Rəqəmsal transformasiya Azərbaycanın yeni inkişaf modeli kimi: Prezident İlham Əliyevin strateji baxışı
Rəqəmsal transformasiya artıq müasir dünyanın əsas inkişaf prioritetinə çevrilmişdir. Dövlətlərin gücü təkcə təbii sərvətləri, hərbi potensialı və ya ənənəvi sənaye imkanları ilə deyil, eyni zamanda onların informasiya infrastrukturunun səviyyəsi, süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin gücü və rəqəmsal idarəetmə mədəniyyəti ilə ölçülür. Bu reallıq fonunda Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə (11 fevral 2026) rəqəmsal inkişafla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf modelinin konturlarını aydın şəkildə müəyyən edir. Burada söhbət sadəcə texnologiyadan getmir; söhbət milli inkişaf fəlsəfəsinin yeni mərhələsindən gedir.
Azərbaycan son otuz ildə enerji diplomatiyası və iri infrastruktur layihələri vasitəsilə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Neft-qaz kəmərləri, beynəlxalq konsorsiumlar, transmilli şirkətlərlə əməkdaşlıq və yüz milyardlarla dollarlıq sərmayə ölkənin iqtisadi dayaqlarını möhkəmləndirmişdir. Bu model Azərbaycanın müstəqil iqtisadi siyasət yürütməsinə, regional və qlobal proseslərdə söz sahibi olmasına şərait yaratmışdır. Lakin dünya dəyişir və inkişafın yeni mərhələsi artıq rəqəmsal iqtisadiyyat üzərində qurulur. Prezident İlham Əliyevin vurğuladığı kimi, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək taleyini müəyyən edən əsas amillərə çevrilmişdir. Bu baxımdan Azərbaycan mövcud üstünlüklərini yeni istiqamətə yönəltməlidir.
Enerji sektoru ölkənin əsas dayaqlarından biri olaraq qalır, lakin bu sektor artıq yalnız ixrac və gəlir mənbəyi kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın infrastrukturu kimi qiymətləndirilməlidir. Son iyirmi ildə generasiya gücünün iki dəfə artaraq 10 min meqavata çatması, ən azı 2 min meqavat istifadə edilməyən ehtiyatın mövcudluğu Azərbaycanın böyük texnoloji layihələr üçün real enerji bazasına malik olduğunu göstərir. Data mərkəzləri və süni intellekt sistemləri yüksək və sabit enerji təminatı tələb edir. Bir çox ölkələr məhz enerji çatışmazlığı səbəbindən bu sahədə geridə qalır. Azərbaycan isə qaz, hidro, günəş və külək enerjisi hesabına özünü tam təmin edir və hətta enerji ixrac edir. Bu fakt rəqəmsal transformasiya üçün nadir imkan yaradır. Enerji gücü informasiya gücünə çevrilə bilər və çevrilməlidir.
Coğrafi mövqe Azərbaycanın ən böyük üstünlüklərindən biridir. Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində mövqeyi ölkəni logistika mərkəzinə çevirmişdir. Bu gün isə eyni məntiq rəqəmsal məkana tətbiq olunur. Energetika və nəqliyyat dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə transformasiya olunmalıdır. Xəzər dənizinin Şərq sahilləri ilə yeni fiber-optik kabel layihəsi, Qərbə doğru yeni bağlantılar üzərində iş Azərbaycanın regional rəqəmsal tranzit mərkəzinə çevrilməsi üçün əsas yaradır. Əgər dünən neft və qaz axını iqtisadi gücü müəyyən edirdisə, bu gün məlumat axını və internet bağlantılarının sürəti və təhlükəsizliyi eyni funksiyanı daşıyır. Azərbaycan öz coğrafiyasını artıq dəfələrlə strateji üstünlüyə çevirmişdir və indi növbə rəqəmsal coğrafiyanın formalaşdırılmasınadır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri qlobal tərəfdaşlıq modelidir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv ölkələrlə strateji sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli tərəfdaşlıq formatı Azərbaycanın unikal geosiyasi mövqeyini təsdiqləyir. Dünyanın aparıcı güc mərkəzləri ilə paralel və balanslaşdırılmış əməkdaşlıq nadir nümunədir. Rəqəmsal transformasiya bu əməkdaşlığa yeni məzmun verir. Süni intellekt və yüksək texnologiyalar sahəsində aparıcı şirkətlərlə əlaqələrin qurulması, qlobal maliyyə fondları ilə əməkdaşlıq, investisiyaların cəlbi Azərbaycanın rəqəmsal sektorunu beynəlxalq sistemə inteqrasiya edir. Bu, yalnız texnoloji modernləşmə deyil, həm də iqtisadi diplomatiyanın yeni mərhələsidir.
Prezident İlham Əliyev rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri kimi dövlət idarəçiliyində vahid yanaşmanın formalaşdırılması məsələsinin aktuallığını qeyd etmişdir. Müxtəlif qurumlar tərəfindən yaradılmış pərakəndə platformalar artıq vahid sistemdə birləşdirilməlidir. “mygov” üzərindən bütün dövlət xidmətlərinin təqdim edilməsi vətəndaş mərkəzli idarəetmə modelinin qurulmasına xidmət edir. Bu, həm şəffaflıq, həm operativlik, həm də büdcə resurslarının səmərəli istifadəsi deməkdir. Rəqəmsal dövlət anlayışı artıq texniki yenilik deyil, idarəetmə mədəniyyətinin dəyişməsidir. Prezidentin hər bir dövlət qurumunda rəqəmsallaşma və süni intellekt üzrə məsul şəxsin müəyyənləşdirilməsi ilə bağlı təklifi institusional koordinasiyanın vacibliyini göstərir. Bu sahə prioritet elan olunursa, o zaman bütün idarəetmə mexanizmləri buna uyğun qurulmalıdır.
Süni intellektin dövlət idarəçiliyində tətbiqi xüsusi diqqət tələb edən məsələdir. İnkişaf etmiş ölkələrdə artıq süni intellekt agentləri qərarvermə prosesində yardımçı rol oynayır. Risklərin qiymətləndirilməsi, məlumatların analizi, siyasət variantlarının modelləşdirilməsi və proqnozlaşdırma kimi sahələrdə süni inellekt texnologiyaları effektiv alətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan da bu istiqamətdə geri qalmamalıdır. Süni intellekt insanı əvəz etmir, lakin qərarların keyfiyyətini artırır. Dövlət idarəçiliyində elmi əsaslandırılmış, məlumatlara söykənən qərarların qəbulu rəqəmsal transformasiyanın mühüm elementidir.
Prezidentin qeyd etdiyi kimi kibertəhlükəsizlik məsələsi isə rəqəmsal inkişafın ayrılmaz hissəsidir. Kiberhücum faktları göstərir ki, rəqəmsal mühitdə təhlükələr real və çoxşaxəlidir. İnfrastruktur nə qədər inkişaf edirsə, risklər də bir o qədər artır. Kibertəhlükəsizlik Mərkəzinin gücləndirilməsi, milli təhlükəsizlik strategiyasının rəqəmsal komponentlə zənginləşdirilməsi və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi zəruridir. Rəqəmsal suverenlik artıq dövlət suverenliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Məlumatların qorunması, sistemlərin davamlılığı və strateji infrastrukturun müdafiəsi prioritet olaraq qalmalıdır.
Rəqəmsal transformasiya insan kapitalı olmadan mümkün deyil. Kadr hazırlığı bu strategiyanın əsas sütunlarından biridir. Ali məktəblərdə süni intellekt, kibertəhlükəsizlik, data analitikası və proqram mühəndisliyi üzrə ixtisasların gücləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi və orta məktəblərdə ilkin rəqəmsal biliklərin aşılanması uzunmüddətli inkişafın təminatıdır. Bu proses yalnız texniki biliklərin ötürülməsi deyil, həm də yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Rəqəmsal savadlılıq artıq ümumi mədəniyyətin tərkib hissəsidir.
Özəl sektorun iştirakı olmadan rəqəmsal iqtisadiyyat formalaşa bilməz. Dövlət təşviq mexanizmləri, innovasiya fondları, startap ekosisteminin inkişafı və texnoparkların genişləndirilməsi yeni texnologiyaların kommersiyalaşdırılmasına imkan yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə konkret fəaliyyət planı hazırlanmalı və qısa müddətdə icraya başlanmalıdır. Rəqəmsal transformasiya spontan proses deyil; o, koordinasiya olunmuş, strateji və sistemli yanaşma tələb edir.
Azərbaycanın qarşısında real və tarixi imkan yaranmışdır. Enerji potensialı, coğrafi mövqe, investisiya iqlimi, qlobal tərəfdaşlıq modeli və mövcud infrastruktur rəqəmsal inkişaf üçün möhkəm zəmin yaradır. Bu üstünlüklərdən istifadə etməmək strateji səhv olardı. Rəqəmsal transformasiya artıq gələcəyin layihəsi deyil, bu günün prioritetidir. Dövlət başçısının bu məsələyə birbaşa nəzarəti və onu milli prioritetlər sırasına daxil etməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Neft-qaz əsrində əldə olunmuş təcrübə və uğurlar indi rəqəmsal əsrin çağırışlarına cavab verməlidir. Azərbaycan enerji ixrac edən ölkədən informasiya və texnologiya ixrac edən ölkəyə çevrilə bilər. Bu yol çətin, lakin perspektivlidir. Rəqəmsal transformasiya təkcə iqtisadi dəyişiklik deyil, həm də milli modernləşmə layihəsidir. Bu layihənin mərkəzində isə strateji baxış, siyasi iradə və koordinasiyalı fəaliyyət dayanır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf modelinin artıq müəyyənləşdiyini göstərir: enerji gücündən data gücünə doğru inamlı addım.

Azad Qurbanov
BDU-nun “İnformasiya və sənəd menecmenti” fakültəsinin dosenti
09:06 12.02.2026
Oxunuş sayı: 2398