YENİ GÜC MƏRKƏZİ YARANIR: Azərbaycan, Pakistan, Özbəkistan hərbi birliyi qurulur
Azərbaycanın Pakistan və Özbəkistanla da müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edən sazişlər imzalaması təklif olunur. Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.
Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a Azərbaycanın Pakistan və Özbəkistanla müdafiə sahəsində əməkdaşlığı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan, Pakistan və Özbəkistan arasında bir neçə platformada, o cümlədən həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Türkiyə–Pakistan–Azərbaycan formatında geniş sahələri əhatə edən sazişlər və bəyannamələr imzalanıb. Bu çərçivədə beynəlxalq təhlükəsizliyin təmin edilməsi məsələsində təbii ki, belə bir əməkdaşlığa ehtiyac var idi. Azərbaycan həm Asiya ölkələri, həm də Avropa ölkələri ilə bu istiqamətdə geniş əməkdaşlıq həyata keçirir. Özbəkistan, Pakistan və Azərbaycan birgə istehsal əsasında hərbi müdafiə sənayesi məhsullarının istehsalı üçün sahələr yaratmaq potensialına malikdirlər. Böyük ehtimalla bu əməkdaşlıq həm təhlükəsizlik, həm müdafiə, həm də hərbi-texniki sahələri əhatə edir və hər üç strateji tərəfdaş ölkənin ortaq maraqlarına uyğundur.
Azərbaycan müxtəlif platformalarda adıçəkilən sahələr üzrə bir sıra ölkələrlə, o cümlədən Avropa, Asiya, hətta regiondan kənar dövlətlərlə də əməkdaşlıq edir. Bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyindən, yalnız və yalnız təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir. Məhz buna görə də bu sahədəki əməkdaşlıq heç bir üçüncü ölkənin əks reaksiyasına səbəb olmur.
Fatimə Nəzərli
16:08 16.12.2025
Oxunuş sayı: 1132