Kimsə hesab etməsin ki, tutduğu vəzifə onun qanunazidd hərəkətlərini ört-basdır edəcək - Deputat

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunması Azərbaycan dövlətçiliyi və hüquq sistemi üçün ciddi hadisədir. Hadisə bir daha göstərir ki, vəzifə və tutduğu mövqe nə qədər yüksək olursa olsun, heç kəs qanunlardan üstün deyil və dövlətə qarşı fəaliyyətin qarşısı qətiyyətlə alınır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat Azərbaycanın güclü hüquq sisteminin mövcudluğunu və dövlətin maraqlarının qorunmasını nümayiş etdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə təəssüff edib ki, yüksək dövlət vəzifəsi tutmuş, Prezidentin etimad göstərdiyi bir şəxs bu gün dövlətçiliyə qarşı ağır maddələrlə ittiham olunur. Onun sözlərinə görə, ittihamları Dövlət Təhlükəsizlik Xidməti sürüb və bu qurum kifayət qədər ciddi, məsuliyyətli dövlət orqanıdır: “Əgər bu ittihamlar varsa, deməli bunlar uzun müddət işlənib, onların hamısının əsası var və dəlillər mövcuddur. Çox təəsüf ki, bəzi insanlar etimadı doğrultmaq əvəzinə başqa fikirlərə düşürlər və özlərini tamam başqa bir pozisiyada görürlər. Məhz belə situasiyalar tarixən Azərbaycan dövlətçiliyinə böyük ziyan vurub, Azərbaycanı başqa dövlətlərin təsir altına salıb. Biz müstəqilliyimizi ona görə bərpa etməmişik ki, yenidən köhnə tarixi təkrarlayaq. Biz güclü, həmişə dövlətçiliyi ayaq üstə olan, nüfuzlu bir müstəqil Azərbaycan dövlətinin qurucularıyıq. Ulu Öndər Heydər Əliyevin qoyduğu yolla gedirik".
Deputat qeyd edib ki, cənab Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın uğurları daima artır, problemlər həll olunur və ölkə dünya birliyində yüksək nüfuza malikdir: “Belə olan halda hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin vəzifəsi bu uğura dəstək verməkdir. Çox təəssüf ki, Prezident Administrasiyasının rəhbəri olmuş bir şəxs bu gün belə bir fəaliyyətlə məşğul olub, amma vaxtında aşkalanıb. Kimsə hesab eləməsin ki, tutduğu vəzifə onun qanuna zidd hərəkətlərini ört-basdır edəcək. Dövlət əleyhinə fəaliyyəti heç bir zaman aşkarlanmayacaq deyə düşünmək düzgün deyil. Mütləq belə hərəkətlər gec-tez ifşa olunur və DTX-nın vaxtaşırı dövlət əleyhinə fəaliyyət göstərən insanların, qrupların çox ciddi ifşalarının şahidi olmuşuq; bu da onlardan biridir".
Aydın Mirzəzadə vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və hər kəs etdiyi qanunazidd əmələ görə mütləq cavab verəcək: “Azərbaycan dövlətinin bütün məsələlər barəsində cəmiyyəti məlumatlandırması cəmiyyətin öz dövlətinə daha sıx bağlanmasına, ağı qaradan ayırd edə bilməsinə, dövlət müstəqilliyini möhkəmləndirənlərlə müstəqilliyə zərər vermək istəyənləri ayırd etməyə imkan verir".
Mehriban Yariyeva
21:10 15.10.2025
Oxunuş sayı: 3055