BDU rektoru: Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasəti daha təşəbbüskar xarakter aldı
Yəni “Konstitusiya və Suverenlik ili” sadəcə rəmzi ad deyil, o, dövlət siyasətində prioritetləri müəyyənləşdirir, elmi, hüquqi, mədəni və ideoloji fəaliyyəti vahid istiqamətə yönəldir, cəmiyyət üçün normativ-dəyər çərçivəsi yaradır və bununla dövlətçilik fəlsəfəsinin hüquqi yekun mərhələsini ifadə edir.
Crossmedia.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev bu ali məktəbdə keçirilən "Böyük yolun davamı" adlı konfransda çıxışında deyib.
O bildirib ki, tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi yalnız Azərbaycanın əzəli torpaqlarının azad olunması ilə nəticələnməmiş, eyni zamanda dövlətin siyasi, iqtisadi və beynəlxalq mövqelərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur: "Bu qələbə, klassik hərbi zəfər anlayışından daha geniş məna daşıyaraq, milli dövlətçilik, suverenlik və regional liderlik kontekstində mühüm kompleks nəticələr doğurmuşdur. İqtisadi artım və postmünaqişə inkişaf modelindən bəhs edərkən xüsusi vurğulamalıyıq ki, müharibədən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı yeni inkişaf paradiqmasına daxil olmuşdur. Azad edilmiş ərazilərin ölkənin iqtisadi xəritəsində yeni inkişaf zonaları kimi formalaşdırılmasına başlanılmışdır.
“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən bərpa və quruculuq layihələri təkcə sosial-humanitar məqsədlərə deyil, eyni zamanda uzunmüddətli iqtisadi səmərəliliyə yönəlmişdir.
Zəngəzur dəhlizi ideyasının gündəmə gəlməsi isə ölkənin regional və qlobal nəqliyyat-ticarət marşrutlarında önəmli mərkəzə çevrilmək perspektivini əhəmiyyətli dərəcədə artıran strateji layihə kimi çıxış edir".
Rektor söyləyib ki, ötən dövrdə Azərbaycanın xarici siyasət meydanında mövqeləri daha da möhkəmləndi və ölkəmiz Cənubi Qafqaz regionunda şəriksiz söz sahibi oldu: "44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasəti daha təşəbbüskar və nəticəyönlü xarakter almağa başladı. Dövlətimiz beynəlxalq hüququn əsas prinsiplərinə – xüsusilə ərazi bütövlüyü və suverenlik prinsipinə əsaslanan mövqeyini yalnız hərbi müstəvidə deyil, diplomatik platformalarda da ardıcıl şəkildə təsdiqlədi.
Xüsusi vurğulamalı olduğumuz məqamlardan biri də Azərbaycanın beynəlxalq imicinin dəyişməsidir, gücdən legitimliyə doğru əzmli və qətiyyətli addım atılmasıdır".
12:58 22.12.2025
Oxunuş sayı: 1510