Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil - AÇIQLAMA

Milli Məclis Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələr müəyyənləşməsini ilk oxunuşda qəbul edib. Qanun xüsusilə xarici maliyyə mənbələri hesabına göstərilən xidmətlər və görülən işlərlə bağlı müqavilələrin qeydiyyata alınmaması və ya qeydiyyatsız fəaliyyət göstərilməsi hallarına qarşı sərt maliyyə sanksiyalarını əhatə edir.
Qeyd edək ki, bu addım, QHT sektorunda şəffaflığın artırılması və hüquqi tənzimləmələrin gücləndirilməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Crossmedia.az-a açıqlama verib.
U.Mirzəyev bildirib ki, Milli Məclisdə qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələrin müəyyənləşdirilməsi, ümumilikdə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha şəffaf və məsuliyyətli şəkildə təşkil olunmasına yönəlmiş bir addım kimi dəyərləndirilə bilər:
“QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq əvəzinə, bu cür normativ təşəbbüslər onların daha sistemli və etibarlı tərəfdaş kimi çıxış etməsinə şərait yarada bilər. Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil, məsuliyyətli fəaliyyətin təşviqinə yönəlmiş addımdır. Lakin bu, yalnız o halda mümkündür ki, tənzimləyici yanaşma inzibati cəza ilə məhdudlaşmasın, eyni zamanda maarifləndirmə, texniki dəstək və açıq dialoqla müşayiət olunsun. Son dövrlərdə Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla bağlı keçirdiyi birgə təlimlər bu baxımdan təqdirəlayiqdir.
Bu təşəbbüslər göstərir ki, dövlət strukturları QHT sektorunun hüquqi savadlılığının artırılmasına və mövcud tələblərin izahına önəm verir. Qanunların tələbləri nə qədər vacibdirsə, onların icrası prosesində qurulan kommunikasiyanın forması və keyfiyyəti də bir o qədər əhəmiyyətlidir. Bu dəyişikliklərin uğuru, dövlət və vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı etimada əsaslanan, şəffaf və davamlı dialoqun güclənməsi ilə birbaşa bağlı olacaqdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq biz bu prosesi vətəndaş cəmiyyətinin təhlükəsiz və davamlı inkişafına xidmət edən bir imkan kimi görür, qanunvericiliyə uyğun fəaliyyətin təşviqinə və institusional tərəfdaşlığın dərinləşməsinə töhfə verməyə daim hazır olduğumuzu bildiririk”.
Nəzrin Salmanova
19:15 24.06.2025
Oxunuş sayı: 2154