ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının üzvlərinə müraciət edərək qlobal təhlükəsizlik və diplomatik səylərlə bağlı açıqlamalar verib.
ABŞ prezidenti bildirib ki, Şuraya üzv olanlar millətlərin liderləridir və onların üzərinə böyük məsuliyyət düşür:
“Bəziləriniz çox populyardır, bəziləriniz isə bir az az – amma həyat belə gedir.”
Tramp vurğulayıb ki, hazırda dünya cəmi bir il əvvələ nisbətən daha zəngin, daha təhlükəsiz və daha dincdir. Onun sözlərinə görə, bir çox insanın belə xəbərdar olmadığı ciddi böhranlar vaxtında aradan qaldırılıb:
“Biz bilmədiyimiz bir çox yanğınları söndürdük.”
ABŞ prezidenti xüsusilə Hindistan və Pakistan arasında başlaya biləcək müharibənin qarşısının alınmasını mühüm uğur kimi qiymətləndirib. Tramp qeyd edib ki, Pakistanın baş naziri bu müdaxilənin 10–20 milyon insanın həyatını xilas etdiyini bildirib və bu sözlər onu çox sevindirib.
“Çox pis şeylər baş vermək üzrə idi,” – deyə o əlavə edib.
Tramp çıxışında Misir və Efiopiya arasında davam edən proseslər üzərində də işlədiklərini bildirib. O, Misiri xatırladıqda Nil çayını düşündüyünü vurğulayaraq, bölgədə su təhlükəsizliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
ABŞ prezidentinin bu çıxışı Sülh Şurasının qlobal münaqişələrin qarşısının alınmasında daha fəal rol oynayacağına dair mesaj kimi dəyərləndirilir.