Dünyada aclıq İranın bir addımından asılıdır?- Müsahibə
Yaxın Şərqdə son dövrlərdə artan gərginlik və xüsusilə enerji marşrutları ətrafında yaranan siyasi-hərbi qarşıdurma dünya iqtisadiyyatında ciddi narahatlıq doğurur. Strateji əhəmiyyətə malik olan Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal enerji təhlükəsizliyi, neft və qaz bazarlarının sabitliyi, eləcə də beynəlxalq ticarət üçün mühüm risklər yaradır.
Mütəxəssislərin fikrincə, bu bölgədə mümkün hərbi eskalasiya yalnız regional deyil, həm də qlobal iqtisadi proseslərə təsir göstərə bilər. Xüsusilə enerji daşıyıcılarının qiymətində artım, nəqliyyat xərclərinin yüksəlməsi və bunun nəticəsində dünya bazarlarında inflyasiya təzyiqinin güclənməsi ehtimalı geniş müzakirə olunur.
Mövcud vəziyyət fonunda Hörmüz boğazının bağlanması ehtimalı, böyük dövlətlərin buna reaksiyası, regional aktorların mövqeyi və bütün bu proseslərin dünya iqtisadiyyatına, eləcə də Azərbaycana mümkün təsirləri xüsusi diqqət mərkəzindədir. Bu məsələlər ətrafında iqtisadçı ekspertin fikirlərini aşağıdakı müsahibədə təqdim edirik.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

-Hörmüz boğazının yaxın zamanda bağlanmasını real hesab edirsinizmi?
-İran bu gün Hörmüz boğazına nəzarət edir və heç bir tankerlərə hərəkət eləməyə qoymur. Hətta bildirikir, gəmilərin hərəkətinə mane olmaq minalar düzüləcək.
-Dərhal ABŞ Prezidenti Donald Tramp məsələyə reaksiya verdi. Bildirdi ki, bu, baş versə, ABŞ İrana dəfələrlə güclü zərbələr endirəcək. Yəni İran nəsə əldə etməyəcək.
- Bəs iqtisadi təsirlər?
- Bugün artıq həm neftin, həm sıxılmış qazın 20% yolu oradandır. Bu, bəşəriyyət üçün 20% enerji resurslarının azalması deməkdir. O da təbii ki, qiymətlərə birbaşa təsir elədi. Yəni bildiyimiz kimi, neftin bir bareli 120 dollara qədər artdı, sonra yenə aşağı düşdü. Çünki Tramp dedi ki, ABŞ öz ehtiyatlarından 200 milyon barelə qədər neft ayırıb və bunu satışa çıxardacam. Üstəlik, ABŞ Rusiyaya şərait yaradır, sanksiyaların bir hissəsini dayandırır ki, Rusiya nefti dünya bazarında qiymətin tənzimlənməsinə kömək etsin. Bu gün dünyada staqflyasiya müşahidə olunur. Bu, iki prosesin bir yerdə baş verməsidir: stagnasiya və inflasiya. Yəni bir tərəfdən dünya iqtisadiyyatının inkişafının qarşısı alınır, geriyə proseslər başlayır, inkişaf dayanır və eyni vaxtda inflasiya başlayır artmağa.
Adətən bunların biri olanda, o birisi azalır. Yəni klassik nəzəriyyədə stagnasiya olanda inflasiya azalır, alıcılıq qabiliyyəti düşdüyünə görə inflasiya azalır. Yaxud da inflasiya olanda stagnasiya olmur. Yəni alıcılıq vəziyyəti dəyişilməsi təbii ki, bu inkişafa müəyyən təsir göstərir.
Staqflyasiya bir termin kimi artıq son 60 ildir müşahidə olunur. Zəngin ölkələrdə təbii ki, bu, həmişə olmur. Olanda da müvəqqəti.
Beləliklə, hazırkı proseslərdə Rusiyanın burada müvəqqəti olaraq uduşu olur, müəyyən mənada neftini, qazını satmağa imkanları yaranır. Ona görə də Rusiya bəyan etdi ki, Avropanın qaz, neft ticarətini dayandırmasını gözləməyəcək. Əksinə, özü iki ay qabaq dayandıracaq
Bugünlərdə Amerikada yanacağın qiyməti ən azı 16% qalxıb. Kaliforniya ştatında bu göstərici 20 faizdir. Bu, yaxşı hal deyil. Həm Trampın reputasiyası üçün, həm də Amerikanın iqtisadiyyatının özünə. Yanacağın qiyməti bu qədər qalxan kimi bu tək nəqliyyat vasitələrinin istifadəsinə təsir eləmir. Bu, birmənalı zəncirvari şəkildə bütün məhsulların qiymətinin qalxmağına gətirib çıxarır.
- Nəyə görə?
- Ona görə ki, logistika və yol xərcləri artır və buna görə də məhsulların qiymətləri qalxır. Bu, kənd təsərrüfatı və qida məhsullarında özünü daha çox göstərir. Sonra da zəncirvari başqa məhsullara keçir və onların da qiyməti artacaq.
Artıq Avropanın özündə qazın qiyməti 30–35% qalxıb. Yəni enerji sərfiyyatına artıq bu qədər pul verməli olurlar insanlar. Bu, bütün dünyaya təsir edəcək. Birmənalı olaraq dünya iqtisadiyyatı müəyyən itkilərlə üz-üzə gələcək və bu itkilər yenə də qeyd etdiyimiz kimi ən çox az təminatlı və orta sinifə təsir edəcək. Ümumiyyətlə, inflasiya birmənalı olaraq həmişə birinci bu təbəqəyə toxunur.
-İran Hörmüz boğazını bağlasa, ABŞ-nin reaksiyası necə olacaq?
- ABŞ artıq açıq şəkildə xəbərdarlıq edib ki, əgər İran boğazda minalar yerləşdirsə, buna çox sərt hərbi cavab veriləcək. Tramp administrasiyası bunu bir neçə dəfə bəyan edib. Eyni zamanda maraqlı məqam ondan ibarətdir ki, ABŞ İsraili artıq razı salıb ki, İrandakı neft terminallarını vurmasın.
Bunun səbəbi isə humanitar deyil. Əsas səbəb ondan ibarətdir ki, həmin infrastruktur dağılsa, müharibədən sonra onu bərpa etmək üçün milyardlarla dollar vəsait lazım olacaq. Yəni ABŞ üçün gələcəkdə İranın enerji resurslarının nəzarətdə saxlanılması daha önəmli hesab olunur.
- Türkiyə və Rusiya İranı bu addımdan çəkindirmək üçün hansı addımları ata bilər?
-Türkiyə və Rusiya bölgədə böyük təsir imkanlarına malik ölkələrdir. Onların hər ikisi üçün də Hörmüz boğazının bağlanması sərfəli deyil. Çünki bu addım dünya enerji bazarlarında ciddi şok yarada bilər.
Rusiya müəyyən mənada enerji qiymətlərinin qalxmasından qısa müddətli qazanc əldə etsə də, uzun müddətdə qlobal iqtisadi böhran onun üçün də risklidir. Türkiyə isə enerji idxal edən ölkə olduğu üçün belə bir addımın əleyhinədir.
Ona görə də diplomatik kanallarla İranı bu addımdan çəkindirmək cəhdləri mümkündür.
- Yaxın Şərqdə baş verən proseslər, o cümlədən perspektivdə Hörmüz boğazının bağlanması iqtisadi bazarlara necə təsir edəcək?
- Artıq bütün dünyada nəqliyyat xərclərinin artması müşahidə olunur. Bu isə inflasiyanın birinci təkanverici faktorlarından biridir və bütün iqtisadiyyata böyük zərbə vurur.
Proqnozlara görə müharibənin ilkin mərhələsi 4–6 həftə nəzərdə tutulmuşdu. İki həftəsi artıq keçib. Amma görünən odur ki, bu proses daha uzun çəkə bilər.
Əgər enerji yolları məhdudlaşsa, bu zaman dünya bazarında həm neftin, həm qazın, həm də logistikanın qiyməti artacaq. Bunun nəticəsində qlobal inflasiya güclənəcək.
- Azərbaycanda bahalaşma və inflasiya nə qədər gözləniləndir?
- Biz dəfələrlə demişik ki, dünya iqtisadiyyatında gedən proseslər bu və ya digər formada Azərbaycana da təsir edir. Amma qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti öz siyasətində qabaqlayıcı addımlar atmağa çalışır ki, belə inflasiya prosesləri bizə daha zəif təsir etsin.
Burada Azərbaycanın enerji siyasətinin də böyük rolu var. Azərbaycan öz enerji ehtiyatlarını planlaşdırır. Ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 75%-i daxili tələbatı ödəyir, 25%-i isə ixrac olunur.
Ona görə də birbaşa enerji böhranı Azərbaycana ciddi təsir etməyə bilər. Lakin xaricdən idxal olunan malların qiyməti qalxarsa, biz müəyyən qədər idxal olunan inflasiya ilə üzləşə bilərik.
Bununla mübarizənin əsas yolu isə ölkə daxilində istehsalın artırılmasıdır. Xüsusilə kənd təsərrüfatı və qida məhsullarının mümkün qədər ölkə daxilində istehsal olunması bu təsirləri azaltmağa kömək edə bilər.
Elmir Heydərli
13:30 12.03.2026
Oxunuş sayı: 48