Finlandiya prezidenti: Azərbaycan və Ermənistan arasında sülh əvvəllər real görünmürdü
Finlandiya prezidenti Aleksandr Stubb Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyü ilə bağlı əvvəl şübhələrinin olduğunu bildirib. O qeyd edib ki, ilin əvvəlində bu cür ssenarilərin reallaşacağına inanmaq çətin idi.
Crossmedia.az xəbər verir ki,prezidentin sözlərinə görə, əgər kimsə ona ilin əvvəlində Qəzza zolağında atəşkəsin əldə olunacağını, Ukraynada atəşkəs və mümkün sülh razılaşmasının gündəmə gələcəyini, eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olunacağını desəydi, bunu çox da inandırıcı hesab etməzdi.
Aleksandr Stubb vurğulayıb ki, beynəlxalq proseslər bəzən gözlənilməz şəkildə inkişaf edir və uzun müddət mümkünsüz görünən razılaşmalar belə zamanla reallığa çevrilə bilər. Onun fikrincə, hazırkı geosiyasi şəraitdə diplomatik səylərin artırılması və dialoqun davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, son dövrlər Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında müzakirələr intensivləşib və beynəlxalq ictimaiyyət regionda davamlı sülhün əldə olunmasını diqqətlə izləyir.
Nastya Qəniyeva
21:06 16.12.2025
Oxunuş sayı: 867