Qrenlandiya üzrə mümkün hərbi anlaşmanın detalları AÇIQLANIB
ABŞ, Danimarka və NATO arasında Qrenlandiya ilə bağlı mümkün hərbi anlaşmanın ilkin detalları ortaya çıxıb.
Crossmedia.az bu barədə "The New York Times" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər ABŞ-nin Qrenlandiya ərazisində hərbi mövcudluğunun genişləndirilməsi üçün çərçivə mexanizmini müzakirə edirlər. Bu çərçivə bazaların tikintisi və istismarı məqsədilə müəyyən ərazilər üzərində ABŞ-yə suverenlik hüquqlarının verilməsini də nəzərdə tutur.
Məlumatda bildirilir ki, ideya NATO-nun hazırkı baş katibi Mark Ruttenin təşəbbüsü kimi qiymətləndirilir və Böyük Britaniyanın Kiprdəki suveren hərbi bazaları modeli ilə müqayisə olunur.
Bu ssenariyə əsasən, ABŞ Qrenlandiyada baş qərargaha nəzarəti ələ alacaq, eyni zamanda adada bir neçə yeni hərbi baza inşa edəcək və həmin obyektlər üzərində tam suverenliyə malik olacaq. Razılaşma çərçivəsində ABŞ adanın təhlükəsizliyi ilə bağlı qərarlarda veto hüququ əldə edə, ABŞ hərbçilərinin və hərbi gəmilərinin Qrenlandiyadakı iştirakı isə əhəmiyyətli dərəcədə arta bilər.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi təsdiq hələlik yoxdur. Danışıqların detalları və mümkün nəticələri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
09:48 22.01.2026
Oxunuş sayı: 1486