Yeni idarəetmə modelinin əhəmiyyəti
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə ölkənin strateji inkişaf kursunda yeni mərhələnin başlandığını nümayiş etdirdi. Bu toplantı yalnız texnoloji məsələlərin müzakirəsi ilə məhdudlaşmayaraq, dövlətin gələcək idarəetmə modelinin və inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Dövlət başçısı çıxışında mövzunu qlobal çərçivədə təqdim
edərək vurğuladı: “Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək.
Dünyada gedən meyillər, trendlər bəllidir.” Bu yanaşma göstərir ki, Azərbaycan
rəqəmsallaşmanı alternativ seçim kimi deyil, qaçılmaz zərurət və strateji
istiqamət kimi qəbul edir. Müasir dövrdə iqtisadi güc, siyasi nüfuz və milli təhlükəsizlik
anlayışları texnoloji inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Azərbaycanın
müasir inkişaf yolu enerji strategiyası üzərində formalaşıb. Uzaqgörən enerji
siyasəti ölkəni regional gücə və etibarlı tərəfdaşa çevirib. İndi isə bu təcrübə
yeni mərhələyə transfer olunur. Prezident bu paraleli belə ifadə etdi: “Bizim
neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Bu təcrübə rəqəmsal
dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.”
Bu fikir onu göstərir ki, Azərbaycan rəqəmsal transformasiyaya sıfır nöqtəsindən
başlamır. Enerji layihələrində formalaşmış beynəlxalq əməkdaşlıq modeli, hüquqi
sabitlik və investisiya etibarı artıq mövcuddur və indi həmin model rəqəmsal
iqtisadi mühitə tətbiq edilir.
Azərbaycanın geostrateji mövqeyi tarixən mühüm rol
oynayıb. Lakin Prezidentin vurğuladığı kimi, coğrafi yerləşmə yalnız düzgün
siyasi yanaşma nəticəsində üstünlüyə çevrilir: “Biz coğrafi vəziyyətimizi ölkəmizin
inkişafına bağlamışıq və buna nail olmuşuq.” Asiya ilə Avropa arasında yerləşmə,
Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi bu gün yeni məzmun
qazanır. Bu dəhlizlər artıq yalnız enerji və yük daşımaları üçün deyil, həm də
data və informasiya axınları üçün strateji platformaya çevrilir. Xəzərin şərq
sahilləri istiqamətində fiber-optik bağlantı layihəsi Azərbaycanın rəqəmsal
tranzit ölkə mövqeyini daha da möhkəmləndirəcək və onu regionun texnoloji mərkəzlərindən
birinə çevirmək üçün real zəmin yaradacaq. Rəqəmsal transformasiya yüksək
enerji tələbatı ilə müşayiət olunur. Data mərkəzləri və süni intellekt
infrastrukturu böyük generasiya gücü tələb edir. Cənab Prezident bu reallığı
konkret rəqəmlərlə ifadə edərək bildirdi: “Son 20 il ərzində generasiya gücümüz
təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir.” Ən azı 2
min meqavat istifadə edilməyən ehtiyat gücün mövcudluğu Azərbaycanın rəqəmsal sənaye
üçün cəlbedici platforma olduğunu göstərir. Bununla yanaşı, bərpaolunan enerji
layihələrinin genişləndirilməsi ölkəni həm ekoloji, həm də texnoloji baxımdan
üstün mövqeyə çıxarır və rəqəmsal iqtisadiyyatın maddi bazasının artıq
formalaşdığını təsdiqləyir.
Cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq tərəfdaşlıq
əlaqələrinə də xüsusi diqqət ayırdı. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq
Xartiyası, Avropa İttifaqına üzv dövlətlərlə bağlanmış sənədlər və Çinlə
qurulmuş hərtərəfli strateji tərəfdaşlıq balanslı xarici siyasətin nəticəsi
kimi təqdim olundu. “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər,
çox axtarsan.” Bu fikir siyasi ritorikadan daha çox mövcud geosiyasi reallığın
təsviri kimi qiymətləndirilə bilər. Çünki rəqəmsal texnologiyalar sahəsində
ABŞ, Çin və Avropa əsas güc mərkəzləri hesab olunur və Azərbaycan onların hər
biri ilə strateji əməkdaşlıq platformasına malikdir. Bu isə ölkəyə texnoloji rəqabət
şəraitində geniş manevr imkanları yaradır. Eyni zamanda, qlobal maliyyə
institutları ilə əməkdaşlıq rəqəmsal layihələrin maliyyə dayanıqlığını təmin edən
mühüm amildir. Rəqəmsallaşma yalnız infrastruktur quruculuğu deyil, həm də idarəetmə
fəlsəfəsinin yenilənməsidir. Prezident dövlət qurumları arasında
koordinasiyanın gücləndirilməsini əsas şərt kimi müəyyən etdi: “Pərakəndəliyə
yol verilməməlidir.” “mygov” platforması üzərindən vahid dövlət xidmətlərinin təşkili
və müxtəlif tətbiqlərin mərkəzləşdirilməsi idarəetmədə sistemliliyi artıracaq.
Bu yanaşma həm bürokratik maneələrin azalmasına, həm də vətəndaş-məmur münasibətlərində
şəffaflığın güclənməsinə xidmət edəcək.
Cənab Prezident süni intellekt texnologiyalarının tətbiqini
təkcə texniki yenilik kimi deyil, qərarvermə mexanizmlərinin keyfiyyətini yüksəldən
alət kimi təqdim etdi: “Süni intellekt agentləri hər hansı bir qərarın düzgün
olub-olmaması ilə bağlı yardımçı ola bilər.” Bu yanaşma idarəetmədə analitik
düşüncənin gücləndirilməsi deməkdir. Süni intellekt risklərin
proqnozlaşdırılması, strateji planlaşdırma və operativ qərarvermə proseslərində
mühüm rol oynaya bilər. Azərbaycan bu istiqamətdə qlobal meyilləri izləməklə
kifayətlənmir, onların praktik tətbiqinə hazır olduğunu nümayiş etdirir. Rəqəmsal
arxitektura yalnız texniki infrastrukturu əhatə etmir — onun əsas dayağı insan
kapitalıdır. Prezident ali və orta təhsil sistemində dəyişikliklərin
vacibliyini vurğuladı. Xaricdə təhsil proqramlarının bu sahəyə yönəldilməsi gələcəyin
texnoloji mütəxəssislərinin yetişdirilməsinə xidmət edir. Bu, strateji baxışın əsas
elementidir: texnologiyanı almaq mümkündür, lakin bilik və kadr potensialı
milli sərvət hesab olunur. Fevralın 11-də keçirilən müşavirə göstərdi ki, Azərbaycan
rəqəmsal transformasiyanı epizodik layihə kimi deyil, milli inkişaf
strategiyasının əsas xətti kimi qəbul edir. Enerji potensialı, geosiyasi mövqe,
qlobal tərəfdaşlıqlar və institusional iradə bu strategiyanın əsas sütunlarını
təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni rəqəmsal
arxitektura Azərbaycanın qarşıdakı onilliklərdə təkcə regional deyil, qlobal
miqyasda da texnoloji mərkəzə çevrilmək iddiasını aydın şəkildə ortaya qoyur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı
12:09 16.02.2026
Oxunuş sayı: 751