Sığınacaqlarda uşaqların üzünü göstərmək - yardım, yoxsa hüquq pozuntusu?
Müasir dövrdə sosial medianın geniş yayılması informasiya paylaşımını asanlaşdırsa da, bu sahədə etik və hüquqi məsuliyyət məsələlərini daha da aktuallaşdırır.
Xüsusilə, azyaşlıların görüntülərinin paylaşılması cəmiyyət üçün həssas və diqqət tələb edən mövzulardan biridir. Uşağın üzünün açıq şəkildə təqdim olunması onun identifikasiyasına səbəb olmaqla yanaşı, şəxsi həyatının toxunulmazlığı prinsipini pozur və gələcək psixoloji durumuna mənfi təsir göstərə bilər.
Bu baxımdan, belə halların hüquqi çərçivədə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir uşağın şəxsi həyatı qorunmalı, onun fiziki, mənəvi və psixoloji təhlükəsizliyi təmin edilməlidir.
Xüsusilə, uşağın kriminal hadisə, zorakılıq, yoxsulluq və ya ailədaxili problemlər fonunda ictimaiyyətə açıq şəkildə təqdim olunması onun cəmiyyətdə damğalanmasına, alçaldılmasına və psixoloji travma yaşamasına səbəb ola bilər.
Bu isə birbaşa olaraq uşağın ləyaqət və şərəfinin qorunması prinsipinə ziddir və hüquqi məsuliyyət doğuran hallardan hesab olunur.
Bununla yanaşı, uşağın maraqlarının üstün tutulması prinsipi həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarında əsas istiqamət kimi müəyyən edilib.
Sosial mediada azyaşlıların üzlərinin göstərilməsi onların təhlükəsizliyini risk altına salmaqla yanaşı, gələcək inkişafına mənfi təsir göstərə və sosial təzyiqlərə məruz qalmasına səbəb ola bilər.
Bu səbəbdən, uşaqlarla bağlı hər hansı məlumatın və ya görüntünün paylaşılması zamanı onların hüquq və mənafelərinin qorunması əsas prioritet kimi nəzərə alınmalıdır.
Məsələnin hüquqi aspektləri ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov da öz fikirlərini bölüşüb:

"Qanunvericilikdə uşaqların şəkillərinin yayılması ilə bağlı konkret və birbaşa məhdudiyyətlər tam şəkildə əks olunmasa da, bu məsələ etik və təhlükəsizlik baxımından xüsusi həssaslıq tələb edir.
Xüsusilə, valideynlərin öz övladlarının şəkillərini sosial platformalarda paylaşması birmənalı şəkildə tövsiyə olunmur. Belə ki, yayımlanan görüntülər üçüncü şəxslər tərəfindən icazəsiz şəkildə götürülərək müxtəlif məqsədlər üçün, o cümlədən arzuolunmaz və zərərli niyyətlərlə istifadə oluna bilər.
Digər tərəfdən, zorakılığa məruz qalmış, cinayət hadisələrinin şahidi və ya zərərçəkmişi olmuş, eləcə də sığınacaqlarda yaşayan uşaqlara münasibətdə bu məsələ daha ciddi xarakter daşıyır.
Belə uşaqların kimliyini aşkara çıxara biləcək hər hansı vizual materialın paylaşılması qəti şəkildə yolverilməzdir. Onların onsuz da həssas və riskli şəraitdə olduqları nəzərə alınarsa, bu cür paylaşımlar əlavə təhlükələr yarada, hətta onların həyat və təhlükəsizliyinə birbaşa təhdidə çevrilə bilər.
Nəticə etibarilə, uşaqların şəkillərinin yayılması məsələsində hüquqi boşluqlardan asılı olmayaraq, cəmiyyət və valideynlər tərəfindən məsuliyyətli və ehtiyatlı yanaşma nümayiş etdirilməlidir".
Sosioloq Hüseyn İbrahimov sosial sığınacaqlarda yerləşdirilən azyaşlıların vəziyyəti və statusunun onların artıq müəyyən bir mühitdə sığınacaq və himayə ilə təmin olunduğunu göstəricisi olduğunu qeyd edib:

"Yəni hüquqi və sosial baxımdan bu uşaqlar himayə olunmuş hesab edilirlər. Belə olan halda, onların yenidən “himayə axtarışı” adı altında fərdi şəkillərinin ictimaiyyətə təqdim olunması etik baxımdan məqsədəuyğun hesab edilmir.
Bu cür müəssisələr dəstək əldə etmək üçün müxtəlif layihə və proqramlar vasitəsilə fəaliyyətlərini inkişaf etdirə, iş mexanizmlərini gücləndirə bilərlər.
Lakin uşaqların şəkillərindən vasitə kimi istifadə edilməsi, onların bu proseslərin mərkəzinə çəkilməsi və vizual material kimi təqdim olunması düzgün yanaşma deyil.
Burada yaş kateqoriyası da mühüm rol oynayır. Daha yuxarı yaş qrupuna aid olan yeniyetmə və gənclərlə bağlı müəyyən hallarda mətbuatda məlumatlar yer alır və onların sığınacaqdan sonrakı həyat mərhələləri işıqlandırılır.
Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən proqramlar da mövcuddur. Məlumdur ki, valideyn himayəsindən məhrum olmuş şəxslər üçün mənzil təminatı layihələri həyata keçirilir və onlar 18 yaşdan sonra yaşayış yeri ilə təmin edilirlər. Bu isə dövlətin həmin kateqoriyadan olan uşaq və gənclərin gələcək həyatına göstərdiyi diqqətin bariz nümunəsidir.
Lakin azyaşlı uşaqlara gəldikdə, onların sosial sığınacaqlarda yerləşdirilməsi artıq onların himayə altında olduqlarını göstərir. Belə bir şəraitdə onların yenidən himayə axtarışı kontekstində təqdim olunması və bu məqsədlə şəkillərinin paylaşılması həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir.
Xüsusilə qeyd olunmalıdır ki, bəzi özəl sığınacaqlar tərəfindən müxtəlif səbəblərlə bu cür paylaşımlara yol verilməsi müşahidə olunur. Lakin valideyn himayəsindən məhrum və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların görüntülərinin bu şəkildə istifadəsi nə etik normalara, nə də hüquqi prinsiplərə uyğun hesab edilə bilər".
Elmir Heydərli
12:30 07.04.2026
Oxunuş sayı: 426