Trampın sədrlik etdiyi Sülh Şurası: Kimlər qoşuldu, qaydalar nədir?
Sülh Şurasının yaradılması ilə bağlı əsas detallar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Şuranın nizamnamə layihəsinə istinadən yazıb.
Davosda keçirilən tədbirdə Qəzza zolağında sülh nizamlanması çərçivəsində təsis edilən Şuranın nizamnaməsi 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb.
Məlumata görə, sənədi ABŞ Prezidenti Donald Trampla yanaşı, Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, BƏƏ, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan və özünü müstəqil elan edən Kosovonun liderləri və nümayəndələri imzalayıblar.
Tramp bildirib ki, 50-dən çox ölkənin yaxın vaxtlarda Sülh Şurasına qoşulması gözlənilir. Onun sözlərinə görə, Şuraya üzvlük üçün bir çox xarici liderlərə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinə dəvətlər göndərilib.
Tramp, Qəzza zolağı ilə bağlı İsrail və HƏMAS arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Qəzzanın idarəçiliyini öz üzərinə götürəcək Şuraya sədrlik edəcəyini də açıqlayıb.
Şuranın yalnız Qəzza ilə məhdudlaşmayacağı bildirilib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff qeyd edib ki, Sülh Şurası gələcəkdə digər regionlarda da fəaliyyət göstərəcək.
Hər bir üzv dövlətin üzvlük müddəti üç ildən çox olmayacaq. Lakin bu məhdudiyyət 1 milyard dollar giriş haqqı ödəyən ölkələrə şamil edilmir.
Sənədə əsasən, Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək, lakin yekun təsdiq Şura sədrinin səlahiyyətində olacaq.
17:06 22.01.2026
Oxunuş sayı: 2092