Taksi sürücüləri üçün keçirilən imtahanlar nə qədər effektivdir? - RƏYLƏR
Dekabrın 2-də Bakı, Gəncə və Bərdə şəhərlərində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanda iştirak etmək üçün 1708 namizəd qeydiyyatdan keçmiş, onlardan 1598-i iştirak etmişdir. İmtahan nəticələrinə əsasən, 1309 namizəd uğur qazanaraq tələb olunan şərtləri yerinə yetirmişdir. Bu tədbir, taksi sürücülərinin peşəkarlıq səviyyəsinin artırılması və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır.

Mövzu barədə Crossmedia.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, bu imtahanlarda olan suallar əsasən məntiq əsaslıdır: "Yəni belə çıxır ki, sürücülər daha məntiqlidir, ona görə uğur qazanırlar imtahanlarda. Amma ümumi götürəndə, bu, hazırkı sertifikasiya, cəlb olunma və peşə hazırlıq məsələlərində xidmət səviyyəsinin yüksəlməsinə ciddi təsir etməyəcək. Burada sürücülərə lazım olan əsas məqam peşəkarlıqdır ki, təlimlər keçirilsin. Təlimdə isə sürücülük bacarıqlarının yoxlanması üçün heç bir tədbir görülmür".
Ekspert əlavə edib ki, taksi sürücülərinin əsas məqsədi gəlir əldə etməkdir, amma ölkədə onların gəlirləri günü-gündən azalır: "Yollarda sürücülər saatlarla avtomobildə sükan arxasında qalır. Məsələn, səhər tezdən taksi sifariş verirsən, sürücü yatır; gecə-gündüz sükan arxasında olduğu üçün sərnişin bəzən özü sürməli olur. Taksilərin avtomobil parkı yeniləndi, bu yaxşı haldır, amma sürücülər şirkətlər tərəfindən demək olar ki, qul kimi işlədilir. Həm avtomobilləri icarəyə götürürlər, həm də faizləri çox yüksəkdir. Bu imtahanlar formal xarakter daşıyır və sürücülərə əsl xeyri yoxdur. Birinci, sürücülərin gəliri artırılmalıdır. İkinci, yoxlamalar ciddi aparılmalıdır. Məsələn, həkimlər yoxlamadan keçir, sürücülər isə yalnız yollarda test edilir. Qaydalarda boşluqlar var, narkotik təsiri altında olan sürücülər olur. İnsanlar öz uşaqlarını, ailəsini taksiyə etibar edə bilmir. Bu imtahanlar sürücülərin peşəkarlığını artırmaq baxımından heç bir müsbət təsir yaratmayacaq. Əsas problem şirkətlərin sürücüləri gecə-gündüz işlətməsi və gəlirin şirkətlərə qalmasıdır".
Ekspert qeyd edib ki, aidiyyəti qurumların bu məsələyə ciddi yanaşması vacibdir: "İmtahana cəlb olunmaq formal xarakter daşıyır, sürücüyə xərclər gətirir – üç-dörd yüz manat, təlimlər isə təxminən 100 manatdır. Sonra sertifikasiya sənədləşməsi də əlavə xərclər yaradır. Nəticədə bütün bu proses sürücüyə ziyan verir, xeyri yoxdur".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, taksi sürücüləri üçün keçirilmiş test imtahanında 82%-lik nəticə ilkin baxışda yüksək görünə bilər, lakin bu rəqəm hazırlıq kurslarının real effektivliyini, sürücülərin davranışına təsirini və peşə kompetensiyalarının davamlılığını ayrıca təhlil etməyi tələb edir.
K.Əsədov qeyd edib ki, nəzəri testin uğurla verilməsi sürücülərin yol şəraitində təhlükəsizlik davranışını formalaşdırdığı anlamına gəlmir və nəticənin arxasında həm müsbət tərəflər, həm də struktur çatışmazlıqları dayanır.
Ekspertin sözlərinə görə, Azərbaycanda gündə 400 mindən artıq vətəndaş taksi xidmətlərindən istifadə edir və sərnişindaşımada təhlükəsizlik riskləri ildən-ilə artır: "Dövlət Yol Polisi məlumatlarına görə, son 3 ildə qəzaların təxminən 9–11%-i taksi fəaliyyəti ilə bağlı olub. Bu statistika göstərir ki, sürücülərin nəzəri bilikləri vacib olsa da, real təhlükəsizlik davranışının formalaşdırılması üçün əlavə mexanizmlər lazımdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsi sərnişin daşınmasında təhlükəsizlik prinsiplərinin ciddi şəkildə gözlənilməsini tələb edir və sürücünün hazırlığının həm nəzəri, həm də praktiki aspektlərini əhatə etməli olduğunu göstərir. Hazırlıq kurslarının müsbət tərəfi ondan ibarətdir ki, sürücülərin nəzəri biliklərini sistemləşdirir, imtahan üçün vahid standart yaradır və sürücülük fəaliyyətinin hüquqi tərəflərini daha aydın mənimsəməyə imkan verir. Elm və Təhsil Nazirliyinin təlimlərin standartlaşdırılması, proqramların vahidləşdirilməsi və qiymətləndirmə modelinin şəffaflaşdırılması istiqamətində atdığı addımlar peşə təhsilinin keyfiyyətini artırır. Lakin kursların böyük hissəsi hələ də nəzəri dərslərə əsaslandığı üçün praktik situasiyalara, sürücünün davranış psixologiyasına, stres altında qərarverməyə və real şəhər şəraitinin simulyasiyasına kifayət qədər yer verilmir".
Müsahibimiz dünya təcrübəsinə də diqqət çəkib: “London, Berlin, Sidney və Seul kimi şəhərlərdə taksi sürücüləri yalnız test deyil, həm də davranış yönümlü praktiki hazırlıqdan keçir. Məsələn, Londonun ‘Knowledge Test’ imtahanında sürücülər küçə adlarını əzbərləməklə yanaşı, sərnişinlə ünsiyyət, təhlükəli situasiyalara reaksiya bacarıqları üzrə qiymətləndirilir. Seulda isə psixoloji davamlılıq və stres testi məcburidir və nəticələr göstərir ki, bu testdən keçən sürücülərdə qəza ehtimalı 18% azalır. Azərbaycanın imtahan modeli müasir və şəffaf olsa da, praktiki və davranış yönümlü komponentlər hələ zəifdir. Kursların yalnız imtahana hazırlayan forma yox, peşəkar sürücü davranışını formalaşdıran modelə çevrilməsi vacibdir. Belə dəyişikliklər sürücülərin yol təhlükəsizliyi qaydalarını praktikada daha yaxşı mənimsəməsinə, sərnişin mədəniyyəti və etik davranış vərdişlərini sistemli şəkildə qazanmasına imkan yaradacaq. 82%-lik nəticə hazırlıq kurslarının müəyyən səviyyədə effektiv işlədiyini göstərir, lakin sistemin daha yüksək keyfiyyət mərhələsinə keçməsi üçün praktiki hissə genişləndirilməlidir. Nazirliyin standartlaşma və şəffaf qiymətləndirmə istiqamətində atdığı addımlar baza yaradıb və gələcək inkişaf üçün real potensial formalaşdırıb. Bu baza üzərinə sürücülərin davranış, psixoloji davamlılıq, şəhər mühiti biliyi və təhlükə situasiyasına reaksiya bacarıqları ilə bağlı modullar əlavə edildikdə imtahan nəticələri ilə real fəaliyyət arasındakı fərq azalacaq və sərnişin təhlükəsizliyi daha səmərəli təmin olunacaq".
Mehriban Yariyeva
12:16 05.12.2025
Oxunuş sayı: 1732