Sülhə doğru yeni mərhələ: Ermənistan seçkiləri danışıqlara necə təsir edəcək?
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi regionun əsas müzakirə mövzularından birinə çevrilib.
Bu kontekstdə İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan sülhə yalnız kağız üzərində deyil, real siyasi iradə əsasında yaxınlaşır.
Bu bəyanat regionda davam edən danışıqların və tərəflər arasında formalaşan yeni reallıqların fonunda xüsusi diqqət çəkir.
Bəs bu siyasi iradə konkret olaraq nədən ibarətdir və iki ölkə arasında formalaşan iqtisadi münasibətlər sülh prosesinə nə dərəcədə təsir göstərə bilər? Ermənistanda keçiriləcək seçkilərdən sonra sülh müqaviləsinin imzalanması nə qədər real görünür və mümkün hakimiyyət dəyişikliyi bu prosesə necə təsir edə bilər? Eyni zamanda regionda maraqları olan xarici aktorların – xüsusilə Rusiya və ABŞ-nin – sülh prosesinə təsiri necə qiymətləndirilir? İranın məsələyə yanaşması isə prosesin gələcəyinə hansı formada təsir göstərə bilər?
Mövzu ilə bağlı Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev Crossmedia.az-a müsahibə verib:

-İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan sülhə yalnız kağız üzərində nail olmayıb, ortada siyasi iradə var. Siz necə düşünürsünüz bu siyasi iradə nədən ibarətdir?
- Siyasi iradə ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın qəbul etdiyi, Azərbaycanın təqdim etdiyi şərtlər əsasında bölgədə iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində ümumi iradə ortaya qoyulsun.
Onu da qeyd edək ki, əvvəllər daha çox qızışdırıcı, aqressiv və işğalçı mövqedə olan tərəf Ermənistan idi. Ermənistan bu müharibədə Azərbaycana uduzdu və eyni zamanda, Ermənistan daxilində müəyyən qüvvələr də açıq şəkildə gördülər ki, biz artıq 30 il əvvəlki vəziyyətdə deyilik, sülh tərəfdarı olmalıyıq.
Ermənistan rəhbərliyi də açıq şəkildə gördü ki, əgər sülh əvəzinə yenidən müharibə variantını seçsələr, Ermənistan öz dövlətçiliyini itirə bilər.
Ona görə də, Ermənistan daxilində müxtəlif qüvvələr bu reallığı qəbul etməyə başladılar. Bu real vəziyyət Azərbaycanın qələbəsindən sonra formalaşdı və nəticə etibarilə Vaşinqtonda ABŞ-nin müəyyən vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında ilkin razılaşmaların əldə olunması üçün zəmin yarandı.
Yəni siyasi iradə bundan ibarətdir. İlkin siyasi iradə Vaşinqtonda ortaya qoyulub. Bunun nəticəsində gələcəkdə sülh müqaviləsinin, yəni yekun sülh müqaviləsinin imzalanacağı gözlənilir. Ermənistan bu müqavilədən imtina etməklə eyni zamanda ABŞ kimi böyük gücün də mövqeyinə qarşı çıxmış olar ki, bu da Ermənistan üçün ciddi nəticələr doğura bilər.
– Necə proqnozlaşdırırsınız, Ermənistanda keçirilən seçkilərdən sonra sülh müqaviləsi imzalana bilərmi?
- Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyanın qalib gələcəyi halda sülh müqaviləsinin imzalanması daha inandırıcı görünür. Çünki aparılan danışıqlar da onu göstərir ki, Ermənistan sülh müqaviləsini öz tərəfindən qəbul etməyə və yekun sülh müqaviləsinin imzalanmasına hazır ola bilər.
– Bəs hakimiyyət dəyişikliyi baş versə necə olacaq?
- Əgər hakimiyyət dəyişikliyi baş versə və Rusiyaya yaxın qüvvələr hakimiyyətə gəlsə, müəyyən qədər çətinlik yarada bilərlər. Əgər onlar ümumiyyətlə, Azərbaycanın şərtlərini qəbul etməsələr və müharibə variantını seçsələr, o halda Azərbaycan daha ağır şərtlərlə onları sülhə məcbur edə bilər. Yəni bütün hallarda Azərbaycan bu istiqamətdə qəti mövqe nümayiş etdirir.
– ABŞ-nin sülh prosesində iştirakını necə qiymətləndirirsiniz?
- ABŞ-ın iştirakını xüsusilə qeyd etmək lazımdır. ABŞ-ın burada maraqları var. ABŞ üçün Orta dəhliz xüsusi əhəmiyyət daşıyır. Ermənistan da müəyyən mənada bu Orta dəhliz layihəsində iştirak etmək istəyir. Bu layihə həm Azərbaycanın, həm Ermənistanın, həm də ABŞ-ın maraqları ilə müəyyən mənada üst-üstə düşür.
Bizim Zəngəzur dəhlizi adlandırdığımız məsələ də məhz bu kontekstdə müzakirə olunur. Bəziləri bu dəhlizi fərqli şəkildə təqdim etməyə çalışsalar da, burada əsas məsələ Orta dəhlizin fəaliyyət göstərməsidir. Çünki Orta dəhlizdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər də təmsil olunmaq istəyir. Rusiya isə bu məsələdə müəyyən narazılıq nümayiş etdirir və bu dəhliz üzərində öz təsirini saxlamağa çalışır.
Ona görə də, Rusiya Ermənistandakı müəyyən siyasi qüvvələr vasitəsilə vəziyyəti mürəkkəbləşdirməyə çalışır. Amma Rusiyanın diqqəti hazırda Ukrayna müharibəsinə yönəldiyi üçün regionda əvvəlki kimi aktiv təsir imkanları məhduddur. Buna baxmayaraq, Rusiya bu bölgəni tamamilə nəzarətsiz buraxmaq istəmir və müəyyən təsir imkanlarını qorumağa çalışır.
– İranın məsələlərə yanaşması necədir?
-İndiyə qədər sülh prosesinə ən aqressiv yanaşan ölkələrdən biri İran idi. Zəngəzur dəhlizinin açılmasına da birmənalı şəkildə qarşı çıxan dövlətlərdən biri məhz İran olub. Lakin son dövrlərdə İran prezidentinin açıqlamalarında daha yumşaq mövqe müşahidə olunur və daha mülayim bəyanatlar verilir.
Onun bəyanatlarının məzmunu belədir ki, biz etiraz edə bilərik, amma eyni zamanda digər güclü strukturların da mövqeyi var. İran daxilində bəzi güclü dairələr Zəngəzur dəhlizinin açılmasına da, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə də qarşı çıxırlar. İranın regionda öz maraqları və öz hesablamaları var.
Lakin hazırda İranın özünün də diqqəti başqa məsələlərə yönəlib və müəyyən çətinliklərlə üzləşdiyi görünür. Bu baxımdan İran əvvəlki kimi sərt və aktiv şəkildə proseslərə müdaxilə edə bilmir. Çünki Azərbaycan artıq əvvəlkindən daha güclü mövqedədir. Eyni zamanda Azərbaycan bu məsələlərdə qardaş Türkiyə ilə birlikdə hərəkət edir.
Ayhan
13:02 13.03.2026
Oxunuş sayı: 61