Mələk - HEKAYƏ

Məlahət Hümmətqızı, Həkim - yazıçısı
- Mələəək, yubanma, tələsirik axı, tez gəl!
Yolu keçib daş piltələr döşənmiş səkinin kənarında ayaq saxlayıram. Hava istidir. Səmada qəribə görkəmli, əlvan bulud parçaları süzür. Yol kənarında seyrək halda bitən ağacların yarpaqlarının kölgələri tor kimi ötüb-keçənlərin üstünə düşüb titrəyir. Gülümsəyib səsə gələn tərəfə boylanıram. Əyninə qəhvəyi rəngli gözəl biçimli libas olan, qalın, qara saçları düz kürəyinə qədər uzanan xoş görkəmli, gənc qadın yolun ortasında dayanıb hoppana –hoppana asfaltın üstündə oynayan saçları yumru yanaqlarına buruq-buruq tökülən, qısa pəmbə ətəkli , dizlərinə çatan ağ corab geyinmiş, ağ ayaqqabılı dörd-beş yaşlarındakı dəcəl qızcığazı əsəbi səslə yanına çağırır. Ürəyimdə “yəqin qızıdır”,- deyə düşünürəm. Amma qızcığaz anasını saya salmır. Öz işində, öz ampulasındadır. Asfalta təbaşirlə çəkilmiş dairələrin içindən atlana-atlana keçir. Kənardan diqqətlə ona baxdığımı hiss edir, başı özünə qarışan qızcığaz ani olaraq anasını unudub, nəzərlərini mənə tuşlayır. Əvvəlcə sifəti ciddiləşir, sonra baxışları mülayimləşir, gülümsəyir. Gülümsəyəndə yanaqlarında çökəklər əmələ gəlir. Bu yanaqlar ona o qədər yaraşır ki, hətta gözəlliyini birə-beş artırır. Şirin baxışları məni məndən alır. Özümü saxlaya bilməyib biixtiyar gülümsəyirəm. Bu nə telepatiyadır, düşünürəm. Biz gözlərimizilə danışırıq. Sanki bir-birimizin nə demək istədiyini də anlayırıq.
–Sənin adın Mələkdi?
-Hə, bəs sənin? - gülümsəyir, yanaqları batır.
-Mənim də. Səni çox sevdim, balaca, sən nə şirin balasan?
Cavab olaraq gülümsəyir, bu dəfə gözləri də gülür, utanır, deməyə söz tapmır. İstəyirəm, elə indi yaxınlaşıb onun alma yanaqlarından öpəm, hətta dişləyəm. Elə bil ən doğma adamıma rast gəlmişəm. Ona baxa-baxa sehirlənmişəm. Nitqim quruyub. Kövrəlirəm. Atam da məni belə çağırardı. O, mənim adaşım idi. Adaşıma gözlərimlə gülümsəyib sağollaşıram. Yoluma davam edirəm. Hərdən çevrilib arxaya baxıram. Bir xeyli arxamca baxır. Xəyalım məni qanadlarına alıb uşaqlıq illərimə aparır.
Həyat təzadlarını öz ahənginə uyğun yaşadıqca, hər kəsdən fərqli olaraq mən iki adla yavaş-yavaş böyüdüm. Qonşular, qohumlar iki adla çağırıldığımı görüb məəttəl qalırdılar. Bilmirdilər mənə necə müraciət etsinlər. Atam məni bir adla, anam, qardaşlarım, nənəm başqa adla çağırırdı. Heç nəyin elə-belə yaranmadığını uşaq ağlımla yavaş-yavaş anlamağa başlamışdım. Adım bəzən üzümə baxıb heçnə olmamış kimi hər kəsin qarşısında məni gülüdürürdü, bəzən kədər mücəssəməsinə döndərib ağladırdı. Bəzən də ruhumun göylərdə pərvaz etdiyi bir vaxtda, inciməyə vaxt tapmadığı anda yadıma salıb, çiyinlərimə qonurdu, özünü xatırladırdı. Özünü mənə sevdirirdi. Mənimlə gizlənpaç oynayırdı. Tapmayanda isə qəfil bir kənardan çııxıb qışqırırdı: “Mələəəkk....”
Deyilənə görə, adın insan taleyində çox böyük rolu var. O, səninlə adımmlayır, səninlə gülür,səninlə ağlayır. Bəzən ürəyindən keçən və yaxud mübahisəli olan ad, sənə qoyulmayanda arxanca gəzir, səni istəyir. Özünü doğrultmağa çalışır. Necə ki, mənim qoyulmayan, amma mənə çox doğma olan, arxamca ömür boyu addım-addım gəzən ikinci adım kimi..
Nənəmin adı Mələkdir. Deyilənə görə, o qızlar bulağından su içib gözəlləşəndə elçilərinin sayı-hesabı olmayıb. Gözəlliyi barəsindəki təriflər, mədhlər kənddən kəndə, eldən-elə, obadan-obaya yayılıb. Kəndin cavanları onu görmək üçün səhərlər bulaq başına gələr, onun gözəlliyinə tamaşa edər, yanındakı qızlardan çəkinib yaxınlaşa bilməzmişlər. Mələyin gözəlliyi, kənd cavanları kimi, babam Məhəmmədin da ilk baxışdan ağlını başından alıb. Mələk uzun boylu, sürahi, uzun hörüklü, qara gözlü, ağ bənizli, alma yanaqlı bir qız olub. Hətta onun bir kişinin uğrunda ölə biləcəyi qədər gözəl olduğunu deyə bilərəm. Qüsursuz bədəni, yaraşıqlı əndamı, iri sinəsi onu yaşıdlarından daha böyük göstərib. Babam onun böyüməsini gözləməyib. On beş yaşında qaçırıb. Bir gün babam başqa kəndə -- qohumlarıgilə qonaq gedir. Qayıdarkən susuzlayır, enir bulaq başına. Orada danışıb-gülən,səhənglərinə su dolduran qızları görür, yaxınlaşır. Allah rizası üçün bir dolça su istəyir. Qızlardan biri səhəngindən dolçaya su tökür və ona uzadır. Dolçadan su içə-içə babam gözünün ucuyla qızları nəzərdən keçirir. Aralarında tayı-bərabər olmayan, su sonası - Mələk günəş kimi şəfəq saçaraq onun gözlərini qamaşdırır, su boğazında qalır, çeçəyir. Bir neçə dəfə öskürür, bir təhər udqunur. Bir söz deməyib qızlarla sağollaşır və atını dəhmərləyib oradan uzaqlaşır. Evə çatana qədər gördüyü qızın fikrini edir. Hiss edir ki, aşiq olub. Gecəni narahat keçirir. Ürəyi döyünür, yata bilmir. Səhər yuxudan durub əl-üzünü tələsik yuyur, ac-susuz ata minib həminki yerə qayıdır. Bir xeyli gözləyir. Uzaqdan bir dəstə qızın gəldiyini görür. Sevdiyi də onların arasındadır. Qızlar bulağa enib səhənglərini su ilə doldurur. Getmək istəyəndə babam yenə onlara yaxınlaşır. Atdan enir, ürəyi yandığını deyir, bir dolça su istəyir. Bu dəfə Mələk ona səhəngdən su süzüb verir. Babam onun incə əllərindən suyu götürüb içir və ağızdolusu təşəkkür edir. Beləcə babam hər səhər çeşmə başına gəlir və bu alagöz qızı axtarır. Rəfiqələrindən qızın adını, kimlərdən olduğunu öyrənir və gəlişini gözləyir. Handan-hana Mələyin çiynində səhəng bulaq başına gəldiyini görəndə ürəyi bərk-bərk vurur, özünü ələ alıb qızın üzünə gülümsəyir. Bir neçə gün qızın arxasınca gedib-gəldikdən sonra saqqızını oğurlaya bilir. Qızın razılığını alıb atın belinə mindirir, evlərinə gətirir və üç gün zirzəmidə saxlayır. Qorxur ki, arxasıycan qardaşları, atası gələr , qızı tapıb qaytarar, babamı da öldürərlər. Çünki qız imkanlı bəy nəsildən idi. Nənəmin atası ayrı kənddə sayılan, seçilən insan idi. Kəndin ağası, kəndxudası idi. Belə baxanda babam da kasıb olmayıb. Öz kəndlərində atasından qalma əkin-biçin torpaqları, bir xeyli heyvanı , qoyun-quzu sürüsü olub. Həyət-bacası, özünə görə evi-eşiyi də öz yerində. Amma babamın düşündüyünün əksinə olub, nənəmin arxasınca gələn olmayıb. Nənəmin atası onu ömürlük övladlıqdan silib. Öyrənəndə ki, qızı könüllü qoşulub qaçıb, daş atıb başını tutub. Deyib ki, o, mənim papağımı yerə soxub, daha mənim o adda qızım yoxdur. Ölənə qədər də dediyinin üstündə durub və qızını bağışlamayıb.
Nənəm valideynlərinin, bacı-qardaşının xiffətini çox çəkir. Babam onu çox sevdiyindən, üzüldüyünü istəmirmiş. Onun ağladığını görəndə çox pis olurmuş. Çalışırmış ki, fikrini dağıtsın, söhbətləri ilə başını qarışdırsın. Babam onu xoş rəftarına , qayğısına, mehribanlığına görə çox sevib. Bir gün belə yanından ayrılmayıb. Nənəmi əlini ağdan-qaraya vurmasına icazə verməyib. Köməkçi tutub, nənəmin şərəfinə köhnə evi söküb yeni iki mərtəbəli hündür, kürsülü ev tiikdirib. Deyilənə görə onların birgə yaşadıqları ilk illər o qədər xoşbəxt keçib ki, qonum-qonşu belə həsəd aparıb, özünün dediyi kimi nəfsə, gözə gəliblər. Beləcə bu xoşbəxt cütlüyün illər ərzində 11 övladı olub. Amma bu xoşbəxtlk uzun çəkməyib. Həyat yollarına misli görülməmiş fəlakətlər səpələnib. Nənəmin övladlarından yalnız üç oğlu sağ qalıb. Qalanları isə müxtəlif vaxtlarda, müxtəlif yaşlarda və müxtəlif səbəblərdən dünyasını dəyişiblər. Ağır müharibə illəri, aclıq, səfalət, xəstəlik, bəd nəzər nənəmi övladlarından ayırır. Nənəm onların arxasınca çoxlu göz yaşları axıdır. Övlad həsrəti ağırdır.Bir gün yaxın kəndlərin birində nənəm üç yaşlarındakı əkizləri ilə toyda iştirak edir. Bir qadın “Oyy, nə göyçək balalarınız var?!”, - deyib və içini çəkərək heyrətini bildirib. Hətta körpələri qucağında oynadıb, atıb-tutub da. Qadın gedəndən sonra uşaqların halı dəyişir. Nənəm nə edibsə, xeyri olmayır. Kəndin türkəçarəçi qadınlarından birini çağırlar, o da olanlardan baş açmayır. Elm və texnikanın inkişaf etmədiyi bir dövrdə nə edəcəkdilər ki, savadsız insanlardı. Çarələri yalnız bəd nəzərə inanmağa qalır. Evə gələndən sonra körpələrin hər ikisi dünyasını dəyişir. Bu faciə nənəmə çox pis təsir edir. Yatağa düşür. Uşaqlarının nədən öldüyünü belə anlamır. İllər keçir, əlində-ovcunda cəmi üç uşaq qalır. Sonradan bu üç uşaqdan biri – əsgər gedən 18 yaşlı Ənvər adlı əmim 1941-45 müharibəsindən geri qayıtmır. Ölüm xəbəri gəlməsə də, gənc yaşda itkin düşməsi nənəmin həyatını hüznə bələyir. Öləndə də son kəlməsi “Ənvər” olur.
Ənvər əmimin şəkli indi də evin divarından asılıb. Şəkildəki təsvirdə gənc, yaraşıqlı bir oğlan əks olunub; onun bir qədər qarayanız, uzunsov üzündə heç bir nöqsan gözə çarpmır. Nənəm dünyadan köçəndən sonra heç kim şəkli yerindən tərpətməyib. Bəlkə də əlləri gəlməyib. Nə vaxt kəndə getsəm, əmimin şəkli divardan mənə baxır. Nənəm kədər və yanğıyla Ənvərlə bağlı xatirələrini bölüşərdi. Onun uşaqlığından daha çox söz açardı. Sakit, fövqəladə ədəbli və tərbiyəli uşaq olmağından, dərslərini yaxşı oxumağınından, vətəni sevməyindən və bir igid, vətənpərvər, yaraşıqlı oğul böyütməyindən ağız dolusu danışar, ürəyinin ən dərin qatlarına kimi kövrələrdi: ”Gözəl, yaraşıqlı balam. Söz vermişdi özünü qoruyacaq, evə sağ-salamat qayıdacaq. Gözümü yolda qoyan balam. Nə özü, nə də meyidi qayıtmadı. Sinəmə dağ çəkdi”. Nənəm əmim haqqında xatirələr danışdıqca gözümün qarşısına səngər, sonu görünməyən sıx sıralarla addımlayıb keçən əsgərlər, gurultulu döyüş səhnələri gələrdi. Əmim əlində silah düşmənlə üz-üzə, göz -gözə döyüşürdü. Öz uşaq fantaziyalarımda onun yaralanmasını da təsəvvür edirdim, hospitala düşməyini də. Mehdi Hüseynzadə kimi onun düşmən obyektlərini, kinoteatrları partlatmasını xəyalımda canlandırır, döyüş yoldaşlarını mühasirədən çıxarmağını gözlərim önünə gətirirdim. Bütün bunları mən filmlərdə görmüşdüm. Mənim əmim xəyallarımda bir qəhrəman idi. Hərdən yuxularıma gəlirdi əsgər formasında bu yaraşıqlı, igid oğlan. Mənə baxıb gülümsəyərdi. Sonra isə itərdi. Mən onu çox çağırardım. Əmiiiii...Amma o, geri baxmadan irəliləyərdi.
Qan-tər içində oyanardım yuxudan. Mənə elə gəlirdi ki, mən əmimi görmüşəm. O, nə vaxtsa qayıdacaq. O sağdır. O bir gün gələcək. Və nənəmin üzü gülücək.
-Nənə, mən əmimi yuxuda gördüm.
-Necə gördün, gözəl balam, sən ki onu tanımırsan. Heç vaxt görməmisən. - Nənəm cavab verdi və onun səsi titrədi.
-Şəkildə görmüşəm. Yuxumda əsgər paltarında idi. Mənə gülümsəyiridi. Dedi ki, anama de, darıxmasın, biz onunla hökmən görüşəcəyik.
Son sözlərimi özümdən uydurmuşdum. İstəmişdim nənəm onun sağ olduğuna inansın. Amma hiss etmişdim ki, yalan danışmağım nənəmi kövrəldib. O:
-Əlbəttə görüşəcəyik, mənim balam. Biz onunla mütləq görüşəyik. Mələklər çiynimdədir. Bir gün məni ona hökmən aparacaqlar. Biz qovuşacayıq. - deyib iiçini çəkə-çəkə ağalamışdı.
Bu an onun gözlərində elə bir kədər görünmüşdü ki, bu kədərlə dünyanın bütün məxluqatını təsirləndirmək mümkün olardı. Mən onda çox pis olmuşdum. Mənə elə gəlmişdi ki, nənəmin ürəyini yaralamışam. O məni yalan danışdığıma görə bağışlamayacaq. Amma mələk qəlbli nənəm məni bağışlamışdı...
Mələk nənəm təkliyə çəkilib balasının şəkli qarşısında tez-tez ağlayırdı. Nəcib, kövrək barmaqları ilə şəkli oxşayırdı. Valideynlərinin xeyir-duası olmadan ailə qurduğuna görə başına bu qədər müsibətlərin gəldiyini söyləyir, bütün günahları aclıq, səfalət, yoxsulluq, xəstəlik və balalarını bir-bir əlindən alan müharibədə deyil, özündə, məhz özündə görürdü. “Kaş Məhəmməd məni qaçırtmayaydı, atamdan istəyərdi. Atam məni ölənə kimi bağışlamadı. Qapımı üzümə açmadı. İncik, küsülü köçdü bu dünyadan. Elə bil valideynlərimin qarğışına tuş gəldim. Yoxsa bu müsibətləri yaşamazdım”- deyirdi.
Mən dörd oğlandan sonra günəşli yay fəslində dünyaya gəlmişəm. Deyilənə görə həmin gün istidən bayıra çıxmaq müşkül olub. Amma anamın sancıları tutduğu üçün atam onu xəstəxanaya aparmağa məcbur olub. Xəstəxanalar dolu olduğundan, anamı son anda çətinliklə də olsa doğum evinə yerləşdirə bilib və mən dünyaya gəlmişəm. Evdə qız uşağı olmadığından, atamın sevincinin həddi-hüdudu olmayıb. Ürəyindəki arzusunu həyata keçirmək istəyib. Atam anasının adını mənə qoymaq istəyib. Nənəm qəti etiraz edib, daş atıb başını tutub. Olmaz ki, olmaz! Vəssalam. Adın düşər-düşməzi var deyib. Amma atam çox sevirmiş anasını. Ona çox bağlı olub, onunla nəfəs alırmış. Hətta məni doğum evindən evimizə gətirəndə gizlincə qulağıma üç dəfə “Mələk” deyə pıçıldayıb. Nənəmə “Sən razı olmasan da, mən onu Mələk çağıracam” deyib. Nənəmə çox bənzərliyim olub. Sanki bir alma tək yarıya bölünmüşük. Nənəm bələyin örtüyünü açıb üzümə baxanda hətta məəttəl qalıb, məndən hədsiz vəcdə gəlib, dili, dodağı quruyub, içini çəkib: ”Bu ki mənim özüməm!”-d eyib, amma yenə inadından əl çəkməyib.”Evdə bir mələk olar, ikinci olmaz. Olsa, o şeytan olar. Nə qoyursuz qoyun, bircə mənim adımı qoymayın!” Doğrudan da, nənəmin dediyi kimi, evə ağ mələk yox, zır-zır ağlayan, hər kəsin baş-beynini aparan, böyüdükcə bir dəqiqə belə sakit durmayan, hər yeri dağıdan, dəcəl şeytan balası gəlmişdi. Divanda hoppanıb-düşür, evdə səs-küy salır, hər kəsin səbrini daşdırırdı. Hər kəs bu qızın əlindən dilini-dodağını çeynəyirdi. Alahın bəlası idi, dünyaya evdəkiləri çərlətməyə gəlmişdi. Sanki dünyaya ağ mələk deyil, qara mələk gəlmişdi.
Deyilənə görə, mən doğulanda həkimin üzünə gülümsəmişəm. Həkim:
- Bu nə gözəl baladı, üzümə gülür. Sanki bir mələkdi. Bu qızın adını Mələk qoyun, çox gözəldi, ad üzünə yaraşır. - deyib.
- Nənəsinin adı Mələkdir, amma öz adının qoyulmasına icazə vermir. – anam cavab verib.
Həkim:
- Bu adda etiraz ediləcək nə var ki? – deyib, təəccübünü gizlətməyib.
- Nə bilim, deyir, özüm xoş gün görməmişəm, istəmirəm, nəvəm də mənim taleyimi yaşasın. Yaşlı adamdı, inanclıdı, doktor.
Mələk nənəmin inadı ucbatından uzun müddət adsız qalmışam. Axırda valideynlərim öz istəklərinin xilafına olsa da, mənim adımın üstündə dayanıblar. Böyüdükcə valideyinlərimdən gördüyüm tərbiyə, insanlıq, ədəb-ərkan, insanlara qarşı mehribanlıq, qayğı məni qoyulmayan adıma qovuşdurub. ”Mələk kimi insandır”,“Mələk simalı xanımdır” kimi deyilən sözlər məni hər zaman qoyulmayan adıma bir addım yaxınlaşdırıb.
Nənəmin özü kimi adını da çox sevmişəm. Hətta uşaq vaxtı bəlkə atama ən çox verdiyim suallardan birincisi bu olub: “Niyə adımı Mələk qoymadınız?” Küsürdüm, etiraz edirdim. Atamsa könlümü almaq üçün dəcəl mələyin üzümdən öpürdü: “Fikir eləmə. Sən böyüyəndə o sənə hökmən qayıdacaq, çiyinlərinə qonacaq. Sənin etdiyin gözəl əməllər, yaxşılıqlar onu sənə qaytaracaq, inan, hökmən qaytaracaq, adamlar səni sevəcək. Onlar səni “Mələk” çağıracaqlar. Sən axı mənim mələk balamsan”, - inamla söyləyirdi atam. Gülüb nazlanırdım. Məni mələk kimi ərköyün böyütdü atam. Bir çiynindən o birinə qondurdu. Qanadlarımı möhkəmlətdi. Uçmağı öyrətdi. İnsanlara qarşı mərhəmətli olmağı öyrətdi. Çətinə düşəndə yardım etməyi öyrətdi bu adsız mələyə. Qayğısına qaldı, əzizlədi, çox sevdi.
Atamdan sonra məni evdə heç kim Mələk çağırmadı. İyirmi iki yaşımda “Mələk”lə həmişəlik vidalaşdım. Elə bil atamla bərabər iki yaxınımı itirdim. Dostumu, adaşımı. Çiyinlərim boş qaldı. Uçub getdi sevimli mələyim. Çağırılmadıqca o da tərk etdi məni. İllər keçdikcə atam üçün, səslənməyən, çağırılmayan adım üçün darıxdım, xiffətini çəkdim. Daha məni heç kim bu adla çağırmayacağını anlayanda hər kəsdən, taleyimdən belə küsdüm. Yolda” Mələk” adını eşidən kimi dərhal dönüb baxdım. Elə bildim, məni çağırırlar. Hər dəfə də yanıldım. Kimsə öz qızını, bacısını, ya da sevgilisini səsləyirdi...
Xiffətim düz 2020-ci ilin yazınadək çəkdi. Həmin vaxt dünyanın üzərinə öz qara örtüyünü çəkən koronavirus ölkəmizdən də yan keçmədi. Mən könüllü bir həkim olaraq gözəgörünməz qorxunc düşmənlə vuruşmaq üçün ön cəbhəyə atıldım. Ağır günlər idi. İnsanlar bir-birini təhlükə mənbəyi olaraq görür, yaxınlaşmağa, ünsiyyət qurmağa olmazın ehtiyat edirdilər. Hər kəsin üzündə qorxu, həyəcan vardı. Xəstəxanalarda insan əlidən tərpənmək mümkün deyildi. Xəstələrə yardım edəndə, başlarının üstündə yuxusuz gecələr keçirəndə onlardan eşitdiyim dualar, minnətdarlıq sözləri məni mübarizəmi daha inamlı aparmağa, həyata daha möhkəm tutunmağa vadar edirdi. Yoluxmuş xəstələrin gözlərində qorxudan, həyəcandan başqa heçnə yox idi. Onların yeganə ümidləri biz həkimlər idik. Vahimə içərisində gözlərimə baxıb illərlə tamarzı qaldığım adımı üzümə deyrdilər. Möcüzə baş verirdi. Mən öz adımı eşidirdim. O mənə bir qəhrəman kimi qayıtmışdı. Məni insanlara sevdirirdi. Qulağım yeni sözlər eşidirdi. Qürurlanırdım. “Ağ libaslı mələk”, “Mələk qəlbli həkim” sözləri şüurumda isti izlər buraxır, məni yenidən xoşbəxt günlərimə qaytarırdı. Sevincimdən uçmağa bir cüt qanad axtarırdım. Mələk çiyinlərimə qonmuşdu.Atamın dedikləri düz çıxmışdı. Mələk mənə qayıtmışdı. O yanımdaydı. O mənimlə bərabər idi. Onu yenidən itirməkdən qorxurdum. Həm sevinir, həm də həyəcanlanırdım. Öldü var , döndü yodur, ondan möhkəm yapışacağam. Onu heç yerə buraxmayacağam. İlahi, üzümü görmədən, adımı bilmədən mənə “Mələk” deyə müraciət edirdilər. Adımı eşitdikcə özümü dünyanın ən bəxtəvər insanı hiss edirdim. Üzümdən xoşbəxtlik nuru yağır, özümü təzəcə anadan olmuş kimi gümrah hiss edirdim. Adım isə çiyinlərimdə oturub məndən əvəl gülümsəyir, özünü doğrultuğu üçün sevinirdi. Hardasa başımın üzərində atamın da, nənəmin də ruhunun gəzdiyini hiss edirdim. Hiss edirdim ki, onların ruhu şaddır. Məni hər kəs “mələk həkim” çağırdıqca, adımın Mələk olduğuna bir daha inanırdım. İnanırdım ki, onların da üzü gülür, sevinir. Nəhayət, adımı əbədiləşdirmək üçün bir kitab yazdım. Mələk həkimin yaşadığı, gördüyü hadisələri qələmə aldım. Adınısa “Ağ libaslı Mələk” qoydum. O gündən Mələk mənimlədir. Möhkəm dostlaşmışıq. Onu hər yerdə hiss edirəm. Çətinə düşəndə köməyimə gəlir. İçimdə, beynimdə, ürəyimdə ixtiyarsız yuva salıb. Artıq məni tərk etmir. Ruhun şad olsun, mələk üzlü nənəm. Adını doğrultdum.
Dünən nənəm həmişəki kimi yenə yuxuma gəlmişdi. Atam da, Ənvər əmim də yanındaydı. Bu dəfə hər üçü gülümsəyirdi...
12:40 21.07.2025
Oxunuş sayı: 4630