Bu gün Yer kürəsi günüdür– insanlıq bu planetin harasındadır?
Hər il aprelin 20 mart Yer Kürəsi Günü kimi qeyd olunur və bu tarix sadəcə simvolik bir gün olmaqdan daha çox, insanlığın yaşadığı yeganə planetə baxıb düşünməsi üçün bir fürsət kimi qiymətləndirilir, çünki Yer kürəsi nə qədər möhtəşəm və həyat dolu görünsə də, onun taleyi həm təbiətin dəyişməz qanunlarından, həm də insan fəaliyyətindən birbaşa asılıdır. Təxminən 4,54 milyard il əvvəl yaranmış Yer kürəsi kosmik toz və qaz buludunun sıxlaşması nəticəsində formalaşmış, eyni proses çərçivəsində Günəş və Günəş sisteminin digər planetləri də meydana gəlmişdir və ilkin mərhələdə Yer tamamilə ərimiş süxurlardan ibarət, vulkanik aktivliyi yüksək olan, tez-tez asteroid zərbələrinə məruz qalan bir alov topunu xatırlatmışdır. Hətta alimlərin fikrincə, Yerə Mars ölçüsündə “Teya” adlı cismin toqquşması nəticəsində ayrılan materiallardan Ay formalaşmış və bu hadisə planetin gələcək inkişafına mühüm təsir göstərmişdir. Zaman keçdikcə Yer soyumuş, okeanlar yaranmış və təxminən 3,5 milyard il əvvəl həyatın ilk izləri meydana çıxmışdır ki, bu da kainat miqyasında olduqca nadir və bəlkə də unikal bir hadisə hesab olunur.
Yer kürəsini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun həyat üçün uyğun şərtlərə malik olmasıdır, belə ki, planet səthinin təxminən 70 faizi su ilə örtülsə də, bu suyun 97 faizi duzlu olduğundan istifadə üçün yararlı şirin su ehtiyatı çox məhduddur və bu fakt gələcəkdə suyun ən strateji resurslardan birinə çevriləcəyini göstərir. Yer atmosferi isə həyatın davamlılığı üçün əvəzsiz rol oynayır, çünki o, zərərli kosmik şüaları saxlayır, temperatur balansını qoruyur və canlıların nəfəs alması üçün zəruri olan oksigeni təmin edir, lakin bu sistemlər arasında mövcud olan incə tarazlıq pozulduğu halda həyatın davamlılığı ciddi təhlükə altına düşə bilər. Yer eyni zamanda daim dəyişən bir planetdir, çünki tektonik plitələrin hərəkəti nəticəsində qitələr yer dəyişir, dağlar formalaşır, zəlzələlər və vulkanik proseslər baş verir və bu dinamik proseslər milyon illər ərzində planetin simasını dəyişir, bununla yanaşı Yer həm də ziddiyyətlərin planetidir, çünki burada həm +56°C-yə çatan səhralar, həm də -89°C-yə enən buzlu qütb əraziləri mövcuddur. Yer kürəsinin ən mühüm qoruyucu mexanizmlərindən biri onun maqnit sahəsidir ki, bu sahə Günəş tərəfindən göndərilən yüksək enerjili hissəciklərin qarşısını alaraq planeti kosmik təhlükələrdən qoruyur və əgər bu qalxan mövcud olmasaydı, Yer atmosferi tədricən yox olar və həyat üçün şərait aradan qalxardı. Digər tərəfdən, kosmos düşündüyümüz qədər uzaq deyil, çünki Yer atmosferi ilə kosmos arasındakı sərhəd cəmi 100 kilometr yüksəklikdən başlayır və bu, bizi qoruyan təbəqənin əslində nə qədər nazik və həssas olduğunu göstərir.
Bu günə qədər elmə məlum olan yeganə həyat məkanı məhz Yer kürəsidir və burada milyonlarla canlı növü yaşayır, lakin bu həyatın davamlılığı sonsuz deyil, çünki alimlərin hesablamalarına görə, Yer kürəsinin gələcəyi birbaşa Günəş ilə bağlıdır və zaman keçdikcə onun parlaqlığının artması planetdə temperaturun yüksəlməsinə səbəb olacaq, nəticədə karbon dövranı dəyişəcək və atmosferdəki karbon qazının səviyyəsi bitkilərin yaşaması üçün kritik həddən aşağı düşəcəkdir ki, bu da fotosintezin dayanmasına, bitkilərin məhv olmasına və oksigenin tədricən azalmasına gətirib çıxaracaq, bu zəncirvari proses isə nəticədə bütün canlı həyatın yox olması ilə nəticələnəcəkdir. Təxminən bir milyard il sonra Yer üzündəki su ehtiyatlarının böyük hissəsinin buxarlanacağı, orta temperaturun isə 70°C-yə çatacağı proqnozlaşdırılır ki, bu da planetin yaşanmaz hala gəlməsi deməkdir və fotosintezin dayanması ilə Yer tədricən “ölü planetə” çevriləcəkdir. Daha uzaq gələcəkdə, təxminən 5 milyard ildən sonra isə Günəş qırmızı nəhəng mərhələsinə keçəcək və bu zaman onun ölçüsü yüzlərlə dəfə artaraq ya Yer kürəsini tamamilə udacaq, ya da onun orbitini dəyişdirərək planeti kosmosda məhvə sürükləyəcək, bəzi modellərə görə isə Yer birbaşa Günəşin genişlənmiş atmosferinə daxil olaraq tamamilə buxarlanacaq və bu mərhələdə temperatur min dərəcələrə çataraq Yer səthinin əriməsinə, atmosferin isə güclü günəş küləkləri ilə yox olmasına səbəb olacaqdır. Nəticə etibarilə, Yer kürəsinin taleyi uzaq gələcəkdə kosmik proseslər nəticəsində qaçılmaz olaraq dəyişəcək, lakin bu, milyard illərlə ölçülən bir zaman kəsiyidir, halbuki insan fəaliyyəti- iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ekoloji tarazlığın pozulması — bu prosesi xeyli sürətləndirə bilər və beləliklə, əsas sual artıq Yer kürəsinin nə vaxt məhv olacağı deyil, insanın bu planet üzərində nə qədər davamlı yaşaya biləcəyidir.
Yer kürəsi bizə məxsus deyil, biz ona məxsusuq. Bu gün onun haqqında danışmaq, faktları sadalamaq kifayət deyil. Əsas məsələ onu qorumaqdır. Çünki milyard illər sonra baş verəcək kosmik fəlakətlərdən əvvəl, insanın özü bu planeti yaşanmaz hala gətirə bilər. Və bəlkə də ən vacib sual budur: Yer kürəsinin sonu nə vaxt olacaq yox, biz onu nə qədər tez məhv edəcəyik?
Fatimə
10:45 20.03.2026
Oxunuş sayı: 48