Gülərüz qəhrəmanın əbədiyyət nəğməsi: Mayor Elnur Quliyev
Tarix 29 sentyabr 2020-ci il... Vətənin başı üstünü duman alanda, qeyrətli oğulların səfərbərlik növbəsinə durduğu o müqəddəs günlərdə tanıdım onu. Mayor Elnur Quliyev... Ordudan təxris olunmasına baxmayaraq, barıt qoxusu gələn kimi dözməyib geri dönmüşdü. İlk görüşdəcə simasındakı o səmimi gülüş, gözlərindəki işıq və ətrafındakılara ötürdüyü o sarsılmaz arxayınlıq hissi hələ də yaddaşımdadır. Peşəkar hərbçi idi; illərin təcrübəsini, hərbi sirləri cəmi bir neçə günə bizə aşılamağa çalışır, sanki bizi qabaqdakı fırtınaya hazırlayırdı. Qismət elə gətirdi ki, bölgü zamanı eyni tabora düşdük. Bu, mənim üçün sadəcə bir təsadüf deyil, döyüş meydanında böyük bir stimul idi.
Füzulidən Şuşaya: “Zəfər Yolu”nun ilk izləri
Döyüş yolumuz Füzulinin Alxanlı və Qaraqanbəyli kəndləri istiqamətindən başladı. Tabor komandirimiz, qorxmaz və vətənpərvər mayor Həmid Əliyevin rəhbərliyi altında taborumuz Füzuli, Hadrut, Qubadlı, Xocavənd istiqamətlərində ağır sınaqlardan keçdi. Biz "Zəfər yolu"nun ilk cığırlarını açanlardan idik. Oktyabrın sonu, noyabrın əvvəlləri... Meşəlik, sıldırım dağlar və düşmənin aramsız artilleriya atəşi altında Şuşaya doğru irəliləyirdik. Elnur Quliyev hər bir əsgərin, hər bir zabitin çətinliyi ilə nəfəs alırdı. O, təkcə tapşırığın icrasını deyil, həm də şəxsi heyətin sağ-salamat qalmasını düşünən həqiqi bir qardaş, qayğıkeş bir rəis idi. Ən ağır məqamlarda belə o gülərüzlülyü ilə əhvalımızı qaldırmağı bacarırdı.
Daşaltı əməliyyatı və komandanlıq məsuliyyəti
Noyabrın 1-dən 2-nə keçən gecə Daşaltı əməliyyatı başlayanda taleyin növbəti sınağı ilə üzləşdik. Tabor komandirimiz Həmid Əliyev düşmənin artilleriya zərbəsi nəticəsində ağır yaralanaraq təxliyə olundu. Həmin kritik anda taborun komandanlığı mayor Elnur Quliyevin çiyinlərinə düşdü. Şuşa döyüşlərinin ən ağır yükünü çəkənlərdən oldu. Xatırladığım qədərilə noyabrın 5-də simsiz rabitə ilə son dəfə danışdıq. "Mövqeyində dayan, gözlə" — bu, onun mənə verdiyi sonuncu tapşırıq oldu. Sonra, qələbə müjdəsinə az qalmış, düşmənin ciddi canfəşanlığı — əks-hücum həmləsi zamanı mayor Elnur Quliyev ağır yaralandı. O, Şuşanı azad edib, özü qazilik zirvəsinə ucaldı.
İllər sonra “İsa bulağı”nda Müqəddəs qarşılaşma
Müharibədən sonra yollarımız ayrılsa da, ruhumuz həmişə o dağlarda idi. 2024-cü ildə ailəmlə Laçından qayıdarkən, 2020-ci ildə yaralı polkovnikimiz Etibar Əhmədovun (korpusun döyüş hazırlığı zabiti) yaralandığı və ciddi qanaxmadan xilas etdiyim o yerləri — İsa bulağı istiqamətini ziyarət etmək istədim. Orada qazilərin və şəhid ailələrinin tədbirinə rast gəldim. Gözləmədiyim anda arıqlamış, yerişi çətinləşmiş, əsa ilə yeriyən bir zabit gördüm. Gözləri... o nurlu gözləri dörd il keçsə də dəyişməmişdi. Bu, Elnur idi! Neçə ildən sonra yaralandığı yerə, xatirələrinə baş çəkməyə gəlmişdi. Sarıldıq... Göz yaşlarımız gülüşümüzə qarışdı. O, yenə həmin Elnur idi; ağrılarına rəğmən gülümsəyirdi.
Vaxtsız vida
Biz onun tam sağalıb normal həyata dönməsini gözləyirdik. Lakin 16 fevral 2026-cı il tarixində aldığımız o üzücü xəbər hamımızı sarsıtdı. Şuşa fatehi, dövlətin illərlə yetişdirdiyi peşəkar hərbçi, nümunəvi ailə başçısı mayor Elnur Quliyev əbədi olaraq gözlərini yumdu.
Elnur Quliyev bizim yaddaşımızda və Azərbaycan tarixində hər zaman "Gülərüz Qəhrəman" kimi qalacaq. O, Vətən üçün yaşadı, Vətən üçün döyüşdü və Vətən sevdası ilə də əbədiyyətə qovuşdu.
Allah rəhmət eləsin!
Vətən müharibəsi iştirakçısı, baş leytenant Pərviz Aslanov
18:16 16.02.2026
Oxunuş sayı: 1603