Ramiz Mehdiyevin belə bir addım atması həqiqətən də qəbuledilən və anlaşılan deyil - Deputat

Azərbaycanın siyasi tarixində gizli intriqalar, kölgə oyunları və hakimiyyət uğrunda səssiz mübarizələr çox olub. Lakin Ramiz Mehdiyevin adı bu proseslərdə xüsusi bir yer tutur. Onun illərlə dövlət idarəçiliyində formalaşdırdığı sistem, məmur təfəkkürünə hopmuş itaətkarlıq və siyasi manipulyasiyalar indi özünün ən təhlükəli mərhələsinə çatıb. Mehdiyevə yönələn dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamları təkcə bir şəxsin məsuliyyəti deyil, həm də illərlə qorunan köhnə siyasi “mədəniyyətin” ifşasıdır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Qeyd etmək lazımdır ki, hər bir şəxs öz peşəsindən, öz fəaliyyətindən, öz millətçilik prinsiplərindən dövlətə sədaqəti əsas prinsip və əsas meyar kimi götürməlidir. Yəni hər bir yüksək vəzifədə işləyən şəxsə Prezident tərəfindən etimad göstərilir və həmin şəxs çalışmalıdır ki, bu etimadı ən yüksək formada doğrultsun, onu yerinə yetirsin. Bu, hər bir dövlət məmurunun əsas vəzifələrindən biridir və bunun üçün hər kəsin çalışması və səy göstərməsi ehtiyac var. Ramiz Mehdiyev uzun illər ən yüksək dövlət vəzifələrində işləyib, həm Ulu öndərin vaxtında, həm də cənab Prezidentin vaxtında çox məsul vəzifələri icra edib. Ona görə hesab edirəm ki, kifayət qədər təcrübəsi olan, Ulu öndərlə birlikdə işləyən bir şəxs heç zaman dövlətə xəyanət etməməlidir. Eyni zamanda dövlət onun üçün hər cür şərait yaratmışdı, yəni ən ali adlarla, ən yüksək vəzifələrlə təmin olunmuşdu. Ona görə bu şəxsin belə bir addım atması həqiqətən də qəbuledilən deyil və anlaşılan deyil”.
Deputat qeyd edib ki, bu gün ölkəmiz həssas bir dövrdən, mərhələdən keçir: “Dövlətimizin qarşısında çox yüksək və mühüm vəzifə var və bu vəzifənin icrası üçün hər kəs cənab Prezidentin ətrafında birləşməlidir. Dövlətçiliyimizə, dövlətimizin güclənməsinə öz töhfəsini verməlidir. Bu mənada, belə bir hərəkət etməyin, dövlət marağını başqa maraqlara qurban verməyin heç bir izahı yoxdur. Ona görə hər kəsin bu prinsipi əsas götürməsinə və bu məsələyə əməl etməsinə ciddi ehtiyac var. Hər bir dövlət məmuru çalışmalıdır ki, cənab Prezidentin etimadını doğrultsun və fəaliyyətində bu prinsipləri qorusun. Bu prinsipləri qorumadan, bu prinsipləri təmin etmədən dövlət qurmaq qeyri-mümkündür. Xüsusilə qeyd etmək istəyirəm ki, insanlarımız bu məsələlərdə çox diqqətli, ehtiyatlı və məsuliyyətli olmalıdır və bu kimi məsələlərə daha həssas yanaşmalıdırlar. Ona görə bu məsələ bu gün dövlət tərəfindən araşdırılır və bu prosesdə iştirak edən hər kəs ciddi şəkildə cəzalandırılacaq. Onlarla bağlı dövlət tərəfindən ciddi addımlar atılacaq. Hər kəs bilməlidir ki, dövlətin qoyduğu qaydalara, normalara mütləq şəkildə əməl etməli və onları mütləq şəkildə gözləməlidir. Bu, hər kəsin birbaşa vəzifə borcudur”.
Mehriban Yariyeva
20:49 15.10.2025
Oxunuş sayı: 20817