Azərbaycan terrorçu separatçıların məsələsinə beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun yanaşır -RƏY
Ermənistan tərəfindən vaxtilə qanunsuz şəkildə yaradılan qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri – Araik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətdikləri üçün ədalət mühakiməsinə cəlb edildilər. Ötən ilin yanvarında başlayan məhkəmə prosesi artıq yekunlaşıb və ötən gün təqsirləndirilən şəxslərə hökm oxundu. Bu, uzun illər davam etmiş qanunsuz fəaliyyətlərə hüquqi qiymətin verilməsidir.
Proses ilk növbədə Azərbaycanın suveren və hüquqi dövlət olduğunu təsdiqləyir. Dövlət öz ərazisində ağır cinayətlər törədən cinayətkarların qanun qarşısında cavab verməsini təmin etdi. Bu, həm də şəhid ailələri, müharibə qurbanları və keçmiş məcburi köçkünlər üçün mənəvi ədalətin təmin olunmasıdır. İllərlə gözlənilən hüquqi qiymət cəmiyyətin ədalət hissini möhkəmləndirir və heç bir cinayətin cəzasız qalmadığını sübut edir. Cənab Prezident də hər zaman bəyan edirdi ki, xalqımıza qarşı amansız cinayətlər törətmiş şəxslər mütləq qanun qarşısında cavab verəcəklər.
Bu məsələ beynəlxalq hüquq baxımından da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan prosesə hüquq müstəvisindən, Cenevrə konvensiyalarına və beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun yanaşır. Bu isə ölkəmizin beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirir.
Separatçıların məhkəmə qarşısında cavab verməsi eyni zamanda separatizmə qarşı ciddi xəbərdarlıqdır. Bu, regionda sülh və sabitliyin təmin olunması üçün vacib presedent yaradır və göstərir ki, qeyri-qanuni silahlı fəaliyyətlər, insanlığa qarşı cinayətlər gec-tez hüquqi məsuliyyətlə nəticələnir.
Məsələ burasındadır ki, sırf bu məhkəmə prosesi ilə bağlı ölkəmizə qarşı çoxsaylı təzyiqlər olub və bu gün də davam edir. Fransa Milli Assambleyasının növbəti dəfə Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi də müharibə cinayətkarlarının müdafiəsinə hesablanıb. Bu, onu göstərir ki, Fransa regionda vəziyyəti yenidən gərginləşdirmək planlarından əl çəkmək niyyətində deyil.
2025-ci ilin oktyabrında Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşə gələrək iki ölkə arasında gərginliyə son qoyulmasını, münasibətlərin bərpa olunmasını xahiş edən E.Makronun bu məsələdə heç də səmimi olmadığı görünür. Görünən budur ki, rəsmi Paris və onun rəhbəri regionda sülh gündəliyini pozur, yeni gərginlik yaratmağa çalışır.
Üstəlik, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində uğurlu addımların atıldığı bir vaxtda bu cür qərəz sərgiləyən Fransa faktiki olaraq ABŞ-nin sülh səylərinə zərbə vurmağa çalışır.
Nigar Məmmədova,
Milli Məclisin deputatı
12:40 06.02.2026
Oxunuş sayı: 411