Vicdanın səssiz üsyanı: The Lives of Others filminin hekayəsi
Bəzən insan həyatı bir anda dəyişir. İllərlə inandığı dəyərləri heç gözlənilməyən bir hadisədən sonra sorğulamağa başlayır. “The Lives of Others” filmi məhz belə bir dəyişimin- vicdanın səssiz üsyanının hekayəsidir.
2007-ci ildə xarici dildə ən yaxşı film üzrə “Oskar” mükafatı qazanan “The Lives of Others” və ya öz adı ilə “Das Leben der Anderen” filmi, “Almaniya Demokratik Respublikasının” 1984-1991-ci illər arasını əhatə edir. Filmdə Şərqi və Qərbi Almaniyasındakı mənəvi və siyasi durum təsvir edilir.
Film əslində sosial və mənəvi travma yaşayan bir toplumun hekayəsinin fərdlər üzərində təsvir edilmiş formasıdır.
Həmin dövr bütün sahələr kimi, tamamilə senzuralanmış teatra da dövlət adına propaqanda vasitəsinə çevrilmişdi. Dövlətlə əməkdaşlıq etmədən sənətini davam etdirmək mümkünsüz idi. İnsanlar karyeralarından uzaqlaşdırılmaqdan, həbs olunmaqdan, bəlkə də ən pisi - cəmiyyətdən təcrid edilməkdən qorxurdular.
Bu təzyiqlər təkcə karyeraya qarşı bir təhlükə deyildi. Eyni zamanda insanı özünə belə yadlaşdıran bir mexanizm idi. Hətta Wiesler obrazını canlandıran aktyor Ulrich Mühe daha sonra həyat yoldaşının onun haqqında hökumətə məlumatlar yazdığını öyrənir və boşanır. Yəni dövrün şərtləri bu dərəcə yadlaşmaya və dəyərlərin eroziyasına gətirib çıxarmışdır.

Baş rol ifaçılarından Georg Dreyman sistem tərəfdarı olmayan, sənəti ilə məşğul olmağa çalışan teatr yazarıdır. Sevgilisi Christa-Maria Sieland isə teatr aktrisasıdır. Dreyman tədbirlərin birində dövrün mədəniyyət naziri Bruno Hempf ilə tanış olur. Bruno Dreymandan şübhələnir və izlənməsini istəyir. Kapitan Wiesler rəhbərliyində bir izləmə komandası qurulur və evi dinləmək üçün hər otağa dinləyicilər yerləşdirilir.
Dreyman siyasi təzyiqlərin fərqindədir, daxilən də müxalif bir ruha sahibdir, amma işini və özünü riskə ata biləcək addımlardan qaçınır. Rejim üçün təhdid ola biləcək hər hansı bir əsər qələmə almadan həyatına davam edir. Tək istədiyi sənətini azad icra edə biləcəyi bir mühitdir. Dostu Jerska müxalif olduğu üçün qara siyahıya alınmışdır. Dostunun üstündəki təcridin qalxması üçün cəhdlər göstərsə də, sistemin özünə bir zərəri toxunmadığı üçün təşkilatlanmalardan yayınır.

Lakin unudurdu ki, bütün insanlar bir-birinə görünməz iplərlə bağlıdır. Bir nəfərin acısı hər kəsin ortaq acısıdır. Bir nəfərin ölümü digər insanların da eyni səbəblə ölə biləcəyi mənasına gəlir. Eyni şey qatillər üçün də keçərlidir: onlar da bir-birinə görünməz iplərlə bağlıdır. Biri güvəndədirsə, hamısı güvəndədir.
Wiesler isə fanatik bir rejim nəfəridir. Çox sıradan bir həyat yaşayır. Kapitan rütbəsindədir və akademiyada dərs deyir. Rejimə inanır və böyük bir sədaqətlə bağlıdır. Şamı bağrına basdığı ip əritdiyi kimi, Wiesleri də o çox inandığı ideologiya əridirdi.
Əksərən insanlar inandıqları dəyərləri asanlıqla tərk edə bilmirlər. Hətta dəyərlərin əyri tərəflərini görəndə belə görməzdən gəlməyə meyilli olurlar. Əsas da Wiesler kimi ifrat insanlar. Onun üçün dəyişim Dreymanı izləyəndən sonra başlayır. 24 saat Dreymanın müşahidəsini həyata keçirir. Daim gözətlədiyi bu həyatın içində, özündə heç bir qarşılığı olmayan sənət, sevgi, dostluq kimi ülvi hisslərlə qarşılaşır və öz təkliyi ilk dəfə şillə kimi üzünə dəyir. O bəlkə də həyatında nəyin çatmadığını indiyə qədər dumanlı olaraq hiss edirdi, ancaq məhz indi nəyin çatmadığını dəqiq olaraq bilirdi.
Wiesler həyatında ilk dəfə insanları bir statusdan, bir ideologiyadan ibarət yox, ən yalın halı ilə - insankən, sevərkən, ağlayarkən görürdü.
O, zamanla Dreymanın fikirləri qarşısında sorğulamağa başlayır. Daha sonra bu işin arxasında nazirin şəxsi maraqlarının olduğunu başa düşür və Dreymana özünün də xəbəri olmadan kömək etməyə başlayır.

Wiesler Dreymanın Jerska ilə olan dostluğunu görür və bir anda necə bir təklik çəkdiyini dərk edir. Dreymanın sevgiyə olan münasibəti isə, öz həyatında sahib olmadığı bu hissin yoxluğunu da dərk etməyinə səbəb olur. Dreymanın çalxantılı olsa da yaşadığı bu hisslər Wieslerin daha əvvəl heç yaşamadığı hisslərdir. Bir anda başa düşür ki, həyat yanından axıb gedir, o isə toxuna bilmir.
Bəzən həyatda bir hadisə baş verir. Hadisədən sonra həyatında bir boşluq olduğunu dərk edirsən. Baş verənə qədər həmin boşluğun varlığını belə bilmirdin. Wiesler başa düşür ki, həyatın böyük bir hissəsini geridə qoyub, amma ruhunda çöllükdən başqa heç bir şey yoxdur.
Dreyman obrazında isə çevrilməyə səbəb olan iki hadisə var: sevgilisi Christa-Marianın narkotik maddə qarşılığında mədəniyyət naziri ilə gizli bir münasibəti var. İlk dəfə rejimin həyatına birbaşa mənfi təsir göstərməsi qarşısında Dreyman nə qədər gücsüz olduğunu hiss edir. Lakin hələ də mübarizə qərarlılığına yüksələ bilmir.
Rejimin limitsiz gücünün kölgəsində sadəcə ümidi və mübarizəsi olan Jerska, təcridə artıq dözə bilmir və intihar edir. Dreyman, tanımadığı bir şeylə toqquşmuşdu- nəsə sirli, vahiməli bir şeylə. Bəlkə, elə həqiqət deyilən şey də budur. Bütün bu həqiqətlər - dostunun intiharı, Marianın istəməyərək də olsa rejimin köləsinə çevrilməsi, Dreymanı silkələyir. Hökumətin gizli saxladığı bu intihar məsələsi haqqında anonim olaraq geniş bir yazı yazır.
Christa-Maria uğurlu bir aktrisa, bəlkə də yaxşı bir sevgilidir. Lakin mübarizə apara bilməyəcək zəif bir iradəyə sahibdir. Nazirlə münasibətdə könüllü deyil, amma münasibəti bitirəcəyi təqdirdə başına gələcəklərin də fərqindədir. Dreyman və Wieslerin onunla danışması və əsas da Dreymanın mənəvi dəstəyindən sonra münasibəti bitirir, lakin dərman asılılığına mane ola bilmədiyi üçün, elə dərman alarkən də həbs edilir.
Dreyman Marianı fəaliyyətlərindən xəbərsiz saxlayırdı. Lakin Christa-Maria məqalənin yazıldığı yazı makinasından və yerindən xəbərdar olur. Bu məlumatı azadlığı qarşılığında polislərə deyir.
İnsan xisləti deyə bir şey var. Hətta bununla bağlı məşhur “tısbağa və əqrəb” təmsili də var. Bir çox insanın sonradan dəyişməsi mümkün deyil. Amma bəzən bu mümkün olur. İnsan nə qədər vicdansız yaşasa da bəzi hadisələr qarşısında arada vicdanı sızlayır.
Marianın kölələşməsi, Hempf kimi insanların gücü əlində saxlaması və s. kimi durumlar Wiesleri rejimi sorğulamağa məcbur edir. Bəlkə də insanın özünə edə biləcəyi ən böyük yaxşılıq vicdanını sorğulaması və dürüstlüyü seçməyidir. Wieslerin də vicdanı oyanır. Daxilində inandığı ideologiya məğlub olsa da, vicdanı qalib gəlmişdi. Rejimlər üçün ən təhlükəlisi də məhz budur. O, itirməyi gözə alır. Əslində çox insani bir hərəkət edir: Dreymanın məqaləni yazıb evdə gizlətdiyi yazı makinasını polisin evə basqınından əvvəl götürür. Eyni zamanda, dinləmə zamanı Dreyman əleyhinə olan bütün qeydləri silir. Bunun nəticəsi olaraq da vəzifəsini itirir.
Christa-Maria yazı makinasının yerini dedikdən sonra polislər evdə yoxlama keçirmək üçün gəlir. O, nəticəni gözləmədən evdən çıxır, çünki makina tapılanda Dreymanın başına gələcəkləri bilirdi və qorxurdu. Bəlkə də bu qorxunu ona təlqin eləyən vicdanı qarşısında təmiz olmaması idi. Rejimin məcbur etdiyi düşüncə və yaşam tərzinin kölgəsində, olanlardan özünü məsul tutaraq intihar edir.
Jerska, Wiesler, Christa-Maria və bu kimi insanlar… Ölməkdə olan ağacın gövdəsinə sızmış rütubət canına hopub yavaş-yavaş çürütdüyü kimi, sistem də fərqli formalarda bu insanları çürüdürdü…
Wiesler işdən çıxarıldıqdan 5 il sonra Berlin divarı sökülür. Sonradan Wieslerin köməklərini öyrənən Dreyman, yazdığı kitabı ona həsr edir. Filmin sonunda teatr səhnələşdirilir. Artıq Dreyman azad bir yazıçı olaraq seyr edirdi. İnandığı dəyərlər qalib gəlmişdi, amma yenə də xoşbəxt görünmürdü.
Hər bir qələbə bəzən kənardan görünməyən dərin itkilərlə doludur. Bir döyüşdə qalib gəlmiş olmağın verdiyi bəxtəvərlik, heç döyüşməmiş birinin zəfərdən bixəbər, saf və sadə xoşbəxtliyinin yerini heç vaxt tuta bilməz. Çünki zəfərin verdiyi məğrur məmnunluq, döyüşdə verilən itkilərin üstünü örtməkdə hər zaman yetərsizdir.
Dreyman da divar söküləndən sonra heç nə yazmır. Bəlkə ayrılığın yaratdığı aclığı heç nə ilə doydurmaq olmadığı üçün və ya bəlkə də artıq inancağı və ya üsyan edəcəyi heç nə qalmadığı üçün…
Natiq Məmişov
12:51 19.03.2026
Oxunuş sayı: 110