Psixoloq liderlərin davranışını təhlil etdi: Ərdoğan Makrona nəzarət etdiyini göstərdi

Albaniyanın paytaxtı Tiranada mayın 16-da, 6-cı Zirvə toplantısı keçirilib. Zirvə toplantısı müzakirə edilən məsələlərlə yanaşı, bir sıra maraqlı və diqqətçəkən hadisələrlə yadda qalıb. Ən yaddaqalan məqam isə Fransa Prezidenti Emmanuel Makron və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında “əlsıxma” anı olub. Hadisənin üzərindən bir neçə gün keçməsinə rəğmən bu məsələ hələdə müzakirə olunmaqdadır. Belə ki, görüş zamanı Makron Ərdoğanın əlini tutan zaman öz əlini onun əlinin üstünə qoyaraq üstünlük nümayiş etdirməyə çalışıb. Lakin Ərdoğan dərhal Makronun jestinə adekvat cavab verib. Bu an isə qarşılıqlı güc nümayişinə çevrilib. Nəticədə Makron əlini çəkmək istəsə də, Ərdoğan onun barmaqlarını tutub saxlayıb və bu mənzərə bir neçə saniyə davam edib. Sonda isə Makron əlini çəkərkən Ərdoğan əlini onun əlinin üstünə qoyub görüşü sonlandırıb. Qeyd edək ki, beynəlxalq ictimaiyyətdə Makronun reytinqi ciddi şəkildə aşağı düşüb.
Məlum olduğu kimi, iki ölkə arasında münasibətlər son illərdə bir sıra diplomatik gərginliklərlə müşayiət olunub. Bu gərginliklər əsasən Avropa Siyasi Birliyi ərçivəsində deyil, daha geniş geosiyasi və ideoloji fərqliliklər fonunda baş verib. Tərəflər arasında "əsən soyuq küləklərin" prezidentlərin son görüşləri zamanı bədən dillərinə təsiri barədə Crossmedia.az-a danışan BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Müşviq Mustafayev söyləyib ki, Makronun ilk jesti, əlini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlinin üstünə qoyması, nəzarət və ya dominantlıq niyyəti daşıya bilər: "Əl sıxma zamanı bir şəxs digərinin əlini yuxarıdan tutarsa, bu, simvolik olaraq “üstünlük” nümayişidir. Sonra Ərdoğanın, Makronun barmağını tutaraq buraxmaması, reaksiv dominantlıq, yəni öz üstünlüyünü bərpa etməyə yönəlmiş instinktiv və ya planlı davranış və nəzarət jesti sayılır. Barmağı tutaraq əli buraxmamaq qarşı tərəfi sözün əsl mənasında tutmaq mənası daşıyır. Bu hərəkət Makronun dominantlıq cəhdinə qarşı cavab psixoloji olaraq üstünlük əldə etmə cəhdidir. Bu hərəkətin ardından, Ərdoğanın əlini Makronun əlinin üstünə qoyması dominantlıq jestidir. Hər iki əlini işə salaraq fiziki olaraq qarşı tərəfi “örtmək”, bədən dili baxımından “mən buradayam və son söz məndədir” mesajını verir. Bu, bəzən patronaj, himayədar münasibət, bəzən isə açıq simvolik güc nümayişidir".
Psixoloqun sözılərinə görə, Makronun sonradan bu vəziyyəti alçaldılma kimi ifadə etməsi, onun bu bədən dili qarşılıqlı təsirini şəxsi və siyasi zərbə kimi qəbul etdiyini göstərir: "Diplomatik səviyyədə bu cür jestlər bəzən rəsmi bəyanatlardan daha çox təsir göstərə bilər. Psixoloji kontekstdən əl sıxma sadəcə salamlaşma deyil, həm də güc balansının vizual və fiziki təcəssümüdür. Əlin yuxarıda və ya aşağıda olması, dominantlıq və tabeçilik göstəricisidir. Əlavə əl təması- əlin üstünə əl qoymaq və s. empatiya və nəzarət mesajı verə bilər. Ərdoğanın davranışı daha çox nəzarətə yönəlikdir".
Selcan Məmmədova
19:57 20.05.2025
Oxunuş sayı: 743