayır və məktəb bu prosesin davam etdiricisidir. Hazırda bəzi hallarda yüksək akademik göstəricilərə baxmayaraq, şagirdlərin davranışlarında ciddi problemlər müşahidə olunur: “Bu, müəllimə, valideynə və sinif yoldaşlarına münasibətdə etik normalardan kənara çıxan davranışlarla özünü göstərir. Bu isə təhsilin yalnız bilik deyil, həm də mənəvi dəyərlər üzərində qurulmasının vacibliyini ortaya qoyur. Alim olmaq mümkündür, amma insan olmaq daha çətindir. Əsas məsələ əldə edilən biliklərin hansı məqsədə xidmət etməsidir. Ona görə də tərbiyə təhsildən daha fundamental amil kimi çıxış edir".
Mehriban Yariyeva
19:13 07.05.2026
Oxunuş sayı: 89