İnternetin kəsilməsi İrana gündə milyonlarla dollar ziyan vurur
ABŞ Dövlət Departamenti İranda davam edən internet kəsintiləri ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Dövlət Departamenti dünən farsdilli X hesabında paylaşım edərək, İranda internetin qəsdən məhdudlaşdırılmasını cəmiyyəti nəzarətdə saxlamağa yönəlmiş siyasət kimi qiymətləndirib. Açıqlamada bildirilib ki, İslam Respublikası interneti “xalqı susdurmaq və yoxsullaşdırmaq üçün bir vasitə” kimi istifadə edir.
Paylaşımda vurğulanıb ki, internetin gündəlik kəsilməsi və ya tamamilə bağlanması İran iqtisadiyyatına hər gün 37 milyon dollardan çox ziyan vurur. Bu addımlar biznes fəaliyyətlərini iflic edir, ailələr üzərində ciddi maliyyə təzyiqi yaradır və iqtisadi imkanları məhdudlaşdırır.
ABŞ Dövlət Departamenti qeyd edib ki, İran xalqı internetə çıxışdan və iqtisadi fürsətlərdən məhrum edildiyi halda, İslam Respublikasının rəsmiləri yalan məlumat yaymaq və hakimiyyətdə qalmaq məqsədilə internetdən istifadə etməyə davam edirlər. Bildirilib ki, internetin bağlanması rəsmi Tehranın məlumatlı, azad və şüurlu cəmiyyətdən qorxduğunu açıq şəkildə nümayiş etdirir.
Açıqlama beynəlxalq ictimaiyyətdə İranın informasiya azadlığı və iqtisadi vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
13:20 22.01.2026
Oxunuş sayı: 834