Dövlətçilik şüurunun Belqrad harmoniyası
Fevralın 15-də gerçəkləşən səfər iki suveren dövlətin – öz gücünə arxalanan Azərbaycanın və siyasi iradəsini qorumağı bacaran Serbiyanın – strateji baxışlarının qovuşduğu bir mərhələnin təsdiqidir.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas xətt “dostluq” sözünün sentimental çalarından çox, “dövlət marağı” anlayışının rasional çərçivəsidir. Serbiyanın suverenlik uğrunda tarixi mübarizəsinə verilən qiymət, əslində, Azərbaycanın öz Zəfərsonrası siyasi fəlsəfəsinin də diplomatik ifadəsidir: bu, dövlət marağının öncəliyinin ifadəsidir.
Serbiya böyük təbii sərvətlərə malik olmayan, amma siyasi liderlik və iqtisadi islahatlarla inkişaf modelini qurmağı bacaran bir ölkədir. Azərbaycan isə enerji və geosiyasi imkanlarını strateji tərəfdaşlığa çevirərək Avropa məkanında yeni enerji arxitekturasının önəmli oyunçusuna çevrilib. Bu iki xətt Belqradda kəsişir, daha doğrusu, qovuşur.
Energetika sahəsində işbirliyi – qaz ixracının artımı, birgə elektrik stansiyası layihəsi, 2032-cu ilə qədər əlavə 8 giqavat güc planı – artıq sırf iqtisadi çərçivəyə sığmır; bu, təhlükəsizlik və qarşılıqlı asılılıq modelidir. Bu, Balkanların Qafqaza uzanan yeni sinerjisidir.
Azərbaycan və Serbiya beynəlxalq platformlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu qarşılıqlılıq diplomatik etikadan çox, prinsipial mövqedir.
“Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir”. - Bu, Serbiya Prezidenti Aleksandar Vuçiçin fevralın 15-də Belqradda mətbuata Azərbaycan Prezidenti ilə birgə bəyanatındandır.
İndi isə diqqətinizi Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatının son bölümünə çəkmək istərdim:
“Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu”!
Göründüyü kimi, ürəkdən gələn bu sözlər iki xalqın siyasi iradəsinin və strateji tərəfdaşlığının şüarlaşmış formasıdır.
Bəli, Bakı ilə Belqrad arasında qurulan xətt emosional yaxınlıqdan daha çox, dövlətçilik şüurunun harmoniyasıdır. Və bu harmoniya – necə deyərlər, təsadüflərin yox, planın təcəllisidir. Dövlətimiz zaval görməsin!

ƏKBƏR QOŞALI
16:05 16.02.2026
Oxunuş sayı: 605