Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri dəyirmi masada iştirak ediblər
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan beynəlxalq sülh və rifahı hədəfləyən “Trump Route for International Peace and Prosperity” (TRIPP) təşəbbüsünə həsr olunmuş dəyirmi masada iştirak ediblər. Bu barədə Amerika-Azərbaycan Ticarət Palatası (USACC) məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, USACC tərəfindən təşkil olunan tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, eləcə də ABŞ hökumətinin yüksəkvəzifəli nümayəndələri və biznes dairələrinin təmsilçiləri də iştirak ediblər.
Görüş zamanı TRIPP təşəbbüsünün regional əlaqələndirmənin gücləndirilməsində və ABŞ-ın Orta Dəhliz boyunca dayanıqlı iqtisadi mövcudluğunun təmin olunmasında rolu müzakirə edilib.
ABŞ Dövlət Departamentinin İdarə Direktoru və sülh missiyaları üzrə xüsusi nümayəndəsi Vinay Çavla bildirib ki, ABŞ administrasiyasının vasitəçiliyi ilə avqust ayında əldə olunan Azərbaycan-Ermənistan sülh razılaşması tarixi dönüş nöqtəsi olub:
“TRIPP bu sülhü möhkəmləndirməyin yoludur - tranzit marşrutunu ümumi rifahın hərəkətverici qüvvəsinə çevirməklə,” - deyə o vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim isə avqust ayında Vaşinqtonda keçirilən liderlər sammitinin regional sülh prosesinin irəlilədilməsində mühüm rol oynadığını qeyd edib:
“Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini təşviq edir, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə güclü tərəfdaşlıqlar qurub. TRIPP layihəsinin Orta Dəhlizin əsas komponenti kimi uğurla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır,” - deyə səfir bildirib.
Ermənistanın ABŞ-dakı səfiri də ABŞ-ın bu təşəbbüsdə fəal iştirakının Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalar yaradacağını vurğulayıb:
“Azərbaycanlı həmkarlarımızla konstruktiv dialoqu alqışlayıram. Müzakirələrin konkret inkişaf layihələrinə keçməsi real iqtisadi və sosial nəticələr əldə etmək baxımından vacibdir,” - deyə diplomat qeyd edib.
Sevinc Yarməmmədova
12:35 22.12.2025
Oxunuş sayı: 1296