Azərbaycan su qıtlığı risklərindən sığortalanmağa çalışır
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edib.
Sərəncama əsasən, Strategiyada öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi, iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər içraçı qurum isə əksinə müəyyən edilib.
Prezident İlham Əliyev tərəfindən qanunvericiliyə edilən son dəyişiklik su ehtiyatlarının idarə olunması sahəsində institusional yanaşmanın yenidən qurulduğunu göstərir. Xüsusilə strategiyada nəzərdə tutulan məlumatların müasir texnologiyalar vasitəsilə qiymətləndirilməsi, iqlim təsirlərinin proqnozlaşdırılması və su mənbələrinin elektron geomodelləşdirilməsi kimi mürəkkəb və texnoloji proseslər üzrə əsas icraçı qurumun dəyişdirilməsi bu sahədə daha funksional və ixtisaslaşmış idarəetmə modelinə keçidin göstəricisidir.
Bu dəyişiklik faktiki olaraq su ehtiyatlarının idarə olunmasında prioritetlərin yenidən müəyyənləşdirilməsi, səlahiyyətlərin daha uyğun qurumlar arasında bölüşdürülməsi və proseslərin mərkəzləşdirilmiş şəkildə daha effektiv idarə olunması məqsədi daşıyır. Belə bir addım həm də iqlim dəyişiklikləri fonunda su resurslarının daha dəqiq planlaşdırılması və uzunmüddətli proqnozların hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu kontekstdə əsas sual belə formalaşır: sözügedən dəyişiklik su ehtiyatlarının idarə olunmasında operativliyi və effektivliyi artıracaqmı, yoxsa bu, sadəcə institusional bölgünün yenilənməsi ilə məhdudlaşacaq?
Mövzu ilə bağlı sosioloq, ekoloq Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib: "Cənab Prezidentin etdiyi bu dəyişiklik son dərəcə vacib, yerində və təqdirəlayiq addımdır. Çünki su sahəsi ayrıca, genişmiqyaslı və strateji əhəmiyyət daşıyan bir istiqamətdir. Su sistemi təkcə ekologiya ilə bağlı deyil, eyni zamanda iqtisadiyyat və əhalinin sosial təminatı ilə birbaşa əlaqəlidir. Məhz buna görə bir neçə il əvvəl Cənab Prezident tərəfindən Su Ehtiyatları Agentliyi yaradıldı ki, bu sahədə mövcud olan pərakəndəlik və idarəetmədəki qarışıqlıq aradan qaldırılsın. Əvvəllər bu sahəyə bir neçə dövlət qurumu – Ekologiya Nazirliyi, Azərsu, Meliorasiya və digər strukturlar paralel şəkildə nəzarət edirdi. Halbuki bu sahə vahid mərkəzdən idarə olunmalı idi. Agentliyin yaradılmasından sonra isə bu istiqamətdə sistemləşdirmə və mərkəzləşdirmə aparılır və artıq bir çox sahələrdə irəliləyişlər müşahidə olunur. Hazırkı mərhələdə bu strategiyada edilən dəyişikliklər həm də iqlim dəyişiklikləri ilə bağlı yaranan yeni çağırışlardan irəli gəlir. Su mənbələrinin yenidən qiymətləndirilməsi, qorunması, saxlanması və effektiv idarə olunması bu gün prioritet məsələlər sırasındadır. Bu istiqamət birbaşa Su Ehtiyatları Agentliyinin fəaliyyət sahəsinə daxildir və ayrıca bir sektor kimi kompleks yanaşma tələb edir. Xüsusilə su ehtiyatlarının yenidən qiymətləndirilməsi məsələsi olduqca vacibdir. Son geniş qiymətləndirmə hələ Sovet dövründə aparılıb. Həmin dövrdən bəri, yəni son 30-40 il ərzində dəqiq rəqəmlər məlum deyil. Hazırda su ehtiyatlarımız 21 kub kilometrdən 27 kub kilometrə qədər qiymətləndirilir. Lakin bu rəqəmlər dəyişkəndir və ilin quraq və ya yağıntılı keçməsindən asılı olaraq azalıb-arta bilər. Buna görə də müasir reallıqlara uyğun olaraq bu ehtiyatların yenidən, dəqiq şəkildə hesablanmasına ehtiyac var".

Sosioloq qeyd edib ki, digər mühüm məsələ isə Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi xarici mənbələrdən, yəni transsərhəd çaylardan formalaşmasıdır: "Bu isə ciddi risk amilidir. Bu səbəbdən ölkədaxili su mənbələrinin sistemləşdirilməsi, qorunması və səmərəli idarə olunması həyati əhəmiyyət daşıyır. Suyun toplanmasından tutmuş düzgün bölüşdürülməsinə qədər bütün proseslər vahid və peşəkar şəkildə idarə olunmalıdır. Cənab Prezident də bir neçə il əvvəl keçirilən xüsusi su müşavirəsində bu məsələlərə geniş toxunaraq statistik göstəriciləri və gələcək proqnozları təqdim etmişdi. Xüsusilə qeyd olunmuşdu ki, 2030-cu ilə qədər qlobal quraqlıq Azərbaycanın da su ehtiyatlarına ciddi təsir göstərə bilər. Bu isə səhralaşma və su qıtlığı kimi problemləri daha da aktuallaşdırır. Bu istiqamətdə verilən tapşırıqlar əsasında artıq bir sıra sərəncamlar qəbul olunub və su ehtiyatlarının idarə olunması sahəsində islahatlar həyata keçirilir. Məsələn, yeni su anbarlarının tikintisi prioritet istiqamətlərdən biridir və bu proses artıq davam edir. Yeraltı su mənbələrindən istifadənin genişləndirilməsi, sudan qənaətlə istifadə, yağış və kanalizasiya sularının idarə olunması, innovativ texnologiyaların tətbiqi – xüsusilə damcılı və çiləmə suvarma sistemlərinin istifadəsi bu strategiyanın əsas elementlərindəndir".
Sosioloq bildirib ki, eyni zamanda Azərbaycanın su ehtiyatları regionda ən zəif göstəricilərdən birinə malikdir: "Gürcüstan və Ermənistanla müqayisədə həm adambaşına düşən su ehtiyatı, həm də əraziyə düşən su həcmi daha azdır. Üstəlik, mövcud ehtiyatların böyük hissəsinin xarici mənbələrdən asılı olması vəziyyəti daha da həssas edir. Qlobal quraqlıq şəraitində bu, ölkə üçün ciddi təhlükələr yarada bilər. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən su infrastrukturu layihələri xüsusi əhəmiyyət daşıyır. Artıq burada böyük su anbarlarının tikintisi başa çatıb, digər bölgələrdə isə həm kiçik çaylar üzərində su anbarlarının, həm də su elektrik stansiyalarının yaradılması istiqamətində işlər davam edir. Yeraltı artezian quyularının qazılması, dəniz suyunun şirinləşdirilməsi layihələri də alternativ mənbələrin artırılması baxımından mühüm addımlardır. İqlim dəyişiklikləri ilə bağlı problemlər də bu sahəyə birbaşa təsir göstərir. Son dövrlərdə yağıntıların artması nəticəsində baş verən daşqınlar şəhər və kəndlərdə ciddi fəsadlara səbəb olur. Bunun qarşısını almaq üçün xüsusi proqram hazırlanıb və bu məqsədlə böyük maliyyə vəsaiti ayrılıb. Xüsusilə Bakı-Abşeron zonasında kollektor, drenaj və kanalizasiya sistemlərinin qurulması planlaşdırılır. Bu, həm daşqınların qarşısını almağa, həm də həmin sulardan müəyyən dərəcədə istifadə etməyə imkan verəcək. Ümumilikdə, su məsələsi çoxşaxəli və kompleks bir sahədir. Bu, həm əhalinin içməli su ilə təminatını, həm kənd təsərrüfatında suvarmanı, həm də iqtisadiyyatın müxtəlif sahələrində suyun rolunu əhatə edir. Dünyada da bu sahə üzrə proqnozlar ciddi risklərin mövcudluğunu göstərir. Azərbaycan isə bu təhlükələrə vaxtında reaksiya verən ölkələrdən biridir. Artıq bir neçə ildir ki, bu istiqamətdə strategiyalar hazırlanır və mərhələli şəkildə həyata keçirilir. Prezidentin son qərarı da göstərir ki, bu sahədə daha ciddi və sistemli işlərin görülməsi üçün yeni mərhələyə keçid edilir. Əsas prioritetlər isə aydındır: su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, yeni mənbələrin aşkarlanması, su anbarlarının sayının artırılması, süni göllərin yaradılması, su itkilərinin minimuma endirilməsi və resurslardan səmərəli istifadə. Qeyd edildiyi kimi, hazırda Azərbaycanda su itkiləri təxminən 40 faiz civarındadır ki, bu da dünya standartları ilə müqayisədə çox yüksəkdir. Normal göstərici 5-6 faiz hesab olunur. Bu itkilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir. Bundan əlavə, içməli suyun texniki məqsədlərlə istifadəsi də problemlərdən biridir. Bölgələrdən böyük zəhmət hesabına Bakıya gətirilən təmiz suyun sənaye və digər texniki sahələrdə istifadəsi düzgün yanaşma deyil. Bu səbəbdən texniki su infrastrukturu ayrıca qurulmalıdır. Bütün bu məsələlər artıq strategiyada öz əksini tapıb və həyata keçirilir. Son günlərdə baş verən rekord yağıntılar bir daha göstərdi ki, suyun düzgün idarə olunması həyati əhəmiyyət daşıyır. Əgər bu sistemlər daha əvvəl tam qurulmuş olsaydı, həmin sulardan toplanaraq istifadə etmək mümkün olardı. Nəticə etibarilə, su ehtiyatlarının idarə olunması Azərbaycan üçün strateji və həyati əhəmiyyətli məsələdir. Bu, həm əhalinin sosial rifahı, həm də iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Cənab Prezidentin bu sahədə atdığı addımlar uzaqgörən, düşünülmüş və gələcəyə hesablanmış qərarlardır. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı riskləri fonunda bu strategiyanın həyata keçirilməsi Azərbaycanın bu sahədə mümkün risklərdən sığortalanmasına xidmət edəcək".
Ayhan
11:13 02.04.2026
Oxunuş sayı: 101