Təbii qazın ixrac coğrafiyasının genişlənməsi Azərbaycanın enerji diplomatiyasının gücləndiyini göstərir - DEPUTAT

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 18,3 milyard kubmetr təbii qaz ixrac edib. Hesabat dövründə ixracın 9,4 milyard kubmetri Avropa ölkələrinə yönəlib ki, bu da ümumi qaz satışında mühüm pay təşkil edir. Qalan həcmlər əsasən Türkiyə və Gürcüstana nəql olunub. Azərbaycanın qaz ixracında Avropanın payının artması ölkənin enerji bazarlarında mövqeyini daha da gücləndirir. Bu, həm iqtisadi gəlirlərin artmasına, həm də Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətinin yüksəlməsinə səbəb olur. Enerji sahəsində sabit ixrac marşrutlarının qorunması gələcək üçün mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Nigar Məmmədova Azərbaycanın Avropanın enerji təminatında oynadığı rol barədə Crossmedia.az-a danışıb:
O, Azərbaycanın uzun illərdir Avropanın enerji təhlükəsizliyində vacib rol oynamasını və 14 ölkəyə təbii qaz ixrac etdiyini vurğulayıb: "Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Ölkəmizin siyasi və iqtisadi iradəsi sayəsində reallaşan qlobal layihələr qitələrin enerji xəritəsini dəyişməkdədir. Bu reallıqlar fonunda Azərbaycan qazının diversifikasiya imkanları da genişlənir. Təsadüfi deyil ki, son bir ildə əlavə 5 ölkə də Azərbaycan qazının alıcısına çevrilib. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir. Bu siyahı gələcəkdə daha da genişlənə bilər. Dövlət başçımızın da söylədiyi kimi, bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Azərbaycan həm də geniş yaşıl gündəliyin müəllifidir. 2030-cu ilə qədər hədəf – 6 giqavat günəş və külək enerjisinin təmin olunmasıdır. İşğaldan azad olunmuş ərazilərin potensialını da nəzərə alsaq, Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında yaşıl enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir. Dövlət başçımızın da söylədiyi kimi, xüsusilə Xəzər dənizinin dibi ilə çəkiləcək elektrik ötürücü xətlər vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerji ixracı planlaşdırılır. Bu layihələr həm Azərbaycan iqtisadiyyatı, həm də Avropanın enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır".
Parlamentari söyləyib ki, Azərbaycanın öz potensialını real imkanlara çevirməsi, etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş olması ölkəmizə olan marağı artırır: "Bu səbəbdən Avropa İttifaqı rəsmiləri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Bir məsələni xüsusi qeyd etmək istərdim – artıq Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir. Türkiyə ərazisi vasitəsilə Suriyaya nəql edilən Azərbaycan təbii qazı sayəsində milyonlarla insanın ehtiyacını təmin etmək mümkün olub. Beləliklə, ixrac coğrafiyasının genişlənməsi Azərbaycanın nüfuzunun və enerji diplomatiyasının gücləndiyini göstərir".
Ülvi Zahidov
12:11 16.10.2025
Oxunuş sayı: 4658