Ali məhkəmə hərəkətə keçdi: Jurnalistlərin məsuliyyəti artır
Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə şəxsi və ailə həyatına hörmət hüququnu məhkəmə praktikasında ayrıca instituta çevirərək, bu sahədə bir sıra yeniliklər təqdim edib. Qərara əsasən, şəxsin öz razılığı olmadan şəxsi məlumatlarının toplanılması, saxlanılması və yayılması mülki məsuliyyətə səbəb olacaq, o cümlədən media subyektləri də ictimaiyyətə yayılan məlumatlar üçün məsuliyyət daşıyacaq.
Yeni qərar şəxsi toxunulmazlıq hüququnu yalnız şərəf və ləyaqətin müdafiəsi ilə məhdudlaşdırmır, eyni zamanda şəxsi və ailə həyatına dair hər növ məlumat, o cümlədən tibbi, maliyyə, yazışmalar, şəxsi əşyalar, hətta heyvan və bitkilər kimi obyektləri qorumağı nəzərdə tutur. Ali Məhkəmə qərarında xüsusilə vurğulanır ki, şəxsi və ailə həyatına hörmət hüququ hər bir fərdin təhlükəsiz və rahat yaşaması üçün konstitusion səviyyədə təmin edilməlidir.

Bu barədə Crossmedia.az-a danışan Azərbaycan Mətbuat Şurasının idarə heyətinin sədri Rəşad Məcid bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün və zamanın tələbindən irəli gəlir: "Çünki qərar şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi həyatın toxunulmazlığı” adlı 32-ci maddəsi baxımından real tətbiq mexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar formalaşdırmalıdır. Qərarın şərhi ilə bağlı məlumatda bütün detallar ətraflı göstərilib. Hesab edirəm ki, qərar ümumən şəxsi məlumatların qorunmasına yönələn məsuliyyəti möhkəmləndirmək məramı daşıyır. Məsuliyyətli yanaşma isə heç də ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Əksinə, fikrimcə, qərar ifadə azadlığı prinsiplərini daha sivil və mütərəqqi cəmiyyət quruculuğu üçün səfərbər edir. Şübhəsiz, media qarşısında da məsuliyyət yaratmaqla".
O söyləyib ki, media fəaliyyəti özlüyündə ictimai məzmun daşıyan hadisədir: "Yəni, jurnalistlər ictimai missiya yerinə yetirirlər. Yeni qərarda publik şəxslərin davranışlarının, qərarlarının və fəaliyyətinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etməsi amili əsas götürülür. Bu amil onların şəxsi həyatının da ictimai nəzarətə açıqlığını, bir növ, normaya çevirir. Sıravi şəxslərlə müqayisədə publik şəxsləri tənqidetmənin yolverilən hədləri daha genişdir. Amma Ali Məhkəmə çox doğru olaraq ictimai marağın aşılmasının yolverilməzliyini vurğulayır və durumu izah etmək üçün misal gətirir, daha doğrusu, müqayisə aparır. Belə aydın olur ki, publik şəxsin şəxsi həyatı ilə bağlı məlumatların onun publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmədiyi hallarda yayılması yolverilməzdir. Düşünürəm ki, jurnalistlər daha çox bu məqama diqqət yetirməli, ən başlıcası kimlərin şəxsi həyatlarının ictimai əhəmiyyət daşıdığını, kimlərinkinin daşımadığını, habelə, ictimai həyatla şəxsi həyat anlayışlarının sərhədlərinin haradan başlayıb, harada bitdiyini düzgün qiymətləndirməlidirlər. Bunun üçün isə həssaslıq və vicdani yanaşma başlıca şərtdir".
Sədr, həmçinin vicdanlılıq hər bir şəxsin fərdi keyfiyyətlərinin məcmusudursa, həssaslıq baxımından “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda xüsusi müddəaların olduğunu da vurğulayıb: "Ümumən, qaydalar jurnalistlər üçün həssaslıq çağırışıdır. Konkretliyə gəlincə, sənəddə media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç cəhətdən əsaslandırılır. Birincisi, sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, üçüncüsü ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması. Hesab edirəm ki, media təmsilçilərimiz, jurnalistlərimiz bu məqamlara diqqət yetirərək fəaliyyətlərini qursalar, hüquqi məsuliyyətlə üzləşmək kimi xoşagəlməz durumdan uzaq durmuş olarlar".
Elmir Heydərli
13:55 11.02.2026
Oxunuş sayı: 909